Mədəniyyət
13:16, 20 Eylül 2019

“Kitab almaq oxucu kütləsinin cibinə uyğun deyil”- Ekspertdən açıqlama

“Kitab almaq oxucu kütləsinin cibinə uyğun deyil”- Ekspertdən açıqlama
“Kitab almaq oxucu kütləsinin cibinə uyğun deyil. Kitab satılan yerə daxil olursan, xoşuna gələn, oxumaq istədiyin kitabı götürürsən və elə götürdüyün kimi də yerə qoyursan. Çünki qiyməti cibinə, büdcənə uyğun deyil. Uşaq kitabları isə daha çox bahadır”.
Bu barədə Bizimyil.info-ya təhsil üzrə ekspert Kamran Əsədov bildirib.

Ekspertin verdiyi məlumata görə, Azərbaycan yeganə ölkədir ki, kitablar üzərində əlavə dəyər vergisi (ƏDV) 18 faizdir: “Ölkəmizdə kitablar həqiqətən də çox bahadır. Amma cəmiyyətdə birmənalı olaraq bunu yalnız bir tərəfin- kitab satışı ilə məşğul olan şəxslərin, hansısa müəssisənin üzərinə atırlar. Bu isə heç də düz deyil. Kitabın qiymətinə təsir edən iqtisadi amillər incələnsə, mənzərə daha aydın olar, deyə düşünürəm. Tutaq ki, kağız ölkəmizə xaricdən gətirilirsə və gömrükdə rüsum ödəmələrindən başqa, hansısa "amil"lər də "iştirak edirsə", bu, nəşriyyatın xərclərinə təsirsiz ötüşmür. Nəşriyyatın digər zəruru xərcləri formalaşarkən dırnaqlı, dırnaqsız hansısa amillər qiymətləndirməyə təsir edir - bunu nəşriyyatçılar daha yaxşı bilər.

Gürcüstanda da ƏDV kitablar üzərindən götürülüb. Azərbaycan yeganə ölkədir ki, kitablar üzərində ƏDV 18 faizdir. Hətta Türkiyədə bu, 8 faiz idi, onu da götürdülər. Avropa ölkələrində də 7 faiz müəyyən olunub. Azərbaycanda hətta kitabların statistikası belə aparılmır. Bu kitaba münasibətin göstəricisidir. Bizdə kitablar həddin artıq bahadır. Belarusda kitab mağazalarından icarə haqqı belə alınmır. Çünki fikirləşirlər ki, kitab olmasa savadsızlıq baş alıb gedəcək”.

Ekspert Kamran Əsədov deyib ki, dünya təcrübəsinə əsasən kitabların baha olması onların qədim kitab olması ilə bağlıdır: “Bildiyimiz kimi, kitab çapı ilk dəfə Almaniyada 1445-ci ildə gerçəkləşib. İohan Quttenberq tərəfindən çap olunan “İncil”in bir səhifəsinə 79 847 dollara qiymət qoyulub. Dünyada bahalı kitablar var. Bu onların nəşr ilinə görə müəyyənləşir. Misal üçün “The Bay Psalm Book”a məxsus olan və ilk çapı 1640-cı ilə təsadüf edən həmin kitab Nyu Yorkda 30 milyon dollara satılıb.

Bundan başqa, komediya, tarix və faciəni özündə əks etdirən və 1623-cü ildə çap edilən Uilyam Şekspirin “On ikinci gecə” kitabı da ən baha satılan kitablar sırasındır. Kitab yazıçının ölümündən yeddi il sonra çap edilib. Hələ 2001-ci ildə 6000 dollara satılan həmin kitab bu il 8000 dollara satılıb.

Miqel de Servantesin “Don Kixot”u və Çançı Panzanı əfsanəvi fiqura çevirdiyi “Don Kixot” əsəri hələ 1989-cu ildə nə az, nə çox bir milyondan artıq qiymətə hərraca çıxarılıb”.

Ekspert deyib ki, ölkəmizdə satılan kitablar nəşr ili qədim olmasa belə, son 1-2-ilin kitabı olmasına baxmayaraq çox bahadır: “Amma əsas çatışmamazlığı xalq kitabxanalarının (public library) olmaması ilə əlaqələndirirəm. Onsuz da qiymətindən asılı olmayaraq, Bakıda satılan kitab mağazalarında çeşidlilik tapmaq çətindir”.
Digər xəbərlər: