İqtisadiyyat
11:52, 29 Temmuz 2020

İqtidarın kadr siyasətində üç mühüm prinsip - GƏLİŞMƏ

İqtidarın kadr siyasətində üç mühüm prinsip - GƏLİŞMƏ
Prezident İlham Əliyev gənclərdən ibarət komanda formalaşdırmağı davam etdirir. İndi hökumətdə milyonçu Fazil Məmmədov, Səlim Müslümov, Ziya Məmmədov, Eldar Mahmudov və sair kimiləri yoxdur.

Hakimiyyət və onun elitası dünyagörüşlü, korrupsiyaya bulaşmamış, modern təhsilli, reputasiyası kristal, adı qalmaqallarda keçməyən ixtisaslı kadrlardan təşəkkül tapır. 2018-ci ildən başlanmış “yuxarıdan inqilab” siyasəti öz yüksək tempi ilə davam etməkdədir və bəzilərinin “köhnə qvardiya”dan qopmaq kimi dəyərləndirdiyi prosesin əslində, sistemli, proqramlı bir layihə olduğu göz qabağındadır.

Yəni ölkə başçısı komandasını sadə həyat tərzi sürən, oliqarx olmayan, özünü təsdiqləmək istəyən, karyera yüksəlişinə varlanmaq gözü ilə yanaşmayan gənclərlə qurmaqdadır. Elə son olaraq, təhsil naziri təyin edilən Emin Əmrullayevi qeyd etmək olar. Onun sosial mediada yayılan videolarından görünür ki, mənzil şəraitindən tutmuş məişət həyatına qədər sıradan bir gənc kadrdır. Eyni sözləri xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, kənd təsərrüfatı naziri İnam Kərimov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev haqda da söyləmək olar.

Şübhəsiz ki, bu son deyil, Nazirlər Kabinetinin tərkibində, komitələrdə kadr dəyişiklikləri davam edəcək. Hələ reforma gözləyən mühüm sektorlar var. Dövlət başçısı isə kadr islahatlarını həyata keçirərkən ictimaiyyətin gözləmədiyi, təəccüblə qarşıladığı təmiz gəncləri qabağa çəkir. Hətta iqtidarın siyasi opponentləri arasında da bu təyinatları yüksək qiymətləndirənlər, gələcəyə ümidlə yanaşanları görmək olar.

Dövlət rəhbəri açıq şəkildə bildirir ki, vətəndaşları incidən, cibinə girən, haqqını yeyənlər sərt cəzalandırılacaq. Ona görə köhnə sistem qaydaları arxaikləşir, gənclərlə yeni səhifənin açılması istiqamətində mühüm addımlar atılır. Bundan sonra heç bir nazirin kapital yığımı, şirkətlər, holdinqlər, xaricdə malikanələr, restoranlar əldə etmək şansı olmayacaq.

2018-dən sonrakı siyasətdə Elmar Məmmədyarovlara, Hacıbala Abutalıbovlara, rüşvətxor icra başçısı - Vilyam Hacıyevlərə, Nizaməddin Quliyevlərə yer olmayacaq. Bəs bu dəyişikliklərin effektiv olacağını, gənclərin etimadı doğruldacağını, idarəetmə sistemində müasir yanaşmaların ortaya qoyulacağını gözləməyə dəyərmi?

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”ın sualını cavablandırarkən qeyd etdi ki, başqa yol yoxdur və dəyişikliklərin çoxdan vaxtı çatmışdı. Onun sözlərinə görə, islahatların nəticəsi onu həyata keçirənlərin görəcəyi işdən asılıdır: “Bu gün fərqli təhsil almış, müasir fikirli kadrların icra sisteminə cəlb olunması ölkənin müasir, müstəqil və demokratik inkişafı üçün atılan zəruri addımlardır. Mən hesab edirəm ki, bunun davamı gəlməlidir və icra sistemində nəsil dəyişkənliyinin zamanı çoxdan yetişmişdi”. A.Mollazadə prezidentin həyata keçirdiyi bu islahatları yüksək qiymətləndirir, dəstəkləyir və uğurlu olacağına inanır.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı isə “Yeni Müsavat”a bildirdi ki, ölkə prezidenti 2018-ci ildən həyata keçirdiyi kadr siyasətində gəncləşməyə, müstəqillik illərində formalaşan vətəndaşlara üstünlük verməyə başladı. F.Ağamalının sözlərinə görə, bu zaman kəsiyindən iki il ötür və nazir, komitə sədri səviyyəsinə qalxan, etimadı qazanan həmin gənc məmurlar prezidentin etimadını doğrultmaqdadırlar. Deputat hesab edir ki, gənc nazirlər, məmurlar haqda indiyə qədər xoşagəlməz fikirlərin səslənməməsi, mətbuatda onların qanundankənar hansısa əməli barədə məlumat getməməsi də etimadı doğrultmalarını təsdiqləyir. “Son olaraq xarici işlər naziri və təhsil naziri kimi mühüm, strateji postlara gənc məmurların təyin olunması göstərdi ki, onlar kifayət qədər yol keçiblər, üstün təcrübə qazanıblar, işlədikləri sahədə özlərini doğruldublar. Xüsusilə Emin Əmrullayevin önə çəkilməsini prezidentin kadr siyasətində gənclərə göstərdiyi diqqətin yeni ifadəsi kimi qiymətləndirmək lazımdır. Əminəm ki, Emin Əmrullayev etimadı doğruldacaq”, - deyə deputat vurğuladı.

F.Ağamalı hesab edir ki, təhsil olduqca ciddi, ağır sahədir, bu sektorda Mikayıl Cabbarovla başlayan islahatlar Ceyhun Bayramovla davam etdirilib: “İnanıram ki, Emin Əmrullayev də bu sahədə töhfə verəcək. Eyni zamanda, demək lazımdır ki, icra başçılarının təyinatında da gənclər önə çıxarılır. Bütün bunlar bizdə qürur hissi doğurur və əminlik yaradır ki, Azərbaycan dövləti etibarlı əllərdədir, yüksək vəzifələrə vətənpərvər, rüşvət və korrupsiyaya bulaşmayan kadrlar təyin olunur. İnanıram ki, bu ənənə davam edəcək”.
Digər xəbərlər: