İqtisadiyyat
KOBİA rəsmisi: “Geniş vergi güzəştlərini əhatə edəcək dəstək proqramı hazırlanıb” - MÜSAHİBƏ
Prezident İlham Əliyevin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək, dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamına uyğun olaraq, iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən, sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlar hazırlanıb.
Sahibkarlara dəstək tədbirləri barədə Oxu.Az-ın suallarını Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədr müavini Mehman Abbas cavablandırıb.
– Sahibkarlığa dövlət dəstəyinin göstərilməsi üçün İşçi Qrup tərəfindən hazırlanmış təkliflər barədə nə deyə bilərsiniz?
– Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan İşçi Qrup tərəfindən hazırlanmış təkliflər xüsusən sahibkarlığın inkişafına istiqamətlənib. Təkliflər kifayət qədər geniş və əhatəli dəstək proqramıdır.
İşçi Qrup qarşısında əsas iki istiqamətdə tapşırıqlar müəyyən olunub. Birinci istiqamət koronavirus pandemiyasının təsirinin müəyyən edilməsi, o cümlədən, bu təsirə məruz qalmış sahələrin müəyyənləşdirilməsi, ikinci istiqamət isə pandemiyanın təsirinə məruz qalmış iqtisadi sahələr və sahibkarlıq subyektlərinə müvafiq dövlət dəstəyi paketinin formalaşdırılmasıdır.
Birinci istiqamət üzrə İşçi Qrup tərəfindən dörd sektor – sənaye, ticarət, xidmət və nəqliyyat sahələri çərçivəsində 20 fəaliyyət istiqaməti müəyyən edilib.
Onlar üç kateqoriya baxımından nəzərdən keçirilib. Elə fəaliyyət istiqamətləri var ki, onlar ən çox təsirə məruz qalıblar, digərləri nisbətən az, amma əhəmiyyətli dərəcədə mənfi təsirə məruz qalıblar. Üçüncü kateqoriya isə minimum və ya təsirə məruz qalmayan fəaliyyət sahələridir.
Yuxarıda müəyyən edilmiş meyarların əsasında İşçi Qrupu tərəfindən 10 istiqamət üzrə dövlət dəstəyi proqramları hazırlanıb. Bunlar icrası həm iqtisadi, həm də sosial baxımından kifayət qədər əhəmiyyətli və əhatəli proqramlardır.
– Bu dəstək proqramları nə qədər sahibkarlıq subyektini və muzdlu işçini əhatə edir? Müəssisələrdə çalışan işçilərin əməkhaqqının müəyyən hissəsini dövlət qarşılayacaqmı?
– Proqramlarda müxtəlif istiqamətlər üzrə sahibkarlıq subyektlərinə dəstək nəzərdə tutulur. Belə ki, birinci dəstək proqramı 44 min sahibkarlıq subyekti daxilində 304 min muzdlu işçini əhatə edir. Bu isə qeyri-dövlət və qeyri-neft sektorunda çalışan muzdlu işçilərin təxminən 45 faizini əhatə edir. Bu proqram çərçivəsində həmin sahibkarlıq subyektlərinə dövlət tərəfindən onların aylıq əməkhaqqı fondunun 50 faizinin birbaşa maliyyə vəsaiti şəklində ayrılması təklif edilir. Bu, iş yerlərinin itirilməməsi baxımından, eləcə də, həmin sahibkarlıq subyektlərinin əsas xərc maddələrindən hesab edilən əməkhaqqı fonduna dövlət tərəfindən dəstəyin verilməsindən ibarət olacaq.
İkinci əhəmiyyətli dəstək proqramı mikro və fərdi sahibkarlığa dövlət tərəfindən ayrılacaq birbaşa maliyyə dəstəyidir ki, bu da təqribən 290 mindən artıq mikro və fərdi sahibkarı əhatə edəcək. İqtisadi fəaliyyətə tətbiq edilən məhdudiyyətlər, ilk növbədə, bu sektora təsir edib. Bu sektorun qorunub saxlanması üçün əhatəli dəstəyə ehtiyac var. Bu dəstək təmin edilərkən baza kimi mikro sahibkarların 2019-cu il ərzində vergi ödənişlərinə istinad ediləcək. Ödənişlərin və birbaşa yardımların edilməsi həmin bazaya əsaslanacaq.
Digər proqramlar biznesə vergi güzəştləri və imtiyazların olunmasını, yeni verilən bank kreditləri və mövcud kredit portfeli üzrə kredit-zəmanət dəstəyini, sosial paketi, ipoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyini, tələbələrin təhsil haqqı xərclərinin ödənilməsini, əhalinin elektrik enerjisinin istehlakı üzrə kommunal ödənişlərinə və sərnişindaşıma fəaliyyəti sahələrinə dəstəyin göstərilməsini nəzərdə tutur.
– Dövlət dəstək proqramlarının maliyyə həcmi barədə ilkin fikir söyləmək olarmı?
– Dəstək proqramlarının həyata keçirilməsi öncədən bu məqsədlə ayrılmış 1 milyard manatlıq vəsaitin çərçivəsi ilə məhdudlaşmır. Belə ki, hazırlanan təkliflər ümumilikdə 2,5 milyard manatlıq dəstək sistemini əhatə edir.
– Biznes kreditlərinə necə dəstək göstəriləcək?
– Biznes kreditlərinin dəstəklənməsi üçün iki əhəmiyyətli dəstək proqramı nəzərdə tutulur. Belə ki, bunlardan biri mövcud biznes kreditlərinin dəstəklənməsi proqramıdır. Bir milyard manata yaxın mövcud biznes kreditləri ilə bağlı dövlət tərəfindən nəzərdə tutulan dəstək mexanizmi ondan ibarətdir ki, müvafiq meyarlara cavab verən, əvvəlki dövrlərdə aldığı kreditlər üzrə vaxtında ödənişlərini yerinə yetirmiş biznes subyektləri biznes kreditlərinə görə, dövlət tərəfindən Sahibkarlığın İnkişafı Fondu vasitəsilə 10 faizlik subsidiya əldə etmiş olurlar.
Müvafiq meyarlara cavab verən biznes subyektinin banklarda 14 faizli mövcud biznes krediti varsa, həmin kreditin faizlərinin təmin edilməsində 10 faizi dövlət tərəfindən qarşılanacaq, yalnız dörd faizi isə biznes subyekti tərəfindən ödəniləcək. Nəzərə alsaq ki, hazırda ölkəmizdə biznes kreditlərinin orta həcmi 11-15 faiz arasında dəyişir, bu, subsidiya dəstəyi biznes subyektləri üçün böyük köməkdir və onların bu sahədə olan xərclərini əhəmiyyətli dərəcədə azaldacaq.
Burada qeyd edilən digər dəstək proqramı isə yeni biznes kreditləri ilə bağlıdır. Burada isə dövlət tərəfindən nəzərdə tutulan dəstək mexanizmi ondan ibarətdir ki, banklar tərəfindən yeni verilən biznes kreditlərinin 60 faizinə dövlət tərəfindən zəmanət veriləcək və onların faizlərinin yarısı dövlət büdcəsi hesabına subsidiyalaşdırılacaq. Belə kreditlərin maksimal illik faiz dərəcəsi 15 faizi keçməməlidir və müddəti isə üç ilə qədər olmalıdır.
– Regionlarda biznes krediti almaq istəyən sahibkar hansı problemlərlə qarşılaşır?
– KOBİA tərəfindən mütəmadi olaraq, Bakıda və regionlarda biznesin vəziyyəti monitorinq olunur və hazırlanmış hesabatlar aidiyyəti üzrə təqdim edilir. Apardığımız monitorinqlər göstərir ki, regionlarda biznes subyektlərinin qarşılaşdığı çətinliklərdən biri onların maliyyə resurslarına çıxışı ilə bağlıdır. Burada əsasən iki məsələ var: sahibkarın banka təqdim etdiyi kredit zəmanətlərinin kifayət etməməsi və faizlərin yüksək olması.
Bu baxımdan, yeni biznes kreditlərinin ayrılmasında dövlət tərəfindən təmin ediləcək dəstək bu iki problemi aradan qaldırmış olur. Belə ki, biznes krediti faizinin yarısının dövlət tərəfindən subsidiyalaşdırılması biznes subyektinin faiz yükünü azaltmış olur, eləcə də kredit zəmanətinin 60 faizinin dövlət tərəfindən təmin edilməsi sahibkarlar üçün kreditlərə əlçatanlığı artırır.
Məsələn, regionda 100 min manat həcmində biznes krediti götürülürsə, sahibkar bunun üçün zəmanəti tam təmin etmir. 60 min manat həcmində dövlət tərəfindən zəmanət təmin edilmiş olur. Sahibkarın bununla bağlı təmin edəcəyi zəmanət yalnız 40 min manatı əhatə etmiş olur. Bu baxımdan, həm faizlərin ödənilməsində, həm də zəmanətin təmin edilməsində sahibkarlar üçün əhəmiyyətli kömək olur.
– Proqramda tələbələrin təhsil haqlarının ödənilməsi və əhalini daha çox maraqlandıran kommunal xidmətlərə görə limitin artırılması ilə bağlı nələr nəzərdə tutulub?
– Əlbəttə, hazırda dövlət tərəfindən müəyyən edilmiş xüsusi karantin rejiminin təmin edilməsi istiqamətində əhalinin evdə olması ilə əlaqədar kommunal xərclər, xüsusilə də elektrik ödənişi xərcləri artır. Bununla əlaqədar, əhali qrupu üçün limitlərin artırılması nəzərdə tutulur. Digər istiqamət isə tələbələrin təhsil haqqının ödənilməsi ilə bağlıdır ki, bu da xüsusilə həssas qruplara aid olan ailələrin övladlarının təhsil haqlarının dövlət tərəfindən ödənilməsinə dəstək göstərilməsini əhatə edir.
– Bəs ipoteka kreditləri dəstəklənəcəkmi?
– Bəli, ipoteka kreditlərinin dəstəklənməsi genişləndiriləcək. Bu tədbirlər ikili xarakterə malikdir. Bir tərəfdən, sosial mənzillər vasitəsilə əhalinin sosial rifahının daha da yaxşılaşdırılması məqsədini daşısa da, digər tərəfdən, ölkədə tikinti biznesinin genişləndirilməsinə təkan vermiş olacaq ki, pandemiyadan sonrakı dövrdə tikinti sektoru iqtisadiyyatın yenidən sürətli inkişafı üçün aparıcı sahələrdən biri olacaq. Bu, sektorun əmək tutumlu olması, zəruri olan xammal və materialların ölkəmizdə istehsal olunması, eləcə də, tikinti sektorunun bir qayda olaraq, “multiplikativ” effektə malik olması ilə bağlıdır.
– Proqramlar həm də postpandemiya dövründə inkişafa hesablanıb...
– Tamamilə doğrudur. Hazırlanmış dəstək proqramlarını diqqətlə təhlil etsək, görərik ki, bu, artıq postpandemiya dövrünün iqtisadi artım konturlarını ortaya qoyur. Dəstək proqramları həm indiki qısamüddətli dövrü əhatə edən yanaşmaya malikdir, həm də gələcək dövr üçün, xüsusilə postpandemiya dövrü üçün dəstək elementlərini özündə ehtiva edir.
– Biznesə vergi güzəştləri və imtiyazlar veriləcəkmi?
– Bəli, bununla əlaqədar geniş vergi güzəştləri və imtiyazlarını əhatə edəcək dəstək proqramı hazırlanıb. Belə ki, vergi sahəsində hazırlanmış təkliflər pandemiya təsirinə məruz qalmış sahələrin qorunması və inkişafını əhatə etsə də, ümumilikdə digər iqtisadi sektorların da canlanmasına istiqamətlənmiş tədbirlərdir. Ümumiyyətlə, İqtisadiyyat üzrə İşçi qrupunun hazırladığı dəstək paketləri dövlət dəstəyinin bir hissəsidir. Digər mexanizmlər də hazırlanır və ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulur.
Daha çox xəbər:
İlham Əliyev 2 fərman imzaladı
Prezidentin çağırışına cavab olaraq Azərbaycan könüllüləri birləşdi
“Xəzər” televiziyası Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat köçürəcək - VİDEO
Prezident AzTV-yə sədr təyin etdi - SƏRƏNCAM
Siyavuş Novruzov: “İlham Əliyevin səhhətində heç bir problem yoxdur” – “Bu cür yalan məlumatları yayanlar düşmənlərdir”