Siyasət
11:38, 17 Eylül 2019

Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın Dövlət Katibi ilə görüşdü - FOTO

Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın Dövlət Katibi ilə görüşdü - FOTO
Müqəddəs Taxt-Taca rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Dövlət Katibi, Kardinal Pietro Parolin ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan və Müqəddəs Taxt-Tac arasında əməkdaşlıq münasibətlərindən məmnunluq ifadə edib və iki tərəf arasında həyata keçirilən yüksək səviyyəli səfərlər mübadiləsinin bu münasibətlərin inkişafına təkan verdiyi qeyd olunub.

Azərbaycanın multikultural dəyərlərin təşviqi baxımından ön sıralarda olduğunu bildirən Kardinal Pietro Parolin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın multikultural fəaliyyətini yüksək qiymətləndirdi və bu xüsusda, Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanda həyata keçirilən layihələri, o cümlədən Müqəddəs Pyotr Kilsəsinin altarı, Roma Katakombaları və San Sebastian Kilsə Muzey Kompleksində katakombaların bərpası işlərini məmnuniyyətlə vurğulayıb.

E.Məmmədyarov qarşı tərəfi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin hazırkı vəziyyəti barədə məlumatlandırıb, Ermənistan rəhbərliyinin məsuliyyətsiz davranışının bölgədə gərginliyin artmasına xidmət etdiyini bildirib.

Görüş zamanı bu ilin 14-15 noyabr tarixlərində Bakıda keçiriləcək “Dünya dini liderlərinin II Bakı Sammiti”nə Qafqaz Müsəlmanları İdarəsinin dəvəti Müqəddəs Taxt-Tacın Dövlət Katibinə təqdim edilib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparıblar.

Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın Dövlət Katibi ilə görüşdü - FOTO
Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın Dövlət Katibi ilə görüşdü - FOTO
Digər xəbərlər: