Gündəm
“Hazırda yolumuz Zəngilan və Qubadlıyadır”
Azərbaycanın şanlı Ordusu 1993-cü il, 23 avqust işğal tarixinin üstündən bir xətt çəkərək, üzərinə 2020-ci il, 17 oktyabr zəfərini yazdı.
Bəli, Ordumuz Füzuli şəhərini öz sahiblərinə qaytardı və 27 il qəvi düşmənin tapdağı altında olan qədim bölgə işğaldan tamamilə azad edilib.
1993-cü il, 23 avqust həm də eyni gündə Cəbrayıl şəhərinin işğal olunması tarixi idi.
Cəbrayılın üstündən bu tarix daha erkən - oktyabrın 4-də götürüldü, şəhərimiz azad edildi, daha 23 avqust yoxdur, 4 və 17 oktyabrlar var...
Əslində çoxdan gözlənilən Füzulinin azad edilməsi böyük perspektivlərdən xəbər verir. Çünki bu şəhər işğal olunanda deyilirdi ki, Cəbrayıl, Zəngilan və Qubadlı mühasirəyə salınır.
Madam belədir, o halda Füzulinin azad olunması Ordumuzun Zəngilan və Qubadlının da tezliklə işğaldan qurtarması üçün əlverişli imkanlar açılır.
Füzulinin işğal olunaraq darmadağın edilməsi ilə dünya növbəti erməni vandalizminin klassik nümunəsinin şahidi olmuşdu.
İşğal edilən Füzulinin 51 kəndi və rayon mərkəzi ermənilər tərəfindən viran qoyulmuşdu, 55 min nəfərə yaxın sakin doğma yurdundan didərgin düşmüşdü.
Bu gün Füzulidən yayılan videokadrlardan da görünür ki, 27 il ərzində düşmən daşı daş üstündə qoymayıb...
Arazboyu ərazilərin düşməndən geri alınmasının Silahlı Qüvvələrimizə böyük strateji üstünlüklər qazandırdığı deyilir.
Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, Füzulinin işğaldan azad olunması avtomatik olaraq Qubadlı və Zəngilanın da azad edilməsi üçün böyük imkanlar açır. Onun sözlərinə görə, bu sırada əsas əhəmiyyət Cəbrayıla verilmişdi və ardınca Füzulinin azad edilməsi həmin rayonların qısa zamanda nəzarətimizə keçməsi deməkdir.
“Çünki ermənilər Araz boyunca uzun müddət davam gətirə bilməzlər. Bu istiqamətdə əsas yol Füzulidən keçirdi.
Oranın relyefi elə idi ki, silah, yanacaq, sürtkü materialları, ərzaq Füzulinin ərazisindən ermənilərə gedirdi.
Artıq Füzuli azad olunubsa, düşmən məcbur qalaraq ya İran ərazisindən hansısa çarə qılmalıdır, ya da orada məhv olacaqlar. Odur ki, Füzulinin azad edilməsinin böyük əhəmiyyəti bundan ibarətdir", - deyə Ü.Cəfərov açıqladı.
Ekspert qeyd etdi ki, Hadrut, Tuğ və strateji əhəmiyyətli digər ərazilərin, indi isə Füzulinin azad edilməsi Şuşaya yaxınlaşmaq deməkdir: “Bunun açıqlaması belədir. İnşallah, tezliklə müzəffər ordumuz Şuşada bayrağımızı dalğalandıracaq.
Ümumiyyətlə, Füzuli böyük rayondur. Qubadlı və Zəngilan ərazisinə görə Füzulidən balacadır. Düşmən Füzulidə qarnizon yaratmışdı, ətrafları bununla təmin edirdi. İndi o imkanlar olmayacaq".
Hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, məqsəd Azərbaycan-İran dövlət sərhədini tamamilə işğalçılardan azad etməkdir:
“Ümumiyyətlə, Cəbrayıl rayonu strateji cəhətdən Qarabağın cənub hissəsində yerləşən çox vacib rayonlardan biridir, strateji əhəmiyyətinə görə Füzuli ilə eyni səviyyədədir.
Cəbrayıl rayonu işğal altında olan ərazilərdə cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd rayonu ilə həmsərhəddir.
Bu, onu deməyə əsas verir ki, Azərbaycan Ordusunun Cəbrayıl istiqamətində həyata keçirdiyi sürətli əməliyyat əbəs deyil.
Məqsəd Azərbaycan-İran dövlət sərhədini tamamilə işğalçılardan azad etmək və bu istiqamətdə Azərbaycanın konstitusion qayda-qanunlarının tətbiq olunmasını həyata keçirməkdir".
Ekspert qeyd edib ki, Arazboyu istiqamətdə həyata keçirilən əməliyyatlar məhz mərhələli şəkildə Zəngilan və Qubadlı istiqamətində Azərbaycan Ordusunun möhkəmlənməsinə xidmət edir:
“Ermənistan hərbi komandanlığı gözləyirdi ki, Azərbaycan Ordusu əvvəlcə bütün qüvvələrini Füzuliyə cəmləşdirəcək, sonra bu proses Cəbrayıla yönələcək və ona görə də onlar Füzuli istiqamətində mövqelərini həddən artıq gücləndirmişdilər.
Lakin Azərbaycan Ordusu manevr edərək hər iki istiqamətdən düşmənin müdafiə eşelonunu darmadağın etdi, Cəbrayılda ardıcıl uğurlu hərbi əməliyyatlar keçirdi və strateji mövqeləri geri qaytardı.
Hazırda əlbəttə ki, yolumuz Zəngilan və Qubadlıyadır. Hesab edirəm ki, qısa zamanda Azərbaycan Silahlı Qüvvələri cənub istiqamətindəki Zəngilanın son nöqtəsinədək gedəcək və Azərbaycan bayrağını orada da ucaldacaqlar.
Artıq hərbi əməliyyatlar Qubadlı istiqamətinə keçdikdə Ermənistan ordusunun qərbdəki halqası daralmağa başlayacaq".
Bu arada Rusiya mətbuatı yazıb ki, Ermənistan ordusu özünün 20-ci əsrin 80-ci illərinə aid taktika və silahları ilə Azərbaycanın 21-ci əsrə aid silahlara məxsus, yüksək döyüş ruhu və başlanan işi sona çatdırmaq niyyəti olan ordusunu dayandıra bilməz.
Qeyd olunur ki, Azərbaycan Dağlıq Qarabağda parlaq qələbə qazanıb, Ermənistan isə məğlub olub və onun Qarabağdan çıxması an məsələsidir: “Aradakı fərqi ortaya çıxaran əsas amil müdafiə planlaşdırmasına yeni yanaşma, idarəçilik və kəşfiyyatın, o cümlədən kosmik kəşfiyyatın keyfiyyəti, havada üstünlük, hava hücumundan müdafiə sistemlərinin məhv edilməsi taktikası olub.
Ermənistan artıq 700-dən çox hərbçisinin həlak olduğunu açıqlayıb. Bu, yaralılar da nəzər alınmaqla erməni döyüş bölmələrinin qüvvəsini itirdiyini göstərir. Həm də onların pilotsuz uçuş aparatları probleminə qarşı həlli yoxdur".
Daha çox xəbər:
Rauf Əliyev: Azərbaycan şanlı tarixini yazır
SON DƏQİQƏ: Bu ərazilər də AZAD EDİLDİ, ordumuz sürətlə irəliləyir
Yurdu işğaldan azad olunan cəbrayıllının sevinc göz yaşları: “Daha qaçqın deyiləm” - VİDEO
13 kənd işğaldan azad edildi
Azərbaycan Prezidenti Cəbrayıl rayonunun işğaldan azad olunmuş doqquz kəndinin adını açıqlayıb