Siyasət
12:16, 16 Ekim 2020

"Erməni əhalisi bu ərazilərdə heç vaxt yaşamayıb" - Prezident İlham Əliyev

"Erməni əhalisi bu ərazilərdə heç vaxt yaşamayıb" - Prezident İlham Əliyev
"Erməni əhalisi bu ərazilərdə heç vaxt yaşamayıb"

Bilirsiniz, hər bir müharibə qəddarlıq, qurbanlar, insanların iztirabları, yaxın adamların itirilməsi deməkdir. Fərq ondadır ki, Azərbaycan xalqı üçün bu müharibə azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq müharibəsidir. Heç kəs üçün gizli deyil və bu faktı artıq beynəlxalq vasitəçilər də bilir ki, qondarma “Dağlıq Qarabağ ordusu” yoxdur. Bu gün erməni tərəfin belə adlandırdığı birləşmədəki hərbi qulluqçuların 90 faizi Ermənistan vətəndaşıdır. Onlar hərbi xidmətə Ermənistanın hərbi komissarlıqları tərəfindən çağırılır və Azərbaycanın işğal edilmiş ərazilərinə - Ağdama, Füzuliyə, Cəbrayıla, Kəlbəcərə, Qubadlıya, Laçına, Zəngilana göndərilir.

Prezident İlham Əliyev bu barədə Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsində bildirib.

“Bu gün Ermənistanın işğalçı qüvvələri Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərindədir. Buna heç nə ilə haqq qazandırmaq olmaz - istər beynəlxalq hüquq baxımından, istərsə də bəşəri əxlaq baxımından. Başa düşürsünüzmü, 30 il ərzində azərbaycanlıların öz əzəli torpaqlarına buraxılmaması siyasətini yürütmək mümkün deyil. Axı, erməni əhalisi bu ərazilərdə heç vaxt yaşamayıb. Başqa bir məsələ də var ki, orada hər şey dağıdılıb, oraya qayıtmaq üçün çox böyük qüvvə və vaxt sərf etmək lazımdır. Ermənilərin bu siyasətinə heç cür haqq qazandırmaq olmaz. Ona görə ki, bizim hərbi qulluqçular Azərbaycan torpağında döyüşür və həlak olur. Erməni hərbi qulluqçular isə onların hökumətinin işğal altında saxlamaq istədiyi torpaqda həlak olurlar”, - deyə dövlətimizin başçısı əlavə edib.

Tarixdə rol məsələsinə münasibət bildirən Prezident İlham Əliyev deyib: “Mən əvvəllər heç vaxt, indi isə xüsusən bu barədə düşünməmişəm. Mənim əsas amalım Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğum bütün illər ərzində verdiyim vədləri yerinə yetirmək və ölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təmin etməkdir. Mənim rolumun gələcəkdə necə qiymətləndiriləcəyi isə artıq bizim nəyə nail olacağımızdan, Azərbaycan xalqının iradəsindən asılı olaraq müəyyən ediləcək”.
Digər xəbərlər: