Siyasət
11:40, 20 Aralık 2019

DTX Ağstafanın icra başçısının həbsi əməliyyatına dair videokadrlar yaydı

DTX Ağstafanın icra başçısının həbsi əməliyyatına dair videokadrlar yaydı
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin saxlanılması ilə bağlı rəsmi məlumat yayılıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda bildirilir ki, Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən vətəndaşların hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının fəaliyyətinə kölgə salan qanunsuz əməllərə yol verilməsinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri həyata keçirilib.

Toplanılan materiallara əsasən, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr yaranıb. Belə ki, Nizaməddin Quliyevin rayon icra hakimiyyəti başçısının müavini Ramiz Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.

Nizaməddin Quliyevin, müavini Ramiz Tatarov vasitəsilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif əsaslarla rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. Bununla yanaşı, Nizaməddin Quliyevin səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb.

Nizaməddin Quliyev və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.

Hazırda iş üzrə cinayətin digər iştirakçılarının müəyyənləşdirilərək istintaqa cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, DTX-nin yaydığı əməliyyat çəkilişinə əsasən Ağstafanın icra başçısının həbsi əməliyyatının əvvəldən hazırlandığı, bu məqsədlə başçının kabinetinə gizli kamera yerləşdirildiyi görünür. Kadrlara əsasən başçının birinci müavini Ramiz Tatarov onun kabinetinə daxil olur və yığdığı rüşvət pulları, "otkat" barədə ona hesabat verir. Sonra siyahını təqdim edir. Bu çəkilişin bir neçə gün əvvəl-İordaniya kralı II Abdullanın Bakıya səfəri vaxtına təsadüf etdiyi görünür, çünki divara asılmış televizorda xəbərlər proqramı gedir və kralın səfərindən bəhs olunur.(virtualaz.org)

Digər xəbərlər: