Gündəm
13:00, 27 Ocak 2021

Vətən Müharibəsində öz vətəndaşlıq borcumuzu yerinə yetirdik

Vətən Müharibəsində öz vətəndaşlıq borcumuzu yerinə yetirdik
30 ildir ki, mənfur düşmən tapdağı altında qalan, bitməyən həsrətimiz, qapanmayan qəlb yaramız- QARABAĞ! Bu gün 30 illik böyük həsrətin ardından sücayətli Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə yeni, şanlı, qürurverici tarixini yazır. İllərdən bəri bütün Azərbaycan xalqı bu zəfər dolu günlərin həsrəti ilə yaşayırdı. Bizim doğma torpaqlarımız artıq 30 ildir ki, düşmən tərəfindən idarə olunur. Bu torpaqlarda, doğulan, onun suyu ilə, çörəyi ilə bəslənən havasını içinə çəkən milyonlarla insan 30 il əvvəl böyüdükləri torpaqlardan didərgin düşdülər. Günahsız insanların, körpələrin, qadınların, ahıl yaşlıların çarəsizliyindən istifadə edən qəlbsiz düşmən onları bu torpaqlardan qovmaqla qalmadı.
Yüzlərlə insanı müxtəlif işgəncələrlə, layiq olmadıqları cəzalar ilə təkcə torpaqlarından deyil, bu dünyadan da ayırdı. Uzun illik tarixlərdən bəllidir ki, Qarabağ-Azərbaycanın ayrılmaz hissəsi, döyünən ürəyidir. Qarabağın özü kimi, mənasıda Azərbaycana aiddir. Düşmən işğal etdikdən sonra Azərbaycanın Qarabağ üzərindəki haqqını aldığını düşünürdü və bu artıq belə bir hala gəlmişdi ki, ermənistan xalqı illərdən bəri sürən Qarabağ-Ermənistandır yalanına özlərini inandırmağa başlamışdır.
Son üç ayda ermənistan silahlı qüvvələri müxtəlif yollar ilə 3 dəfə Azərbaycan respublikasına hücumlar etmişdir. Cavab atəşi ilə susdurulmasına baxmayaraq məğlub olmaqdan yorulmayan düşmən, 27 sentyabr 2020-ci il tarixində Dağlıq Qarabağa qarşı hərbi hücuma keçmişdir. Düşmənin bu addımı atmaqda niyyəti yeni Azərbaycan ərazilərini işğal etmək idi. Hərbi hücumların ilk saatlarında bizim mülki şəxslər və hərbi qulluqçularımız arasında qurbanlarımız olsa da, artıq səbr kasası daşan Azərbaycan ordusu və Ali Baş Komandan İlham Əliyev əks hücuma keçmək məcburiyyətində qaldı. Və beləliklə də, 30 illik yurd, vətən, torpaq həsrətinə son qoyan o zəfərli günlər başladı.
Düşmən atdığı addımlardan, gözü qapalı qurduğu xain siyasətdən peşman oldu və olacaq! 27 sentyabrdan başlayan əks həmlə əməliyyatlar nəticəsində torpaqlarımızın bir hissəsi işğalçılardan azad edilmişdir. Bu gün 27 oktyabr vətən müharibəsindən 1 ay ötür. Müzəffər Ali Baş Komandan və Azərbaycan ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində 4 şəhər, 3-dən və 150-dən çox qəsəbə və kənd işğalçılardan azad edilmişdir. Bu qürur hissini sözlərlə ifadə etmək mümkünsüzdür. 27 sentyabr-27 oktyabr tarixinədək; Cəbrayıl rayonu, Hadrut kəndi, Füzuli rayonu, Zəngilan rayonu və Qubadlı rayonu o cümlədən bu şəhərlərin çoxsaylı kəndləri və qəsəbələri tapdağ altında qalmaqdan azad olmuşdur. Qüdrətli Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı azad etməyə davam edir və edəcək. Sonuncu düşmən əsgəri bizim doğma yurdumuzdan çıxmayanadək biz öz haqlı mübarizəmizdən əl çəkməyəcəyik.
İllərdir möhtərəm prezidentimiz cənab İlham Əliyevin apardığı danışıqlar sülh yolu ilə Qarabağı qaytarmaqa çalışması bir nəticə vermədiyindən və Azərbaycan xalqı bir 30 il daha gözləmək istəmədiyindən bu mübarizəmiz doğma dədə-baba yurdumuzu geri alanadək dayanmayacaqdır. Bizim bu haqlı mübarizəmizdə bizə hər zaman dəstək olan ilk növbədə qardaş Türkiyə və daha sonra Pakistan, Ukrayna və bir çox ölkələrlə yanaşı bizim haqlı mübarizəmizdə bizi haqsız göstərən ölkələrdə var. Lakin prezident İlham Əliyev 27 sentyabrdan verdiyi bütün müsahibələrdə bizim savaşımızın nə dərəcədə düzgün, haqlı olduğunu, bu söhbətlərin heç bir əsasının olmadığını və bu günədək heç bir sübut göstərmədiklərini dəfələrlə vurğulamışdır. ermənistan faşist ölkədir. Bu bir ay ərzində keçirtdiyi terror aktları nəticəsində 65 mülki şəxs həlak olmuş, çoxsaylı insanlar yaralanmışdır.

Vətən Müharibəsində öz vətəndaşlıq borcumuzu yerinə yetirdik

17 oktyabr tarixində Gəncə terroru nəticəsində 13 mülki şəxs həlak olmuşdur. Bunların arasından yaş yarımlıq körpələr var. Atəşkəs rejimi üçün yalvaran düşmən atəşkəsin ilk günü bu addımı atmışdır. Lakin Azərbaycan ordusu düşmənə layiqli cavabı döyüş meydanında verir, verəcək. Prezidentin vurğuladığı kimi "Biz heç vaxt mülki şəxsləri çarəsiz insanları hədəf almamışıq və almayacağıq!" Bunu etməkdə düşmənin niyyətinin nə olduğunu hər kəs bilir lakin, bəzi ölkə rəhbərləri bunlara gözü qapalı baxır, gizli yollar ilə pulsuz, ermənistana silahlar göndərir.
Nə qədər dirənsələrdə biz bu haqlı mübarizəmizdən alnı açıq-üzü ağ çıxacağıq! Biz Dağlıq-Qarabağın müstəqilliyini tanımamışıq, tanımayacağıq! Zəfər dolu günləri hələ çox yaşayacağıq. İlham əliyev Azərbaycanın ən yeni tarixini yazan, yenilməz sərkərdə, doğru siyasətindən dönməyən, müdrik prezident kimi tarixdə yaddaşlarda qalacaq! Ən yaxın zamanda Qarabağımız bizə qayıdacaq, bizlər orada rahat Azərbaycan respublikasının yenilməz üçrəngli bayrağını dalğalandıracağıq. Qələbə bizimlədir! Allah Azərbaycanın şanlı ordusunu, Ali Baş Komandanı İlham Əliyevi və Azərbaycan xalqını qorusun. Yaşasın Azərbaycan! Qarabağ-Azərbaycandır!

Vətən Müharibəsində öz vətəndaşlıq borcumuzu yerinə yetirdik

P.S. Mən, Əliyev Sahib Mehti oğlu Sabuncu rayon Nardaran Bələdiyyəsinin Vergi müfəttişi olaraq öz vətəndaşlıq borcumu Cəbrayıl, Füzuli və Zəngilanın azad olunması uğrunda Vətən Müharibəsində yerinə yetirdim.

İmza: Sahib Əliyev
Nardaran Bələdiyyəsinin Vergi Müfəttişi
Digər xəbərlər: