Gündəm
15:37, 14 Ocak 2021

Sahil Babayev: “Azərbaycan minimum və orta aylıq pensiya üzrə MDB ölkələri arasında liderliyini qoruyur”

Sahil Babayev: “Azərbaycan minimum və orta aylıq pensiya üzrə MDB ölkələri arasında liderliyini qoruyur”
“Azərbaycan həm minimum, həm də orta aylıq pensiya üzrə MDB ölkələri arasında liderliyini qoruyur”.

Bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında bildirib.

“Fakt Yoxla” nazirin dediklərinin doğru olub-olmadığını araşdırıb.

Hazırda Müstəqil Dövlətlər Birliyində (MDB) tam hüquqlu 9 üzv dövlət var.

“Fakt Yoxla” da məhz bu ölkələri araşdırmaya cəlb edib.

İddia 2020-ci ilin dekabr ayında səsləndirilib. Ən son statistika 2019-cu ilə aid olduğu üçün həmin dövr nəzərə alınıb.

Qeyd edək ki, MDB Dövlətlərarası Statistika Komitəsinin yeni açıqladığı “2016-2019-cu illərdə MDB dövlətlərində əhalinin həyat keyfiyyəti göstəricilərinin monotorinqi” adlı son hesabata görə, 2019-cu ilin yekunlarına əsasən birliyə üzv olan ölkələr arasında minimum (baza) pensiyasının məbləği aşağıdakı kimi olub:

Belarus - 149 dollar,

Qazaxıstan - 137 dollar,

Azərbaycan - 118 dollar,

Türkmənistan - 88 dollar,

Rusiya - 86 dollar,

Ukrayna - 69 dollar,

Moldova - 63 dollar,

Özbəkistan - 46 dollar,

Ermənistan - 33 dollar,

Qırğızıstan - 28 dollar,

Tacikstan - 19 dollar.

MDB ölkələri üzrə sosial pensiyaların məbləği də üzv-dövlətlər üzrə xeyli fərqlənir.

Azərbaycanda 2006-cı ildən etibarən “sosial pensiya” anlayışı “sosial müavinət” termini ilə əvəzlənib.

Sosial pensiya (yaxud müavinət) pensiya yaşına çatan, lakin zəruri həcmdə pensiya kapitalına və sığorta stajına malik olmayan şəxslərə dövlət büdcəsi hesabına ödənilir.

Birlik ölkələri üzrə sosial pensiyaların məbləği aşağıdakı kimi olub:

Rusiya - 150 dollar,

Qazaxıstan - 113 dollar,

Belarus - 102 dollar,

Azərbaycan - 76,5 dollar,

Ukrayna - 69 dollar,

Özbəkistan - 42 dollar,

Qırğızıstan - 42 dollar,

Tacikstan - 17 dollar.

MDB məkanında orta aylıq pensiyaların məbləğinə gəldikdə, hesabata əsasən ölkələr üzrə göstəricilər aşağıdakı kimi dəyişir:

Rusiya - 257 dollar,

Qazaxıstan - 214 dollar,

Belarus - 212 dollar,

Azərbaycan - 172 dollar,

Ukrayna - 129 dollar,

Moldova - 107 dollar,

Qırğızıstan - 89 dollar,

Ermənistan - 86 dollar,

Özbəkistan - 76 dollar,

Tacikstan - 33 dollar.

Beləliklə, təqdim olunan faktlardan göründüyü kimi, MDB ölkələri arasında Azərbaycan minimum (baza) pensiyasının məbləğinə görə 3-cü yerdə, orta aylıq əmək pensiyasının məbləğinə görə 4-cü yerdə, sosial pensiyaların məbləğinə görə isə 4-cü yerdə qərarlaşıb.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, nazir Sahil Babayevin iddiası yanlışdır.
Digər xəbərlər: