İqtisadiyyat
12:38, 29 Ekim 2020

"Volkswagen"in mənfəəti altı dəfədən çox azalıb

"Volkswagen"in mənfəəti altı dəfədən çox azalıb
Bu ilin yanvar-sentyabr aylarında Avropanın ən böyük avtomobil konserni "Volkswagen Group"un vergidən sonrakı mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 dəfə azalaraq 1,73 mlrd. avro təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə şirkətin maliyyə hesabatında deyilir.

Hesabat dövründə əməliyyat mənfəəti illik müqayisədə 8 dəfə azalaraq 1,693 mlrd. avroya çatıb. Gəlirlər isə 16,7% azalaraq 155,5 mlrd. avroya bərabər olub.

Cari ilin III rübündə "Volkswagen"in vergidən sonrakı mənfəəti 31% azalaraq 2,75 mlrd. avroya düşüb. Əməliyyat mənfəəti 3,183 mlrd. avro təşkil edib ki, bu da illik ifadədə 30% azdır. Şirkətin rüblük gəlirlərin ötən ilin III rübü ilə müqayisədə 3,4% azalaraq 59,355 mlrd. avroya bərabər olub.

Bundan başqa, hesabatda qeyd olunub ki, şirkət III rübdə 2,575 mln. avtomobil satıb, bu da ötən ilin analoji rübü ilə müqayisədə 2,6% azdır. Cari ilin yanvar-sentyabr aylarında isə satışlar 21% azalaraq 6,311 mln. vahidə düşüb.

"COVID-19 pandemiyası 2020-ci ilin ilk doqquz ayında "Volkswagen Group"un biznesinə ciddi təsir edib", - şirkətin açıqlamasında deyilir.

"Volkswagen" şirkəti 2020-ci ildə yeni minik avtomobillərinə qlobal tələbatın 15-20% azalacağını proqnozlaşdırır. Şirkət həmçinin, Qərbi Avropada yeni minik avtomobillərinin qeydiyyatının əvvəlki ilə nisbətən təxminən 25% azalacağını gözləyir.

"Volkswagen Group" – Avropanın ən böyük avtomobil istehsalçısıdır. Şirkət "Volkswagen", "Audi", "Skoda", "Seat" kimi brendlərə sahibdir. Lüks avtomobillərin istehsalı üzrə şirkətin bölməsinə isə məşhur "Lamborghini", "Bentley" və "Bugatti" brendləri daxildir. Şirkət "Volkswagen Commercial Vehicles" bölməsi və "Scania" brendi vasitəsilə yük maşınlarının istehsalı ilə də məşğuldur.
Digər xəbərlər: