Gündəm
15:14, 07 May 2020

Azərbaycanın dünyaya təsir imkanları genişlənir: Qarabağın azad olunmasına aparan yol - ŞƏRH

Azərbaycanın dünyaya təsir imkanları genişlənir: Qarabağın azad olunmasına aparan yol - ŞƏRH
“Qoşulmama Hərəkatının Təmas Qrupu formatında keçirilən Zirvə görüşü çox əhəmiyyətli hadisədir”.

Bunu Oxu.Az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

40-a yaxın ölkənin dövlət və hökumət başçısının, xarici işlər nazirlərinin, BMT Baş Assambleyasının prezidenti, Afrika İttifaqının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun iştirak etdiyi Zirvə toplantısı Azərbaycana və dövlət başçımıza olan inamın, etibarın və etimadın göstəricisidir.

Zirvə görüşündə Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borel də iştirak edib. Bununla yanaşı, iclasda BMT baş katibi Antonio Quterreşin də videomüraciəti dinlənilib.

Ekspert Q.Hüseynli xatırladıb ki, Avropa İttifaqının nümayəndəsinin konfransa qoşulması ilk belə hadisədir.

“Azərbaycan diplomatiyasının səyi və təşəbbüsləri ilə əks qütblərdə dayanan qüvvələri bir araya gətirmək mümkün oldu. Məqsəd isə koronavirusa qarşı mübarizənin effektiv yollarını tapmaqdan ibarət idi”, - deyə Q.Hüseynli vurğulayıb.

Onun fikrincə, Qoşulmama Hərəkatının Təmas Qrupu formatındakı Zirvə görüşü Azərbaycanın beynəlxalq münasibətlər sahəsində ən çevik, dinamik addımlarından biridir.

Q.Hüseynlinin sözlərinə görə, Azərbaycan dünya səviyyəli siyasi oyunçu missiyasını yerinə yetirmək üçün vacib addımlar atır:

“Azərbaycanın həm dünya siyasi proseslərindəki xüsusi çəkisi, həm də beynəlxalq münasibətlərə təsir imkanları genişlənir”.

Politoloqun fikrincə, Azərbaycanın fəal siyasəti Dağlıq Qarabağ problemini dünya miqyasında daha yaxşı tanıtmaq, münaqişənin həlli yollarını beynəlxalq ictimaiyyətə qəbul etdirmək baxımından da önəmlidir.

“Cəsarətlə demək olar ki, rəsmi Bakının siyasəti çox da uzaq olmayan müddətdə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə lazımi yollar açacaq. Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə atdığı addımları alqışlamaq lazımdır”, - deyə Q.Hüseynli əlavə edib.

Xatırladaq ki, mayın 4-də Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib.

Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak əsasında bütün regional qruplardan olan ölkələr təmsil olunublar.
Digər xəbərlər: