Cəmiyyət
20:28, 07 Nisan 2020

“Atletlər kəndi”ndə nə baş verir?- Karantində olan jurnalistin qeydləri

“Atletlər kəndi”ndə nə baş verir?- Karantində olan jurnalistin qeydləri
"Atletlər kəndi"ndə karantində saxlanılan şəxslərin bəzilərinin etiraz etməsinin səbəbi məlum olub. Belə ki, karantində olan bəzi şəxslər müddətin uzadılmasından narazı qalıb.

Musavat.com xəbər verir ki, xarici ölkələrdən Azərbaycana gələn vətəndaşların bir hissəsi "Atletlər kəndi"ndə yerləşdirilib. Aprelin 5-də orada olan şəxslərdən bir hissəsi 14 günlük karantin müddəti başa çatdıqdan sonra evə buraxılıb. Həmin şəxslərin iki dəfə koronavirusla bağlı testdən keçirildiyi bildirilir.

Aprelin 6-da gecə saatlarında isə karantində saxlanılan şəxslərin bir qrupu etiraz ediblər. Onlar karantin müddəti başa çatdığını- 14 gün tamam olduğunu əsas gətirərək evə buraxılmalarını tələb ediblər. Lakin onlara karantin müddətinin bir neçə gün davam edəcəyini deyiblər.

Narazı şəxslərdən bəziləri etiraz olaraq binanın pəncərələrindən əşyaları həyətə atıblar. Hadisəyə polis əməkdaşları müdaxilə edib və onları sakitləşdirib.
Karantində olanlar arasında araşdırmaçı-yazar, "Çapar" dərgisinin baş redaktoru Dilqəm Əhməd də var.

Türkiyədən qayıtdıqdan sonra karantinə alınan və orada olduğu müddətdə hadisələrə şahidlik edən Dilqəm Əhməd baş verənlər haqqında öz feysbuk hesabında məlumat paylaşıb.

Dilqəm Əhməd yazır ki, karantində olan bir qrup vətəndaşın aqressiyası, evə tez getmək arzusu onlara 5-6 saat həyəcan yaşadıb.
"Onlar içməli 5 litrlik su dolu qabları, stulları, boşqabları aşağı atdı. Az qala bir uşağın başına düşmüşdü. Halbuki həmin həyəti yarım aydır canla-başla xidmət edən xadimələr təmizləyəcək. Onların gündəlik gülən üzü, qayğısı qarşısında biabırçılıq idi.

İngiltərə Baş nazirini belə yatağa sərən bu virus qarşısında karantin tədbirləri alınması ən normal hadisədir və onun müddətini, evə yola salınma qaydalarını hər halda vətəndaş müəyyənləşdirmir. Nə dövlətə, nə də vətəndaşa burada artıq qalmaq sərfəlidir. Prosedur qaydasına uyğun buraxılacaq hamı.
Kənd ərazisi böyük olduğu üçün onsuz da növbəli şəkildə polis və əsgər tərəfindən qorunur. Əmin olun ki, nəzarət olmasa, xaos yaranar. Törədiləsi hər hansı yanğın hadisəsinə görə (bu potensialda vətəndaşlar var) yanğınsöndürən maşının hadisə yerində olması normaldır.

İnsanların müxtəlif səbəblərdən evə getmək istəməsi normaldır, amma belə günlərdə fərdi yox, ümumi yanaşma sərgilənməsi daha təbiidir.
Allah hamıya səbir versin",- deyə Dilqəm Əhməd yazıb.
Digər xəbərlər: