Cəmiyyət
22:03, 16 Ocak 2020

Yeni virusun Azərbaycan üçün TƏHLÜKƏSİ - MÜSAHİBƏ

Yeni virusun Azərbaycan üçün TƏHLÜKƏSİ - MÜSAHİBƏ
Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyi Çinin Hubei əyalətinin Vuhan şəhərində "2019-cu il dekabrın 31-də naməlum etiologiyalı sətəlcəm xəstəliyinin aşkar olunması ilə bağlı məlumat yayıb.

Məlumatda qeyd edilib ki, yanvarın 9-da Çin hökuməti mediaya bu viruslu sətəlcəmin indiyə qədər aşkar edilməmiş yeni bir koronavirus səbəbindən baş verdiyini bildirib:

"Koronaviruslar soyuqdəymədən tutmuş Orta Şərq Respirator Sindromu və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur”.
Mövzunun aktuallığını nəzərə alaraq Azərbaycanın baş infeksionisti Cəlal İsayevlə müsahibəni təqdim edirik:

- Əvvəlcə koronaviruslar barədə anışaq...

- Koronaviruslar 1965-ci ildə kəşf olunan yeni viruslardır. Bugünədək onların təxminən 37 növü haqqında məlumatlar yayılıb və araşdırılıb. Bu virusun bir sıra növləri isə yüngül xəstəliklərə səbəb olur.

- Koronaviruslara Azərbaycanda da rast gəlinibmi?

- Bəli, bu növlər Azərbaycanda da olub. Mövsüm ərzində kəskin respirator virus infeksiyalarının 9-10 faizə qədəri elə koronavirusların payına düşür. Ancaq Azərbaycanda təsadüf ediləcək növlərin elə bir ciddi təhlükəli fəsadı olmur.

- Bəs virus necə keçir?

- Koronaviruslar hava-damcı yolu ilə keçməklə yanaşı, əlimizlə, qidalarla yoluxma mexanizminə malikdirlər. Bu viruslar xarici mühit şəraitinə davamsızdırlar. Çünki onlar 56 dərəcədə ani olaraq, 37 dərəcədə isə 15 dəqiqə müddətində tələf olurlar. Bu virus dezinfeksiyaedicilərə qarşı da çox həssasdır. Əlimizi davamlı sabunla yusaq, onlar tezliklə tələf ola bilirlər.

- Koronaviruslar hansı xəstəliklərə səbəb olur?

- Virus növlərinin törətdiyi xəstəliklər əsasən yuxarı tənəffüs yollarında və ağciyərlərdə (bronxit və plevmoniya), ya da mədə-bağırsaq (qastroenterit) sistemində yaranırlar. Ancaq xəstəlik yüngül, qısa müddətdə keçdiyi üçün əksər hallarda sağalma ilə nəticələr. Bundan başqa, sözügedən xəstəliklər daha çox uşaqlar arasında olur. Virus uşaqlarda özünü əksər vaxtlarda qastroenterit tipində, az hallarda respirator infeksiya kimi, böyüklərdə isə əksər hallarda respirator infeksiya kimi özünü göstərir.

- Bu virusların müalicəsi necə aparılır?

- Koronavirusların müalicəsində simptomatik müalicə (birbaşa olaraq zəhərin zədələdiyi orqanın funksiyasının bərpasına yönəldilir və əsasən həkimlər tərəfindən həyata keçirilir. Yalnız ağır hallarda – tənəffüsün dayanması, klinik ölüm baş verərsə, yanında olan şəxs təxirəsalınmaz yardım göstərməlidir) növündən istifadə edilir.

- Xəstəliyin yayılması ciddi fəsadlara səbəb ola bilərmi?

- Bildirim ki, koronavirusların bəzi növləri var, onlar ağır olur. Məsələn, 2012-2013-cü illərdə Yaxın Şərqdə olan xəstəliyin növünün törədicisinin dəvələr olması aşkar edilmişdi. Xəstəlik isə dəvələrə qulluq zamanı insanlara keçirdi və yayılırdı. Virusun bu növünə tutulan şəxslərin 30-35 faizində ölüm halları qeydə alınırdı.

Xəstəliyin Yaxın Şərqdə yayılmasına baxmayaraq, Amerikada, Türkiyədə, Almaniyada, Böyük Britaniyada, Fransada və digər ölkələrdə də az olsa da müşahidə olundu. Buna səbəb Yaxın Şərqdə gedərək qayıdan şəxslərin xəstəliyə yoluxmaları olub.

- Çində koronaviruslara aid olduğu ehtimal edilən etiologiyalı sətəlcəm xəstəliyi ilə bağlı nələr məlumdur?

- Məlumatlara görə, artıq Çində 600-dən şəxs bu xəstəliyə yoluxub. Etiologiyalı sətəlcəmin yeni virus növü olduğu ehtimal edilir. İnfeksiyanın dəniz məhsullarından keçməsi barədə də məlumatlar var. Bununla bağlı geniş məlumatlar yoxdur, ona görə də hazırda səbəblər araşdırılır.

Qeyd edim ki, Çində yayılan xəstəliyin Azərbaycanda da yayılması ehtimalı azdır. Ancaq bu hal Çinə gedən və ya Çindən qayıdan vətəndaşlar vasitəsilə ölkəyə gələ bilər. Ona görə yoluxma halları ehtimalı azdır. Çünki bu xəstəlik sıx əlaqə vasitəsilə keçə bilir.
Digər xəbərlər: