Gündəm
Süleyman Soylu: “Suriyada Türkiyənin böyük şəhərləri üçün terror hazırlıqları görülür”
“Suriyadan Şimali İraqa qədər olan ərazidə terror univeristetləri, akademiyaları səviyyəsində təlim mərkəzləri fəaliyyət göstərir. Məsələn, pilotsuz, havadan necə bomba atılır, bu öyrədilir. Bütün bunlar Türkiyə üçün təhlükədir”.
Türkiyə Daxili işlər naziri Süleyman Soylu CNN-Türk televiziyasının “Tərəfsiz bölgə” proqramına müsahibə verərkən bu fikirləri bildirib.
Nazirin “Türkiyənin Suriyada nə işi var” sualına cavabı belə olub: “Əgər Türkiyə Suriyada mübarizəsindən əl çəkərsə, bu, bölgədə terror dəhlizinin yaranmasına, Türkiyə üçün böyük təhlükələrə yol açar. İdlibdən Türkiyəyə doğru köçlə bərabər terror da gəlir. Suriyanın içərisində Türkiyə üçün yeni terror texnologiyaları, terror təzyiqləri yaradılır. Yəni Türkiyənin böyük şəhərlərini bir anda partladıb, 100 minlərcə insanı məhv edə biləcək hazırlıqlar görülür. Biz bu gün üç ton yarımlıq partlayıcı maddə aşkarladıq və bu cür araşdırmalarımız davam edir. Bu terror hazırlıqlarında PKK-nın da, İŞİD-in də iştirakı var. Biz indiyədək minlərlə partlayış hadisəsinin qarşısını almışıq”.(apa)