Siyasət
Azərbaycanın hərtərəfli inkişafı dövlət siyasətinin prioritetidir
Birbaşa Prezident İlham Əliyevin təşəbbüsü ilə iri layihələrin həyata keçirilməsi onu isbatlayır ki, Azərbaycan addım-addım hədəflərinə doğru irəliləyir
Bu günün reallığıdır ki, Azərbaycanın hərtərəfli inkişafı istiqamətində bir çox layihələr uğurla icra olunur. Xüsusilə, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən dövlət proqramları bu sahədə böyük uğurların yaranmasına imkan verib. Həyata keçirilən işlər sayəsində bölgələrdə minlərlə kiçik, orta və iri sənaye, turizm, kənd təsərrüfatı müəssisələri yaradılıb. Həmin müəssisələrin işə düşməsi iqtisadi inkişafımıza fayda verməklə yanaşı, bölgələrdə əhalinin məşğulluq probleminin həllində də mühüm rol oynayır. Eyni zamanda, bölgələrin tam potensialının üzə çıxarılması və yüksək inkişafın təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin təşəbbüsü və Sədrliyi ilə ayrı-ayrı bölgələr üzrə müxtəlif sahələrin inkişafına dair müşavirələrin keçirilməsi aqrar və sənaye sektorunda da canlanmaya səbəb olub.
Məhz ilk belə müşavirə Saatlı rayonunda pambıqçılığın inkişafı məsələlərinə həsr olunmuşdu. Həmin müşavirədə qeyd edilmişdi ki, pambıqçılığın inkişafı ölkəmiz üçün prioritet sahə sayılır. Lakin məlum səbəblərdən, bu sahədə müəyyən müddətdə geriləmə müşayiət olunub. Odur ki, mövcud geriliyi aradan qaldırmaq məqsədilə bu sahənin inkişafına yeni yanaşmanın tətbiq olunmasına qərar verildi. Bu məqsədlə dövlət fermerlərə pambıq əkinini genişləndirmək üçün əlavə güzəştlər tətbiq etdi. Yeri gəlmişkən, qeyd edək ki, təkcə ötən il büdcə vəsaiti hesabına 1800 texnika, o cümlədən, 94 pambıqyığan kombayn və 300-ə yaxın traktor alınıb. Bu il 3811 texnika, o cümlədən, 209 pambıqyığan kombayn və 810 traktor sifariş verilib. Həmin texnikaların alınması üçün dövlət 150 milyon dollar vəsait xərcləyib. Fermerlərə edilən güzəştlər artıq öz nəticəsini verir.
Aprelin 17-də isə Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində qeyri-neft sektorunun inkişafı geniş şəkildə müzakirə olunmuşdu. Bu tədbirdə dövlət başçısı yeni iqtisadi modelin əsas hədəfinin iqtisadi islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektorunun inkişafı olduğunu bəyan etmişdi: “İqtisadi sahədə görülən tədbirlər, həyata keçirilən islahatlar sayəsində cari ilin birinci rübündə qeyri-neft sektoru 2,4, o cümlədən qeyri-neft sənayesi 2, kənd təsərrüfatı 3,5 faiz artıb. Hesabat dövrü ərzində ticarət dövriyyəsi 15, ixrac 50 faiz çoxalıb, idxal 17 faiz azalıb, aqrar sektorda isə məhsul ixracı 44 faiz artıb. Nəzərə alsaq ki, bu artım ilin birinci rübünə aiddir, ilin sonuna qədər həmin rəqəmlərin daha yüksək olacağı şübhəsizdir”.
Sonuncu olaraq, avqustun 4-də Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə həsr olunan respublika müşavirəsi də buna xidmət edirdi. Həmin tədbirdə Prezident İlham Əliyev bildirib ki, qeyri-neft iqtisadiyyatımız, qeyri-neft sənayemiz artdı. İxrac 36 faiz, qeyri-neft ixracı 27 faiz artıb. Kənd təsərrüfatı ixracı 40 faizdən çox artıb: “Bir sözlə, idxaldan asılılığı azaltmaq, daxili tələbatı daxili istehsal hesabına təmin etmək və ixrac imkanlarımızı genişləndirmək məsələləri Azərbaycanda uğurla təmin edilir. Əminəm ki, bugünkü müşavirənin nəticəsində, bizim üçün ənənəvi olan sahələr - baramaçılıq, tütünçülük, fındıqçılıq da uğurla inkişaf edəcək, fermerlər, kəndlilər daha da böyük fayda görəcək, eyni zamanda, dövlətimiz də güclənəcək”.
Qaxda keçirilən müşavirədə vurğulanmışdı ki, tütünçülük Azərbaycan üçün ənənəvi sahələrdən biridir. Sovet dönəmində bu məhsulun istehsalının pik dövrü 1978-ci ilə təsadüf edir. Həmin il tütünün əkin sahələrinin həcmi 18 min hektara çatmışdır. Amma 90-cı illərdən bu sahədə tənəzzül dövrü başlandı. Hətta yaxın 2014-cü ildə ölkə üzrə cəmi 1000 hektarda tütün əkilmişdir. Yalnız son illər dövlət tərəfindən bu sahənin inkişafına göstərilən qayğı nəticəsində, tütünçülük də digər ənənəvi sahələr kimi dirçəlməyə başlayıb. Məsələn, 2015-ci ildə Şəkidə 600 hektarda tütün əkilmişdisə, hazırda bu rəqəm 843 hektara çatdırılıb. Zaqatalada əkin sahələri 460 hektardan 740, Qaxda 300 hektardan 600 hektara çatıb. Hazırda ölkə üzrə 3200 hektarda tütün əkilir. Bu gəlirli sahənin inkişafı 13 rayonda bərpa edilib. Prezident İlham Əliyevin 10 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın icrası isə tütün istehsalını daha yüksək səviyyəyə çatdırmağa imkan verəcək. Dövlət proqramın qəbul olunmasında məqsəd tütün və tütün məmulatlarına olan tələbatın ödənilməsi, tütün emalı müəssisələrinin fəaliyyətinin genişləndirilməsi və müasir texnologiyalar əsasında yeni müəssisələrin yaradılması, xammal təminatının yaxşılaşdırılması, tütünçülük məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün ölkədə tütünçülüyün inkişafını stimullaşdırmaqdır.
Aqrar sektorda ən gəlirli sahələrdən biri də fındıqçılıqdır. Fındıqçılıq digər sahələrə nisbətən az ziyan çəkib. Ona görə ki, daxili bazarda bu məhsula tələbat həmişə yüksək olub. Buna görə də, fındıq istehsalı sabit qalıb. Lakin ölkənin istehsal potensialından aşağı olub. İndi bu təzadı aradan qaldırmaq üçün fındıq əkin sahələri genişləndirilir. 2002-ci ildə fındıq bağlarının sahəsi 18 min hektar idisə, hazırda bu rəqəm 55 min hektardır. İmkanlar isə daha genişdir və gələcəkdə fındığın əkin sahələri və məhsul istehsalını daha da artırmağa imkan var. Bir sözlə, bu gün Azərbaycanın hərtərəfli inkişaf etdirilməsi dövlət siyasətinin prioriteti olaraq qalmaqdadır. Birbaşa Prezident İlham Əliyevin təşəbbüsü ilə iri layihələrin həyata keçirilməsi isə, onu isbatlayır ki, Azərbaycan addım-addım hədəflərinə doğru irəliləyir.
Əsmayə Cavadova,
Beynəlxalq Qadın klubunun rəhbəri, Əməkdar müəllim
Daha çox xəbər:
Müstəqilliyimiz əbədidir II hissə kitabından
Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı
Prezidentin köməkçisi: "Təhsil sahəsində, xüsusilə peşə təhsili sahəsində islahatlar davam etdirilməlidir"
İşçini bundan artıq işlətmək olmaz! - Prezident
Sumqayıtda gənclərin inkişafı üçün hərtərəfli şərait yaradılıb