Siyasət
“Dedilər oğlun tapılıb və Şuşaya polis rəisi təyin edilib...”
"Əhməd haradadır” filmindəki kimi, dedilər xəbərin var, oğlun tapılıb və Şuşaya Polis rəisi təyin edilib. Amma o nəinki mənim oğlum, heç qohumum da deyil... Mənim oğlanlarımın soyadı da mənim öz rəsmi soyadımdadır - Əli .
“Yeni Sabah” xəbər verir ki bu sözləri yazıçı, filoloq alim, Nazirlər Kabinetinin mətbuat xidmətinin keçmiş rəhbəri Akif Əli deyib
Akif Əli qeyd edib ki, kimsə özünü çoxbilmiş göstərmək üçün köhnə familiyama uyğun "sensasion” feyk xəbər quraşdırıb. O yoxlanmamış xəbər də geniş yayılıb. Əvvəla vəzifəyə təyin edilən adamın "kimin oğlu” olmasının nə fərqi? Bu tip xəbərlər səviyyəsiz dünyagörüşün əlamətidir. Mühüm olanı odur ki, kadr özü keyfiyyətli olsun!
Öyrəndim ki, Şuşaya Polis Rəisi təyin edilən Səməd Məhərrəmov igid bir oğlandır, Vətənə sədaqətlə xidmət edib və xidməti müqabilində Dövlət Başçısının etimadı ilə Nazir onun əməyini qiymətləndirib, məsul və şərəfli bir iş tapşırılıb. Uğurlar arzu edirəm! İnşallah, Şuşaya gedəndə qəbulunda olub şəxsən də təbrik edəcəm.
Ancaq təəssüf doğuran odur ki, indi yoxlanmamış feyk xəbərlər çox sürətlə yayılır və cəmiyyətdə çaşqınlıq yaradır. Düşünürəm, bu hal son 10-15 ildə mediaya başbilənlik etmiş sabiq bazar adamlarının bərbad günə qoyduğu müqəddəs klassik Mətbuatımıza yaraşmayan haldır.
Xüsusən, o təsadüfi gerizəkalı başbilənlərin öz çirkin niyyətləri üçün sosial şəbəkələrdə kor-koranə canfəşanlıqla yaratdığı "Trol ənənələri” respublikamızın və xalqımızın müasir inkişaf dövrü ilə tam ziddiyyət təşkil edir.
Hörmətli media mənsubları!
Artıq zamanın dəyişdiyinin fərqinə varın. Baxın ki, səriştəsiz, qeyri-peşəkar media demək - Qarabağı öz qeyrəti, mərdliyi ilə mənfur düşməndən azad edən qəhrəman Xalqımıza, peşəkar Komandanlığımıza, Müzəffər Ordumuza, gözünü qırpmadan ölümün üstünə gedən şəhidlərimizin şücaətinə və o şəhidləri "Vətən sağ olsun!” deyib mərd-mərdanə qarşılayan müqəddəs Ata-Anaların müdrikliyinə heç uyğun olmayan fəaliyyət növü deməkdir!
Qeyd edək ki bir müddət öncə mətbuatda Şuşa şəhər polis şöbəsinin rəisi təyin edilən Səməd Akif oğlu Məhərrəmovun Akif Əlinin övladı olması ilə bağlı məlumat yayılmışdı.