Mədəniyyət
13:09, 17 Nisan 2020

İşsiz qalan aktyorlar kasıblayıb: "Çəkilişlər dayanıb deyə maddi çətinlik yaranır"

İşsiz qalan aktyorlar kasıblayıb: "Çəkilişlər dayanıb deyə maddi çətinlik yaranır"
Koronavirus pandemiyası dünyada bir çox sahələrə təsir edib.
O cümlədən, kino və serial çəkilişlərində də eniş müşahidə edilir.
Aktyor, ssenari müəllifi Elməddin Cəfərov Cebhe.info-ya açıqlamasında mövcud durumla əlaqədar olaraq bütün çəkilişlərin dayandırıldığını və bu səbəbdən axsamaların olduğunu söyləyib:
"Axsamalar təbii ki, var. Bir aydır ki, ölkədə bütün kino və serial çəkilişləri dayanıb. İnsan səhhəti hər şeydən önəmlidir, istənilən halda, risk etmək olmur. Təkcə bu sahədə yox, ümumiyyətlə, digər sahələrdə də riskə atılmaq istəmirsən. Bu səbəbdən də, məcburuq ki, çəkilən kino və serialların təkrarlarını verək. Çəkilişlər dayandıqdan bəri bu proses davam edir, təkrarlar yayımlanır. Evdən çölə çıxa bilmirik. Çəkilişlərin dayanmasına görə təbii ki, geri düşürük. Amma bu təkcə bizim ölkədə yox, bütün dünyada yaşanan haldır. Yenə deyirəm, insan sağlamlığı hər şeydən, çəkilişdən də önəmlidir. Amma istər-istəməz geri düşürsən, qaydalar pozulur. Biz də buna bir şey edə bilmirik".
O, çəkilişlərin dayanmasının maddi duruma da təsirsiz ötüşmədiyini vurğulayıb:
"Əlbəttə, çəkilişlər dayanıb deyə maddi sahədə çətinlik yaşanır. Amma düşünürəm ki, bu proses uzun müddətli olmayacaq. Yenidən həyat öz axarına dönəcək. Mən dünyamız üçün dualar edirəm. Həmişə müsəlmanlar, türklər, əsgərlərimiz və vətənimiz üçün dua edirdim. İndi bu qayda dəyişib, dünya üçün dualar edirəm. Ümid edirəm ki, hər şey yaxşı olacaq".
E.Cəfərov karantin bitdikdən sonra koronavirusla bağlı sosial çarxların çəkilməsinin tərəfdarı olduğunu qeyd edib:
"Karantin bitdikdən sonra çəkilişlərimizi davam etdirəcəyik. Koronavirusla bağlı sosial çarxlar çəkmək olar. İnsanların daha diqqətli olması, sağlamlığına diqqət etməsi sahəsində nələrsə çəkmək olar".
Digər xəbərlər: