Sosial
AZAL sərnişin dövriyyəsini açıqladı
2019-cu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın beynəlxalq hava limanlarında 3,81 milyon sərnişinə xidmət göstərilib. Bunun da 85 faizi (3,21 milyon nəfər) paytaxt hava limanının - Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb ki, bu da ötən ilin analoji göstəricisindən 5,2 faiz çoxdur.
Bu barədə Bizimyol.info-ya “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) bildirilib.
Məlumatda bildirilib ki, 2019-cu ilin yanvar-avqust ayları ərzində Naxçıvanın hava limanı 450 min nəfərə xidmət göstərib, 101 min sərnişinə xidmət göstərmiş Gəncənin hava limanı üçüncü yerdədir.
2019-cu ilin 8 ayı ərzində Milli aviadaşıyıcı AZAL 1,4 milyon sərnişinə, Azərbaycanın aşağıbüdcəli aviaşirkəti “Buta Airways” isə 382 min sərnişinə xidmət göstərib.
Paytaxtın hava limanının beynəlxalq uçuşlarda sərnişinlərinin sayı 2,8 milyon nəfər təşkil edib. Populyar aviaşirkətlərin onluğuna milli aviaşirkətlər ilə yanaşı Türk Hava Yolları (Türkiyə, 329 min sərnişin), “FlyDubai” (BƏƏ, 178 min), “Aeroflot” (Rusiya, 134 min), “AirArabia” (BƏƏ, 117 min), “UIA” (Ukrayna, 83 min), “Qatar Airways” (Qətər, 74 min), “Lufthansa” (Almaniya, 46 min) və “SCAT” (Qazaxıstan, 40 min) daxil olublar.
2019-cu ilin avqust ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportunda aktiv sərnişin aviaşirkətlərinin sayı 33-dür. Ümumilikdə onlar 60-dan çox müxtəlif istiqamətlərə uçuşlar həyata keçiriblər.