Mədəniyyət
Nigar Bahadırqızı: Mən heç vaxt o aktyorun tamaşasına getmərəm. O, tərbiyəsizlik və söyüşü təbliğ edir – MÜSAHİBƏ
"Azərbaycanlı aktyorlar çox şansızdır”
Çoxları onu Gənc Tamaşaçılar teatrının səhnələrindən tanıyır. Bir çox filmlərdə əsas rollarda oynayıb. Daha sonra "Xoca” filmində yaratdığı baş rola görə yaddaşlarda qalıb. Anews.az-ın bu dəfəki müsahibi gənc və sevilən aktirisa Nigar Bahadırqızıdır.
- Sizi hamı aktrisa kimi tanıyır. Bəs bizim bilmədiyimiz Nigar əslində kimdir?
- Öncə məni müsahibəyə dəvət etdiyiniz üçün təşəkkür edirəm. Demək ki, az da olsa yaddaşlarda bir iz qoya bilmişəm. Tamaşaçıların tanımadığı Nigar haqqında isə onu deyə bilərəm ki, Nigar çox şıltaq, ərköyün və bir şeyi istədisə onu mütləq edəcək bir adamdır. Hətta deyərdim ki, həyatda bacarmadığım heçnə yoxdur. Bircə evdar xanım olmaq riski var idi. Onu da həyat yoldaşım məni görəndə dedi ki, sən çox gözəl ev xanımı olacaqsan.Dediyinə görə oldum. Maraqlı və həyat dolu bir insanam…
- Uzun zamandır Bakıya gəlmirsiz. Bu dəfə gəldiyinizdə Bakı haqqında düşüncələriniz necə oldu? Bakı illər keçdikcə Sizin üçün yadlaşırmı yoxsa elə hər şey qoyub getdiyiniz kimidir?
-Mən Bakılı qızıyam. Bakı həmişə mənim üçün fərqli bir şəhər olub. Uzaqlarda olsam belə Bakı haqqında bir mahnı eşidəndə ağlayıram. Hətta evdə belə Bakıya aid mahnılar dinləyirəm. Amma bu dəfə gəldiyimdə Bakı biraz fərqli idi. Sanki insanlar dəyişib. Mənə elə gəldi ki, heç kim gülmür. Hamının bir kədəri var. Əvvəllər Bakıya gələndə tam başqa bir mənzərə görürdüm. Bəlkə də mənim mühitim dəyişib deyə mənə elə gəldi. Tək bildiyim bir şey var ki, Bakı gözəl şəhərdir.
Həm də burdakı dostlarla münasibətim əvvəlki kimi qalmayıb. Hətta o gün Gənc Tamaşaçılar teatrının önündən keçdim, ağladım amma içəri girmək istəmədim. Düşünürəm ki, artıq nə ora, nə də Bakıya aid deyiləm.
- Tamaşaçılarınız üçün darıxırsınızmı? Nə zamansa mən artıq unuduluram kimi bir hissiniz oldumu?
- Mən artıq beş ildir ki, Bakıda teatr səhnələrindən uzaq düşmüşəm. Amma elə bir hissin olmağından qorxmadım. Mənim daimi tamaşaçılarım var idi. Hər səhnəyə çıxdığımda məni izləməyə gəlirdilər. Həmin tamaşaçılarım bu günə kimi məni axtarıb, yazırlar. Onlar həmişə teatrda tamaşalara gedəndə mənə mesajlar yazırlar ki, Nigar yerin görsənir. Kaş yenidən bu səhnədə oynayaydın. Məhz həmin tamaşaçılarımın sayəsində unudulduğumu hiss etmədim. Sənətə dəyər verən tamaşaçı aktyorunu heç zaman unutmaz məncə.
Onu da deyim ki, Azərbaycanda aktrisaların sayı o qədər çoxalıb ki.. Şou göstərənləri demirəm, sənət göstərən çox az aktryor və aktrisa qalıb. Sanki hər kəs şou göstərmək üçün səhnəyə gəlir. Burda aktrisa olmaq o qədər asan olub ki… Hər kəs özünə bir instaqram açmaqla altına model, aktrisa yazır və bir foto paylaşmaqla olur məşhur bir aktrisa. Amma biz zamanımızda aktrisa olmaq üçün çox çətin sınaqlardan keçdik.
- Təcrübənizdə türk serialında da rol almısız. Bəs bizə deyə bilərsizmi bizim və türk aktyorları arsındakı fərq varmı?
- Bizimlə türk aktyorlar arasında böyük fərq var. Deyərdim ki, bizim aktyorlar çox şansızdır. Biz burda seriala çəkiləndə teatrdan qaçırdıq çəkiliş meydançasına, ordan dublaja. Bir sözlə bütün günü pul qazanmaqdan ötrü qaçaqaçda idik. Türklərdə isə belə bir şey yoxdur. Aktrisa və ya aktyor özünü ayırır seriala. Çəkilişdən öncə onlar üçün ayrılmış otaqlarda dincəlir, onun çəkilmə vaxtı gələndə çəkiliş meydançasına çıxır. Bizim aktyorlar isə o qədər yorulur ki, əsl sənəti istədiyi kimi ortaya qoya bilmirlər. Mən də Bakıda işlədiyim vaxt çox qaçaqaçda idim. Arada hətta yadıma düşürdü ki, mən iki gün yemək yemirəm.
Bir də Türkiyədə aktryor olmaq üçün universitet bitirmək lazım deyil. 3 ay kurs keçirlər. Daha sonra təcrübə toplamağa başlayırlar. Bizdə isə o təcrübə toplamaq şansı azdır. Bizim aktyor və aktrisalarımız çox güclüdürlər. Azərbaycan aktyoru həm rus məktəbi gördüyü, sovet filmləri ilə böyüdüyümüz üçün daha savadlıdır. Tək problem budur ki, Azərbaycan aktyorunun şəraiti yoxdur.
Həm də Türkiyədə menecerlər var hansı ki, aktrisa hər ay ona maaş ödəyir ki, aktyora iş tapsın. Menecer də tapdığı işin qonorarını aktryorla yarı bölür. Yəni bu qayda ilə aktrisa seriala çəkilmək üçün özü gedib iş axtarmır. Amma bizdə seriala çəkilmək üçün daim axtarışda oluruq. Bizdə də mencerlər olsa çox yaxşı olar.
- Sirr deyilsə "Arka Sokaklar” -da çəkildiyiniz rol üçün nə qədər qonarar almışdız?
-Mən "Arka Sokaklar”a bir gün çəkiliş üçün 2500 tl qonarar almışam. Bizim pulla harda 750 manat edir. Dedilər məşq edirik, amma həmin səhnə film üçün çəkildi. Yəni bir dəfə çəkilməklə bu proses həyata keçdi.
O vaxt bir menecer var idi . Onun sayəsində həmin seriala dəvət aldım. Həmin vaxtda bir çox seriallara dəvət almışdım. Sadəcə televiziyada işləyirdim deyə bu təklifləri dəyərləndirmədim. Vaxtım yox idi. Hətta məni "Köşəm” filminə də dəvət etdilər. Sadəcə risk etmədim ki, bəlkə uzunmüddətli serial olar, televiziya işimdən qalmaq istəmədim.
"Arka sokakların" çəkim prosesindən bir şey deyim ki ,onların orda çəkdiklərini biz universitet vaxtı çəkirdik. Türkiyə düşündüyünüz qədər profesional deyil.
- Sizi burda sevən daha çox idi. Ailə quranda çoxunu seçiminizlə təəccübləndirdiniz. Həm Sizdən yaşca böyük, həm də Türkiyə vətəndaşı. Bizim oğlanlara etibarınız qalmamışdı deyə bu seçimi etdiniz yoxsa sadəcə bilmədiyimiz başqa səbəb var?
- Mən qismətə inanıram. Düşünürəm bu qismət idi. Doğrudur, məni Bakıda istəyən çox idi. Amma tam istədiyim biri qarşıma çıxmamışdı. Həyat yoldaşım qarşıma çıxanda ilk özlüyümdə qərar verdim ki, bəli mənim istədiyim adam bu olmalıdır. Bunun nə türkiyəli, nə də yaşca məndən böyük olması ilə heç bir əlaqəsi yoxdur. Bəziləri yazır ki, pulu var ona görə evlənib onunla. Elə bir şey də yoxdur. İnsanların düşündüyü kimi deyil. Sadəcə qismət… Belə olmalı imiş oldu. Onunla ailə qurduğum 5 ildir artıq. Amma biz bir dəfə olsun dalaşmadıq. Hər kəs rahat olsun mən çox xoşbəxtəm.
Yadımdadır, Türkiyəyə təzə gedəndə Azərbaycan üçün çox darıxırdım, yoldaşım da mənimlə bərabər ağlayırdı, pis olurdu. Xoşbəxtlik üçün yaşın önəmi yoxdur.
- Son vaxtlar bizim gənc aktrisaların çoxu Türkiyə vətəndaşları ilə ailə qurur. Sizcə niyə belə seçim edirlər? Gündəmə gəlmək üçün, yoxsa həqiqətən türkiyəli oğlanlarının sevgisi daha etibarlı olur?
-Mənimlə teatrda çalışan bir qız var idi. O da mənə ilk dəfə dedi ki, mən heç vaxt Türkiyə vətəndaşı ilə evlənmərəm, Azərbaycanda kişimi yoxdur? Amma altı ay sonra özü türkiyəli ilə evləndi. Məncə burda bir-birinə uyum olmaqları daha vacibdir. Əgər qızlarımız türkliyəli iləı ailə qururlarsa burda pis heç nə yoxdur. Onsuz da hamımız etnik türklərik. Qoy bir millət iki dövlətin türk uşaqları çoxalsın.
- Hər kəsin uşaqlığında yaddaşından silinməyəcək bir xoş və kədərli günü olur. Siz o günləri xatırlayırsınızmı?
- Mən uşaqlığımı çox gözəl xatırlayıram. Çox istərdim ki, mənim də övladım olsa elə gözəl bir uşaqlıq yaşasın.
Ən yadda qalan xoş günüm atamdan meymun istədiyim gün idi. O zaman da Bakıda meymun yox idi. Atam o vaxtı sirkin yanında bir yer vardı ora gedib mənim üçün meymun sifariş verdi. O vaxtın pulu ilə hardasa 1500 manat beh qoymuşdu və atama demişdilər meymun iki aya gələcək. Mənim hardasa 7-8 yaşım olardı. Meymun gəlmədən bir gün qabaq atama dedim ki, mən daha meymun istəmirəm. Atam onda mənə bir kəlmə belə demədən durub həmin yerə gedib meymundan imtina etdi. Mənə elə gəlir ki, o gün mənim üçün daha gözəl gün oldu. Amma saymaqla bitməyən gözəl günlərim çox olub.
Ən pis günüm isə atamı itirdiyim gün idi. Atamı itirəndə 13 yaşım var idi. Sentyabrın 1-i idi. O vaxtdan heç vaxt məktəbi sevmədim. Məktəbə qarşı sevgim azaldı. Çox soyuq yanaşırdım. Həmin dövrlərdə özümü dram dərnəyinə yönləndirdim. Hər il sentyabrın 1-i gələndə mən həmin pis günə qayıdıram. (kövrəlir)
- Bizim yaşlı nəsilin əksərriyəti gileylənir ki, Azərbaycanda daha yaxşı aktyor və aktirsalar yetişmir. Sizcə bu doğru düşüncədirmi?
- Mən bu fikirlə razı deyiləm. Çünki biz universiteti bitirdikdən sonra Aydın Talıbzadənin tələbələri gəlirdi, teatrşünaslar. Çox savadlı gənclər idi. Məncə hər nəslin yeni ampulası, stili var. Gənclərimiz bizdən də yaxşı ola bilər. Mən sırf aktyor və aktirasalamızdan söhbət edirəm. Özünə səhifə açıb
paylaşımlarla gündəmə gələnləri, nə də şoumenləri demirəm. Təhsil alan və savadlı olan gənclərimiz çoxdur. Hələ bundan sonra daha güclüləri gələcək. Əvəzolunmaz deyilən insan yoxdur. Doğrudur Nəsibə Zeynalova, Yaşar Nuriyev kimisi olmayacaq amma başqa ampulada daha gözəl yaddaşlarda qalacaq gənclər olacaq. Bəlkə də gəlib artıq.
- Aktyorlar bayağılaşıb yoxsa cəmiyyət bunu tələb edir?
-Bayağılığa gəldikdə əgər baxılırsa deməli insanlar bunu izləmək istəyir. Amma əslində biz tamaşaçının istədiyini verməli deyilik. Tamaşaçı bizim göstərdiyimizə tabe olub qəbul etməlidir. Bizim insanlarımızın sanki zövqləri də dəyişib. Ağıllı xəbərlərə baxım çox azdır.Amma mənasız xəbərləri o qədər adam oxuyub paylaşır ki... Bir sözlə insanların istədiyini çatdırmaq lazım deyil. Bu gedişlə tamaşaçı bizdən heçnə öyrənməyəcək və qısa zaman sonra həmin şeylər unudulacaq.
Düşünürəm ki, bayağı olmamaq üçün həmişə öyrənməlisən. Mən bu yaxınlarda Rusiyada təlimlərdə iştirak etdim. Orda heç vaxt görmədiyim bir janrla tanış oldum. "Stortelinq”. Bəlkə Azərbaycanda heç kimsə o janr haqqında bilmir. Bizim teatrlarda o janrda heç bir tamaşa yoxdur. Bu janrın mənası elədir ki, sənə aid olmuyan bir hekayəni elə danışırsan ki, qarşındakı sənə inanmalıdır. Bu yalan da ola bilər. Amma inandırmaq şərtdir. Bizə tamaşaçını düşündürəm bir şey lazımdır. Bayağılıq yox.
O bayağılardan Türkiyədə də var. Receb İvidik. Mən o aktyoru heç bir zaman nə izləmərəm nə tamaşasına getmərəm. Çünki həmin aktyor tərbiyəsiz, əxlaqsızlıq, söyüşü təbliğ edir və hər kəs də ona baxıb gülür. Bəs gələcək nəsil ondan nə öyrənəcək?! Türkiyədə çox valideynlər var ki, uşaqlarının əlində tutub onun komediyalarına baxmağa aparırlar.
Sizə ən çox məşhurluq gətirən rol hansıdır?
-Film olaraq "Xoca” filmi, teatrda isə "Müharibə” tamaşası, ən sonuncu oynadığım tamaşa oldu.
- Xocaya necə dəvət aldınız bəs?
-Xoca filminə tam təsadüf ən qatıldım. Yəni kiminsə dəvəti ilə və ya tapşırığı ilə getmədim. Əvvəl kiçik bir rol üçün müqavilə bağladım. Evə gedəndə mənə bir də zəng gəldi ki, bir də baş rol üçün kastinqə qatılım. Əslində Vahid Mustafayev həmin baş rol üçün ssenari də başqa tip bir qız nəzərdə tutmuşdu. Sarı saç, hündür və s bir sözlə mənə aid olmuyan xarakterli bir rol idi. Amma şans üzümə güldü və mən baş rol üçün seçildim. Hər aktyorun həyatında şansı bir dəfə üzünə gülür. Məndə də bu "Xoca” filmindəki uğurumla oldu.
Hər kəsin uşaqlıqda "mən böyüyəndə filankəs” olacam deyə bir arzusu olur. Bəs Nigarın arzusu aktrisa olmaq idimi?
- Mənim anam müəllimə idi. Hər həftə bizi siniflərlə tamaşalara aparırdı. Yadımdadır 13 yaşım var idi. Anamla Gənc Tamaşaçılar teatrında "Gəlincik” tamaşasını izləməyə getmişdim. Evə gələndən sonra tamaşadakı gəlincik kimi hərəkətlər etməyə başladım. Anama da dedim ki, mən böyük olanda bu teatrda işləyəcəm. Anam güldü. Mənə dedi ki, bizim nəsildə heç vaxt aktrisa, sənət adamı olmayıb. İllər keçdi birinci kursda oxuyanda universitetə bir neçə nəfəri teatr üçün seçməyə gəlmişdilər. Mən də o bir neçə nəfərin içində oldum. Beləcə mən Gənc Tamaşaçıların aktrisası seçildim. Ondan sonra həmişə anam o teatrda məni izləməyə gələndə mənim 13 yaşımda dediyim sözü xatırlayıb kövrəlirdi.
- Azərbaycana nə vaxtsa qayıtmaq fikriniz varmı?
- Bilmirəm bəlkə haçansa gələrəm. Amma hələki belə bir fikrimiz yoxdur. Bakıda həyat çox bahalıdır düşünürəm. Biz əgər 200-300dolları Türkiyədə bir aya xərcləyiriksə Bakıda o pul 3günə bitir. Qazandığın demək olar yemək xərclərinə gedir. Burda yaşamaq çox çətindir.
- Müsahibəmizdə belə bir hissə var. Növbəti müsahibimizə bir sual verin… Biz Sizin sualı növbəti qonağımıza verəcəyik…
-Aktyor üçün diplom önəmlidirmi?
Gülnar Nazimqızı
Çəkiliş üçün yer ayırdığına görə Heydər Əliyev prospekti 66.68-də yerləşən Martido Lounge restoranına təşəkkür edirik.