Siyasət
Xalqımız Prezidentə təşəkkür bildirməyə davam edir
Prezident İlham Əliyevin ölkədə koronavirusla mübarizədə göstərdiyi səylər və əhalinin sağlamlığının qorunması, rifah halının yaxşılaşdırılması istiqamətində yürütdüyü sosial siyasət cəmiyyətdə müsbət qarşılanır.
İşsiz statusu almış şəxslərə, yaşı 65-dən yuxarı olan insanlara, səhiyyə işçilərinə, sahibkarlara dövlət dəstəyi Azərbaycan xalqı tərəfindən təqdir edilir.
Dövlət başçısına ünvanlanan minnətdarlıq məktubları ölkənin bütün regionlarından gəlməkdədir.
Vətəndaşların Prezidentə müraciətləri xalq-iqtidar birliyinin bariz nümunəsidir.
Ölkə rəhbərinə etimadın, etibarın göstəricisi olan həmin məktubların bir qismini təqdim edirik.
Ağdam rayonunun Əfətli kəndinin sakini Şəmsəddin Əhmədov yazır:
“Möhtərəm Prezidentimiz.
Son bir neçə aydır ki, dünyanı bürüyən koronavirus pandemiyasına qarşı Sizin tərəfinizdən ölkəmizdə həyata keçirilən qətiyyətli tədbirlər biz, cəbhə kəndində mənfur düşmənlə üz-üzə yaşayan vətəndaşlarınızı ürəkdən sevindirir. Biz bu ağır günlərdə bir daha əmin olduq ki, Prezidentimiz çox hörmətli cənab İlham Əliyev hər zaman öz xalqının yanındadır.
Möhtərəm Prezidentimiz, bu çətin günlərdə xalqımıza dəstək olduğunuz üçün Ağdam gəncləri adından Sizə minnətdarlığımızı bildiririk”.
İsmayıllıdan Əhmədağa Ələkbərov, Sevda Qasımova, Mətanət Abbasova, Humay Talıbova, Brilyand Mursalova, Çingiz Muradlı və başqaları da dövlət başçısına təşəkkür edirlər:
“Hörmətli cənab Prezident.
Bu gün bütün dünyanın bir nömrəli bəlasına çevrilmiş COVİD-19 - yeni növ koronavirus pandemiyası bizim ölkədən də yan keçmədi. Əminliklə deyə bilərik ki, Sizin uzaqgörən və düşünülmüş siyasətiniz bütün azərbaycanlıların dərin rəğbətini qazanıb.
Qeyd etdiyiniz kimi, əgər vaxtında doğru və qətiyyətli addımlar atılmasaydı, əgər çox ciddi koordinasiya aparılmasaydı, bu gün Azərbaycanımız daha böyük problemlərlə üzləşə bilərdi. Necə ki, dünyanın güclü dövlətləri hesab edilən ölkələr bu gün pandemiya qarşısında acizliklərini etiraf etmək məcburiyyətində qalıblar.
Bir rəhbər olaraq, Azərbaycana, xalqımıza, ən kiçiyindən ən yaşlısına qədər bəslədiyiniz səmimiyyət və sevgi hissləri açıq-aydın duyulur. “Biz birlikdə güclüyük” deməklə xalqımızı bir yumruq halında birləşdirə bildiniz.
Elə onun nəticəsidir ki, bu gün xalqımız həm özünü, həm də dövlətini düşünərək, bir-birinə dəstək olur, tezliklə bu ümumbəşəri bəladan üzüağ, alnıaçıq çıxmaq yolunda səfərbər olub. Biz, İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-liseyin pedaqoji kollektivi hər zaman olduğu kimi, Sizin bu sahədə də siyasətinizi dəstəkləyir və qürurla qeyd edirik ki, hər zaman Sizin yanınızdayıq.
Azərbaycanımıza, xalqımıza verdiyiniz dəyərə, göstərdiyiniz qayğı və diqqətə görə Sizə səmimi qəlbdən təşəkkür edirik”.
Masallının Xanalion kəndinin məktəb direktoru Mirəsgər Bağırzadə qeyd edir:
“Hörmətli cənab Prezident.
Bildiyimiz kimi, koronavirus bəlası tibbin ən inkişaf etdiyi ölkələrində belə can almaqda davam edir. Ölkəmizdə isə vəziyyətin Sizin nəzarətinizdə olması virusun sürətlə yayılmasının qarşısını almağa kömək edib.
Respublikamızda vaxtında elan olunmuş karantin rejimi, dezinfeksiya işlərinin aparılması və digər təxirəsalınmaz tədbirlərin görülməsi bir daha göstərir ki, Siz həmişə xalqımızı düşünürsünüz. Sizin göstərişinizlə ölkədə tibbi maska çatışmazlığının da qarşısı alındı. Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışı oldu və Siz açılışda şəxsən iştirak etdiniz.
Cənab Prezident, görülən işlərə görə Masallı rayonunun təhsil işçiləri, bütün müəllim və şagird kollektivləri adından Sizə təşəkkür edir, minnətdarlığımı bildirirəm”.
Mingəçevir şəhərindən Bəhmən Paşayev yazır:
“Möhtərəm cənab Prezident.
Bütün dünyada sürətlə yayılan koronavirus pandemiyası vətənimiz Azərbaycandan da yan keçməyib. Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə pandemiyanın təsirinin azaldılması və əhatəsinin məhdudlaşdırılması istiqamətində vacib addımlar atılıb.
Ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsi, yeni koronavirusun yayılmasının qarşısının alınması, onunla mübarizənin gücləndirilməsi məqsədilə zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün vəsaitin ayrılması, Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılması onu sübut edir ki, yürütdüyünüz siyasətin təməlində Azərbaycan vətəndaşı və onun rifahı dayanır.
Cənab Prezident, əminik ki, “Biz birlikdə güclüyük!” çağırışınızla bu virusa tez bir zamanda qalib gələcək, bu bəladan az itki ilə qurtulacağıq. Bütün mingəçevirlilər Sizə güvənir, Sizinlə qürur duyur, şərəfli və məsuliyyətli işinizdə Sizə uğurlar diləyirlər”.
Gəncə şəhərindən Mətləb Məhərrəmov, Telman Quliyev, Aygün Həsənova, Mehriban Allahverdi və başqaları bildirirlər:
“Hörmətli cənab Prezident.
Koronavirus pandemiyasının ölkəmizdə kütləvi yayılmasının qarşısını almaq üçün atdığınız addımlar öz nəticəsini verməkdədir. Bir neçə gündür bu virusla əlaqədar Azərbaycanda nikbin statistika müşahidə olunur.
Sizin vaxtında gördüyünüz tədbirlərin real nəticələr verəcəyini əvvəlcədən gözləyirdik. İnanırıq ki, bu sahədə vəziyyət get-gedə daha da yaxşılaşacaq və xalqımızın canı bu bəladan birdəfəlik qurtaracaq.
Cənab Prezident, Ulu Tanrı hər zaman yolunuza işıq salsın, Sizi bəd nəzərdən qorusun”.
Salyan rayonunun Marışlı və Seyidsadıqlı kənd sakinləri Qabil Bağırov, Dadaş Qafarov, Teymur Rzayev, Ceyhun Musayev və başqaları yazırlar:
“Koronavirus epidemiyası Azərbaycan sərhədlərini keçən kimi Sizin gördüyünüz qabaqlayıcı tədbirlər, xəstəliyin daha geniş ərazini əhatə etməməsi üçün verdiyiniz tapşırıqlar bu problemi nəzarətdə saxlamağa imkan verdi. Bu tədbirlər Sizin üçün xalqın sağlamlığının hər şeydən üstün olduğunu göstərir. Bununla da, Siz bir daha hər bir azərbaycanlının Prezidenti olduğunuzu təsdiq etdiniz.
Müxtəlif sosial təbəqələrdən olan insanlara kömək edilməsi, bu məqsəd uğrunda hamının səfərbər olması Sizin bu gərgin və məsuliyyətli günlərdə söylədiyiniz “Biz birlikdə güclüyük!” çağırışının sayəsində mümkün oldu.
Şirvandan Taclı Mustafayeva bildirir:
“Cənab Prezidentimiz.
Sizi şəxsən öz adımdan, ailəmin adından və altı yaşlı oğlum Bəyazidin adından salamlayıram. Sizin xalqımız üçün gördüyünüz işləri alqışlayırıq.
Koronavirusla mübarizə apardığımız bu ağır dönəmdə Siz xalqın yanında olur, onun hər bir probleminə həssaslıqla yanaşır və onu həll edirsiniz. Siz dünya dövlətlərinin başçılarının etdiklərinin daha mükəmməlini reallaşdırırsınız.
Cənab Prezidentim, mən bir vətəndaş olaraq Sizin gördüyünüz bütün işləri dəstəkləyir və buna görə Sizə minnətdarlığımı bildirirəm. Mən və oğlum Sizi görmək ümidi ilə Şirvan şəhərinə səfər edəcəyiniz günü səbirsizliklə gözləyirik. Sizi çox sevirik. Tutduğunuz yolda Sizə daim uğurlar arzulayıram. Uca Rəbbim hər bir işinizdə Sizə yardımçı olsun”.
Ağdam rayonunun Xındırıstan kəndinin sakinləri Nurlan Baxşəliyev, Məzahir Qasımov, Aqil Hümbətov minnətdarlıq məktubunda yazırlar:
“Hörmətli cənab Prezident.
Sizin rəhbərliyinizlə görülən işlər deməyə əsas verir ki, biz bu koronavirus bəlasını da dəf edəcək, bu mübarizədə qalib gələcəyik. Siz bizi bir olmağa çağırdınız, xalq da Sizinlə həmrəylik nümayiş etdirdi.
Pandemiyanın qarşısının alınması istiqamətində görülən işlərə, həmçinin, bizə “Evdə qal” şəraitində yaşadığımız halda yardım göstərdiyinizə görə Sizə təşəkkür edirik. Sizinlə fəxr edirik, cənab Prezident!”.
Neftçala rayonunun Xolqaraqaşlı kəndindən İlham Məcidov, Eyvaz Quliyev və başqalarından gələn məktubda yazılır:
“Hörmətli cənab Prezident.
Dünyanı bürüyən koronavirus pandemiyası böyük bəladır, artıq 100 mindən çox insanın həyatına son qoyub. Dünyanın bütün ölkələrində koronavirusla bağlı problemlər yaşansa da, Azərbaycanda qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində vəziyyət nəzarət altında saxlanılır. İnşallah, Allahın köməyi, Sizin gərgin əməyiniz sayəsində ölkəmiz bu bəladan minimum itkilərlə çıxacaq.
Azərbaycan xalqı üçün gördüyünüz bütün işlər alqışlanır, yüksək qiymətləndirilir. Bu şərəfli və məsuliyyətli vəzifənizdə Sizə və Mehriban xanıma uğurlar arzulayırıq”.
Bərdədən Yusif Vahidi öz məktubunda yazır:
“Hörmətli cənab Prezident.
Koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə atılmış addımlar bizi sevindirir. Sizin “Biz birlikdə güclüyük!” çağırışınız bu gün xalqımızın devizinə çevrilib. Biz gənclər olaraq, Sizin rəhbərliyinizlə görülən bütün tədbirlər sayəsində çox yaxın gələcəkdə ölkəmizdə pandemiyanın sona çatacağına qəti əminik. Allahdan bu bəlanın tezliklə Azərbaycanın və bütün dünyanın üzərindən çəkilməsini diləyirik”.
Füzulidən Milli Qəhrəman ailəsinin adından Ülviyyə Quliyeva yazır:
“Hörmətli cənab Prezident.
Sizin vətənpərvərliyiniz hər birimiz üçün nümunədir. İstirahət etmədən xalqımızın qayğısına qalırsınız. Bu cür çətin günlərdə belə diqqətinizi bizdən əsirgəmirsiniz. Şəhid, Milli Qəhrəman ailəsi olaraq Sizə dərin minnətdarlığımızı bildiririk. İnanırıq ki, Sizin rəhbərliyinizlə görülən tədbirlər sayəsində ölkəmizdə pandemiyanın sona çatmasına nail olacağıq.
Cənab Prezident, Sizin “Biz birlikdə güclüyük!” şüarınızı dəstəkləyirik və hər zaman arxanızdayıq”.
Bakı şəhərindən Sübhan Qaragözov:
“Hörmətli cənab Prezident.
Hazırda koronavirus pandemiyası nəticəsində dünyada hər gün yüz minlərlə insan xəstəliyə yoluxur, minlərlə insan bu xəstəlikdən dünyasını dəyişir və milyonlarla insan müxtəlif şəkildə bu pandemiyadan maddi və mənəvi zərər görür.
Bu çətin günlərdə biz bir daha şahidi olduq ki, dövlətimiz dünyada baş verən bütün prosesləri olduqca həssaslıqla izləyir və öz vətəndaşlarının pandemiyadan əziyyət çəkməmələri, zərərlərin ən minimum səviyyəyə endirilməsi üçün lazım olan bütün qabaqlayıcı və tənzimləyici tədbirləri vaxtında, qətiyyətlə həyata keçirir.
Dünyanın aparıcı dövlətlərinin belə aciz qaldığı bu vəziyyətdə dövlətimizin, Prezidentimizin öz xalqının və vətəndaşlarının yanında olması, onların bütün mümkün problemlərinin həllinə çalışması, doğrudan da, təqdirəlayiqdir, sevindirici və qürurvericidir.
İstər xüsusi karantin rejimi çərçivəsində atılan qabaqlayıcı addımlar, istər sahibkarlara, işsizlərə və mövcud vəziyyətdən zərər çəkən digər şəxslərə dövlət dəstəyinin, maddi yardımın göstərilməsi, istərsə də xəstəliyə yoluxmuş və yoluxma riski olanların müalicəsi, qorunması baxımından Azərbaycan dünya dövlətlərinə nümunə olacaq bir model, bir yanaşma ortaya qoydu.
Bütün bunlara görə Sizə dərin təşəkkürümüzü bildiririk, cənab Prezident!”.
Digər paytaxt sakini Fuad Heydərli isə bildirir:
“Möhtərəm cənab Prezident.
Bütün dünyanın koronavirusla üz-üzə qaldığı bir vaxtda Sizin rəhbərliyinizlə dövlətimizin həyata keçirdiyi mübarizə tədbirləri biz gənclərdə böyük qürur hissi yaradıb. Müvafiq Fərmanınızla Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş “Yeni klinika” tibb müəssisəsinin və Sumqayıt Kimya Sənaye Parkında maska istehsalı müəssisəsinin açılışları, həmçinin, Sizin və Birinci vitse-prezident Mehriban Əliyevanın açılışlarda şəxsən iştirakı bir daha sübut etdi ki, hər zaman Azərbaycan xalqının sağlamlığını və təhlükəsizliyini düşünür, məhz bunun üçün yorulmadan çalışırsınız.
Sizin və Mehriban xanımın bu mövzuda xalqımıza etdiyiniz müraciətlər xalqımızda yüksək əhval-ruhiyyə yaradıb, biz vətəndaşlara böyük mənəvi stimul olub. Sizin rəhbərliyinizlə dövlətimiz tərəfindən koronavirusla mübarizə sahəsində həyata keçirilən bütün tədbirlər xarici ölkələrin mətbuatında, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də təqdir olunur və yüksək qiymətləndirilir.
Biz gənclər də Sizin bu xidmətlərinizi yüksək qiymətləndirir, həyata keçirdiyiniz tədbirlər sayəsində xalqımızın tezliklə bu yoluxucu xəstəlikdən ən az itki ilə qurtulacağına əminliyimizi bildiririk. Bütün bunlara görə gənclər adından Sizə dərin minnətdarlığımızı bildiririk. Ulu Tanrı Sizi, ailənizi və xalqımızı qorusun”.
Paytaxt sakini Telman Əzimzadə minnətdarlığını belə ifadə edir:
“Əziz Prezidentim.
Bizim ailə Sizin qayğınızı daim hiss edib. Hazırda mən tək yaşasam da, özümü tənha hiss etmirəm.
Məlum səbəblərdən ölkəmizdə baş verən çətinliklərə baxmayaraq, Sizdən yenə də qayğı gördük. Bu günlərdə həm maddi, həm də ərzaq yardımı aldım. Bu, mənə və mənim kimi insanlara maddi yardımdan əlavə, həm də mənəvi qayğıdır.
Sizə və ailənizə uzun ömür, cansağlığı arzulayıram. Allah Sizi qorusun. Doğrudan da, biz birlikdə güclüyük”.
Bakının Suraxanı rayonundan Vidadi Hüseynov, Rüstəm Kazımov, Natiq Baxışov və başqalarından ünvanlanan məktubda deyilir:
“Hörmətli cənab Prezident.
Biz, Yeni Suraxanı qəsəbəsinin sakinləri Sizə qəsəbəmizdə daxili yolların təmirinin başa çatdırıldığına görə səmimi təşəkkürümüzü bildiririk. Bu işlər ilin əvvəlindən başlasa da, qayğılı günlərdə başa çatdırıldı. Bu isə Azərbaycan dövlətinin heç bir çətinlik qarşısında əyilmədiyini göstərir.
Bu işlərin yerinə yetirilməsini biz hazırkı çətinlik üzərində ilkin qələbə kimi qəbul edirik. Əminik ki, Sizin rəhbərliyinizlə pandemiyaya qalib gələcək, Qarabağ uğrunda mübarizədə qələbəyə də hazırlaşacağıq.
Gecə-gündüz çalışdığınıza görə qəsəbəmizin bütün sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk”.
Goranboy rayonunun Xan Qərvənd kəndinin sakini Niyaz Hacıyev yazır:
“Möhtərəm cənab Prezident.
Bu gün dünya ölkələri qarşısında ciddi problemə çevrilmiş COVİD-19 virusunun ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində Sizin rəhbərliyinizlə həyata keçirilən davamlı, sistemli və kompleks tədbirlər biz sadə vətəndaşlar tərəfindən böyük minnətdarlıqla qarşılanır. İstər koronavirusun yayılmasının lokallaşdırılması ilə bağlı qabaqlayıcı tədbirlər, istər iqtisadiyyatın bu virusun təsirlərindən qorunması üçün atılan addımlar, istərsə də sahibkarlara, sosial baxımdan ehtiyacı olan insanlara dövlət dəstəyinin göstərilməsi və bütün bu işlərin həyata keçirilməsi istiqamətində dövlət qurumlarının sistemli fəaliyyəti vətəndaş olaraq bizim özgüvənimizi daha da artırır.
Eyni zamanda, Birinci vitse-prezidentimiz Mehriban Əliyevanın bu istiqamətdə fəaliyyətini, bir neçə gün əvvəl xalqımıza bir ana qayğısı ilə, sevgi və səmimiyyətlə müraciətini də qeyd etməyi özümə borc bilirəm.
Bu gün mən və ailəm paytaxtdan 350 kilometr aralıda, özü də döyüş bölgəsi olan bir rayonda yaşayırıq. Verilən bütün qərarların ölkənin ən ucqarlarında belə icrası dövlət intizamının bariz nümunəsidir və bunun nəticəsində biz sadə insanların dövlətə inamının daha da möhkəmlənməsinə səbəb olur.
Cənab Prezident, Siz xoş günlərdə də, çətin günlərdə də həmişə xalqımızın yanında, sadə insanların arxasında olmusunuz. Qoy bu çətin yolda Allah da həmişə Sizin arxanızda dursun”.
Xaçmazdan Pənah Ələsgərov yazır:
“Əziz və hörmətli cənab Prezident.
Bütün dünyanın koronavirusla üzləşdiyi bir vaxtda Sizin rəhbərliyinizlə dövlətimizin həyata keçirdiyi mübarizə tədbirləri bizə ölkəmizdə daha rahat və arxayın yaşamağa imkan verir. Siz insanlarımızın sağlamlığı üçün ölkədə çox münbit şərait yaradırsınız. Göstərişinizlə bütün sahələrdə işlərin qaydasında olması üçün lazımi tədbirlər görülür.
Hazırda dünyada tüğyan edən koronavirus bütün ölkələr kimi, bizim də iqtisadiyyatımıza, maliyyə sistemimizə öz təsirini göstərib. Amma əsas odur ki, Sizin müəyyənləşdirdiyiniz proqram sayəsində biz vətəndaşlar bunu hiss etmirik. Əksinə, vətəndaşlara maddi dəstək göstərilir, sahibkarlara güzəştlər edilir.
Möhtərəm cənab Prezident, görülən işlərə görə Sizə minnətdarlığımızı bildirməklə bərabər, əminliyimizi ifadə edirik ki, Sizin rəhbərliyinizlə qısa zamanda bu çətinliklərdən az itkilərlə çıxacaq, əvvəlki həyatımıza qayıdacağıq. Bu yolda hamımıza can sağlığı, uğurlar arzulayıram.
Quba sakini Sərxan Mirzəyev yazır:
“Möhtərəm Prezident, cənab İlham Əliyev.
Sizin Azərbaycanın hər bir vətəndaşına olan diqqət və qayğınız Quba əhalisi tərəfindən də fərəhlə qarşılanır. Dünyanı bürüyən koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə vaxtında həyata keçirdiyiniz tədbirlər hər bir Azərbaycan vətəndaşına olan qayğınızdan xəbər verir.
Respublikamızın hər yerində bu istiqamətdə aparılan zəruri tədbirlər, xüsusi karantin rejiminin tətbiqi mövcud vəziyyətdə əhalinin sağlamlığının qorunmasına xidmət edir. Sizin rəhbərliyinizlə həyata keçirilən bu tədbirlər, əslində bir sıra dünya ölkələri üçün də nümunədir.
Cənab Prezident, son illər ölkəmizdə, o cümlədən Qubada reallaşdırılan böyük infrastruktur layihələrini də xüsusi vurğulamaq istəyirəm. Yaşadığım Dəvədabanı massivində uzun illərdən bəri həllini gözləyən problemlər sürətlə aradan qaldırılmaqdadır.
Artıq əraziyə qazın verilişi təmin olunub. Hazırda küçələr asfaltlanır, müasir işıqlandırma sistemi quraşdırılır. Çoxdan gözlədiyimiz məktəb və uşaq bağçasının inşasına da yaxın vaxtlarda başlanacaq.
Bütün bu işlərə görə Dəvədabanı yaşayış massivinin üç min sakini adından Sizə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk”.
Füzuli rayonunun 5-ci Zobucuq qəsəbəsinin sakini Cəmalə Məmmədova yazır:
“Hörmətli cənab Prezident.
Mən vətənpərvər Azərbaycan vətəndaşı və müəllimi olaraq, ilk öncə təhsil sahəsinə göstərilən qayğıya, həmçinin, koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində müəllimləri düşünərək, əməkhaqları ödənilməklə onlara evdə qalmaq şəraiti yaratdığınıza görə Sizə təşəkkür edirəm.
Biz müəllimlər ev şəraitində olsaq da, gələcəyimiz olan uşaqların təhsildən yayınmamaları üçün əlimizdən gələni edəcək, Sizin qayğınıza yorulmadan çalışmaqla cavab verəcəyik.
Bir daha Sizə dərin minnətdarlığımı çatdırır, uğurlar diləyirəm. Allah Sizi qorusun”.
Məktubların məzmunundan da göründüyü kimi, əhali dövlətin yanındadır və Prezident İlham Əliyevin apardığı siyasəti bütünlüklə dəstəkləyir.
Daha çox xəbər:
Vətəndaşlardan Prezidentə təşəkkür məktubları gəlir
Prezidentin çağırışına cavab olaraq Azərbaycan könüllüləri birləşdi
Bu şəxslərə pulsuz mənzillər verildi
Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı
Bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 101 ili tamam olur