Cəmiyyət
63 pilləli keçidin lifti niyə işləmir?
Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində tikilən və yeni istifadəyə verilən yerüstü piyada keçidi Bakıdakı digər keçidlərdən pilləkən sayına, uzunluğuna, üstü açıq olmasına görə fərqlənir. Keçiddə eskalatorlar qurşadırılmadığından xüsusilə yaşlı şəxslər düşüb-qalxarkən əziyyət çəkirlər. Keçidə lift quraşdırılsa da, hələlik istifadəyə verilməyib. Bu da keçiddən çox istifadə edənlərin narahatlığına səbəb olub.
Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentiliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, keçiddə quraşdırılan lift karantin rejimi ilə əlqədar istifadəyə verilməyib.
A.Nəcəfli bildirib ki, yerüstü keçidin lifti karantin müddəti başa çatdıqdan sonra istifadəyə veriləcək:
“Lift tam quraşdırılıb və işlək vəziyyətdədir. Sadəcə karantin rejimi ilə əlaqədar olaraq hələlik istifadəyə verilməyib. Bilirsiniz ki, lift kabinlərində məsafə saxlama problemi olur. Məhz bu nəzərə alınaraq lift istifadəyə verilməyib”.
A.Nəcəfli bildirib ki, lift işləməsə də, liftə nəzarət olunur və əraziyə kameralar quraşdırılıb.
Xatırıladaq ki, inşasına 2018-ci ildə başlanan keçidin uzunluğu 130, eni isə 3 metrdir, pilləkənlərinin sayı 63-dür.