Siyasət
21:01, 21 Aralık 2019

Bu deputatlar yenidən öz namizədliklərini irəli sürdülər - Siyahı

Bu deputatlar yenidən öz namizədliklərini irəli sürdülər - Siyahı
Növbədənkənar parlament seçkilərində iştirak edəcək bitərəf deputatlardan bəziləri hakim Yeni Azərbaycan Partiyasının (YAP) siyahısını gözləmədən iddialarını ortaya qoyub.

Yenisabah.az xəbər verir ki, artıq Azay Quliyevlə Adil Əliyev namizəd olacaqlarını ictimailəşdiriblər.Azay Quliyev bu barədə "Twitter” hesabında yazıb. "Milli Məclisdə şərəflə təmsil etdiyim 8 saylı Binəqədi birinci seçki dairəsindən yenidən deputatlığa namizədliyimi irəli ürməyə qərar verdim”, -deyə o bildirib.

Adil Əliyev isə namizəd olacağını "Facebook” hesabında bəyan edib: "Ya Allah! Dostlar, çox saylı seçicilərimin, müraciətlərini nəzərə alıb, Nərimanov rayonu 20 saylı, 2- ci seçki dairəsindən, inşallah yola davam edəcəm”.

Məlumatlara görə, artıq 25 ildir deputat olan Madər Musayev də növbəti dəfə parlamentdə təmsil olunmaq istəyir. Onun 10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizəd olacağı bildirilir.

İddialara görə, Madər Musayev artıq imzatoplama kampaniyasına start verib.

Həmçinin, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa da 26 saylı Sabunçu seçki dairəsindən özz namizədliyini irəli sürüb.
Bitərəflərdən Qənirə Paşayevanın, Çingiz Qənizadənin, Səttar Mehbalıyevin, Mahir Aslanovun, Ülvi Quliyevin, Fəttah Heydərovun, Zahid Orucun da seçkilərə qatılacağı bildirilir.

Məlumat üçün deyək ki, adıçəkilən şəxslər bundan əvvəlki seçkilərə də bitərəf kimi qatılıblar. YAP onların namizəd olduğu dairəni boş buraxıb. Yəni, həmin dairələrdən namizəd irəli sürməyib. Həmin dairələrdə hakim partiyanın resursları bu şəxslərin qalib gəlməsi üçün istifadə edilib.

Bu dəfə də belə olacağı bəlli deyil. Yuxarıda qeyd etdiyimiz kimi hakim partiya hələ siyahını açıqlamayıb. Lakin bəzi məlumatlara görə, iddialarını ortaya qoyan bitərəflər YAP-ın xeyir-duası ilə namizəd olacaqlarını açıqlayıblar.
Digər xəbərlər: