Siyasət
“Əhmədlidə, Günəşlidə qəzalar tez-tez olurdu”
Prezident İlham Əliyev Bakı şəhərinin Xətai rayonunda "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kilovoltluq "Əhmədli” yarımstansiyasının açılışında iştirak edib.
Anews.az xəbər verir ki, İlham Əliyev "Əhmədli” yarımstansiyasını işə salıb. "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlət başçısına yarımstansiyada görülən işlər barədə məlumat verib:
İlham Əliyev: Burada böyük yaşayış massivləri yerləşir, bəs bu köhnə yarımstansiya bütün bu obyektləri necə qidalandırırdı?
Baba Rzayev: Bu, qidalandırmırdı.
İlham Əliyev: Yəni, fasilələrlə verilirdi?
Baba Rzayev: Bəli, çox pis idi, həmişə fasilə buradan olurdu. "Əhmədli” bir nömrəli qəza mənbəyi idi.
İlham Əliyev: Əhmədlidə, Günəşlidə qəzalar tez-tez olurdu. İndi qəzalar olmamalıdır.
Baba Rzayev: İnşallah, heç bir qəza olmayacaq.
İlham Əliyev: İstifadəyə verilən bu yarımstansiya 300 min əhalini əhatə edəcək. Həmçinin burada bir çox sənaye müəssisələri, ictimai binalar var. Ona görə bu yarımstansiyanın çox böyük əhəmiyyəti var.
Baba Rzayev: Cənab Prezident, "Ağ Şəhər” böyük bir layihədir. Orada 110 kilovoltluq 3 böyük yarımstansiya var, onlardan ikisi buradan qidalanır.
İlham Əliyev: Son illər ərzində energetika sahəsində çox böyük işlər görülüb, həm generasiya gücləri artıb, eyni zamanda, siz itirilmiş gücləri bərpa edirsiniz. Yaxın zamanlarda Mingəçevirdəki İstilik Elektrik Stansiyasının da yenidənqurmadan sonra açılışını edəcəyik. Əslində, bu, yenidən tikilmiş 2400 meqavat gücündə elektrik stansiyasıdır. Məhz buna görə bu gün enerji təminatı ilə dayanıqlılıq əmsalına görə Azərbaycan dünya miqyasında ikinci yerdədir. Özü də bunu biz demirik, Davos Ümumdünya İqtisadi Forumu deyir. Yəni, biz bir çox inkişaf etmiş ölkələri də qabaqlamışıq və işlər davam edir. Mənim rayonlara səfərlərim çərçivəsində də yeni yarımstansiyalar açılır. Bu yaxınlarda Tərtərdə, Ağcabədidə iki yarımstansiya açılıbdır. İndi "Əhmədli” yarımstansiyası, "8-ci Kilometr”, "Xırdalan”, "Buzovna”, "Ağ şəhər”.
Baba Rzayev: Cənab Prezident, Sizin birbaşa tapşırığınızla son bir ildə ancaq Abşeron regionunda 12 yarımstansiya, o cümlədən "Görədil” işə salınıb.
İlham Əliyev: Bizim bütün elektrik təsərrüfatımız tamamilə yenilənməli və ən yüksək müasir standartlara cavab verməlidir. Bir sıra layihələr başa çatıb, ancaq hələ görüləsi işlər çoxdur, onları da ardıcıllıqla icra edəcəyik.
Baba Rzayev: Çox sağ olun, cənab Prezident. Sizi əmin edirəm ki, energetika sahəsinin inkişafı ilə bağlı müəyyənləşdirdiyiniz strategiyanı, qarşıya qoyduğunuz vəzifələri energetiklərimiz uğurla yerinə yetirəcəklər. Sizə təşəkkür edirik.
Cənab Prezident, harada ki, ərazi imkan verir, 110, 220, 330 kilovoltluq yarımstansiyaları ən müasir texnologiyalar əsasında bu cür açıq paylayıcı qurğularla təmin edirik. Ancaq "Böyükşor” yarımstansiyasını qapalı "GİS”lə inşa etmişik. Özü də bu yarımstansiyaların gücü 80 və 240 meqavoltamperdir.
Daha çox xəbər:
İlham Əliyev Sabunçu vağzalının açılışında iştirak edib
Prezident İlham Əliyev: Heydər Əliyev öz həyatını Azərbaycan xalqına həsr edib
İlham Əliyev nazirləri topladı
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında iştirak edirlər
Prezident İlham Əliyev israilli həmkarını təbrik edib