Gündəm
Bu qələbələr Azərbaycan xalqına özünəinamı qaytardı
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatı ölkəmizin tam qələbəsi və düşmənin kapitulyasiyası ilə nəticələndi. Bununla da Vətən müharibəsi başa çatdı. Azərbaycan bu döyüşdə parlaq qələbə qazandı, işğal aldındakı torpaqlarımız yağılardan təmizləndi. Müzəffər ordumuz düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərdi, məqsədi uğrunda inadından dönmədi, əzmlə, cəsarətlə zəfər yürüşünü son nəticəyə qədər davam etdirdi. İkinci Qarabağ müharibəsində şanlı ordumuz döyüşlərin getdikcə şiddətli xarakter almasına, düşmənin müqavimət göstərməsinə baxmayaraq, qəhrəmanlıq nümayiş etdirdi. Nəticədə 44 gün ərzində 300-ə yaxın kəndi, 5 şəhər və 4 qəsəbəni, çoxsaylı strateji yüksəklikləri işğalçılardan təmizlədi, qəsbkarın texnikasına, canlı qüvvəsinə ciddi zərbə vurdu. Müharibənin sonunda isə Ermənistan ordusunu artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirən, başıpozuq dəstələrə çevirdi. Azərbaycan Ordusu Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardıca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi işğalçıdan təmizləməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Beləliklə, sentyabrın 27-dən başlanan müharibə sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma müddəalarının ölkəmiz üçün ən sərfəli variantı belə hazırda Azərbaycanın əldə etdiyi üstünlüklə müqayisəyə gələ bilməz. Başqa sözlə, 30 il ərzində aparılan danışıqlar prosesində düşmən dövlət reallaşdırmaq istədiklərinin heç birini həyata keçirə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi gerçəkləşmədi, bu bölgədə yeni erməni dövlətinin yaradılması planları isə tamamilə alt-üst oldu. Yaxşı xatırlayırıq, 30 illik sülh danışıqları zamanı hər vəchlə Ermənistanın maraqlarının təmin edilməsinə cəhdlər olunurdu, Azərbaycan Silahlı Qüvvələri keçmiş DQMV-yə, o cümlədən Şuşa şəhərinə girməsinə, ümumiyyətlə, yaxına buraxılmırdı. Hətta keçmiş Şaumyan, indiki Goranboy rayonunun bir hissəsinin ermənilərin nəzarətinə verilməsi tələb edilirdi. Lakin Böyük Qələbə ilə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev yeni bir reallıq yaratdı, Şuşa şəhəri də daxil olmaqla, Dağlıq Qarabağın böyük bir hissəsi Azərbaycan Ordusunun nəzarətinə keçdi. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdən bəri formalaşdırılan mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyünü gerçəkləşdirdi. Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar verilə bilməz. İnzibati ərazisi xeyli böyük olan Kəlbəcərin, Ağdamın və Laçının şəhid vermədən, qan tökülmədən geri qaytarılması da reallaşdı. Şuşa şəhəri, Xocavənd, o cümlədən Hadrut qəsəbəsi, Kəlbəcər, Ağdam və Laçının geri qaytarılması isə Dağlıq Qarabağa gedən bütün strateji yolların, yüksəkliklərin, kommunikasiya xəttlərinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçməsi ilə yekunlaşdı.
Burada bir məqamı da unuda bilmərik. Belə ki, Azərbaycanın 20 faiz ərazisinin 30 il işğal altında saxlanılması təsadüfi deyildi. Bu, erməni faşizminə dünyanın nüfuzlu dövlətlərinin biganə münasibət bəsləməsinin nəticəsi idi. Fikrimin təsdiqi olaraq diqqəti faktlara yönəltmək istərdim. Elə beynəlxalq təşkilatların 1988-ci ildə erməni cəlladları tərəfindən azərbaycanlıların Qərbi Azərbaycanda, Dağlıq Qarabağda və ətraf bölgələrdəki dədə-baba yurdlarından didərgin salınanda, Ermənistanın BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnaməsinin heç birini yerinə yetirməyəndə, işğalçı ölkənin baş naziri Nikol Paşinyan mənfur əməlləri ilə dəfələrlə sülh danışıqlarını pozanda, ayrı-ayrı vaxtlarda “Artsax Ermənistandır, nöqtə” kimi təcavüz xarakterli şüarlar səsləndirəndə, bütün bunlarla bərabər, qəsbkar dövlətin siyasi rəhbərliyi Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırma siyasətini davam etdirəndə, terrorçuları həmin bölgələrdə yerləşdirəndə səssiz qalmaları bunun bariz ifadəsidir. İndiki müharibədə də beynəlxalq təşkilatlar düşmənin mülki vətəndaşlarımızı atəşə tutmasını, infrastrukturumuzu dağıtmasını, bir sözlə, ali bəşəri dəyərlərə zərrə qədər də olsun hörmət etmədiyini görəndə də susdular. Burada bir tarixi həqiqəti də qeyd etmək istərdim. Belə ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda yaşanan xaos, özbaşınalıq da ermənilərin torpaqlarımızı tapdaq altına salmalarına şərait yaratdı. Dövlətimizin başçısı İlham Əliyev işğaldan xilas olunan Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırandan sonra etdiyi çıxışda bu barədə danışaraq bildirdi ki, 1990-cı illərin əvvəllərində Azərbaycanın başında duranlar ordu quruculuğuna fikir vermirdilər, ölkəmizi xaosa, anarxiyaya sürükləyirdilər. O illərdə torpaqlarımız işğal altına düşəndə ovaxtkı hakimiyyət vətəndaş müharibəsi başlamışdı, AXC-Müsavat cütlüyü öz əsgərlərini əsir götürmüşdü, Gəncəni bombalamışdı. Ona görə də erməni təcavüzkarlarına torpaqlarımızı işğal etmək fürsəti yarandı: “Azərbaycan xalqı o mənfur hakimiyyəti bir ildən sonra yox etdi, süpürüb atdı. Heydər Əliyev hakimiyyətə gələndən sonra bütün müsbət meyillər inkişaf etməyə başlamışdır. Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi...”.
Bəli, belə bir mükəmməl nizami ordunun əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub. Dövlətimizin başçısı İlham Əliyev isə son 17 ildə bu məsələyə xüsusi önəm verib. Bunun üçün, ilk növbədə, ölkəmizdə milli həmrəylik, xalq–iqtidar birliyi yaradılıb, ciddi kadr islahatı aparılıb, cəmiyyətdə sosial ədaləti gerçəkləşdirmək üçün bir sıra sosial-iqtisadi islahatlar həyata keçirilib. Eyni zamanda, güclü iqtisadiyyat qurulub, karbohidrogen ehtiyatlarının hasilatı və ixracı istiqamətində mühüm addımlar atılıb. Ölkə Prezidenti ordu quruculuğunu bütün yuxarıda sadalananlarla paralel aparıb. Ona görə də Ali Baş Komandan İlham Əliyev Ermənistana sarsıdıcı hərbi zərbənin vurulmasında xalq–iqtidar–ordu amilinin əhəmiyyətini yüksək dəyərləndirib. İkinci Qarabağ müharibəsi Azərbaycanın haqq, ədalət mübarizəsi idi. Amma buna baxmayaraq, savaş günlərində də Ermənistanın havadarları işğalçını dəstəkləməkdən çəkinmədilər. Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilən Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırandan sonra etdiyi çıxışda bu barədə dedi: “Bu 44 gün ərzində demək olar ki, müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan müxtəlif təzyiqlər, təhdidlər olurdu, sifarişlər, mesajlar, siqnallar göndərilirdi. Mən demişdim ki, heç kim bizim qabağımızda dura bilməz, sona qədər gedəcəyik. Mənfur düşmən şərtlərimizi qəbul etməlidir, dəqiq tarix göstərməlidir və məcbur olub göstərdi də. Ona görə bu günlərdə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları möhtəşəm Qələbəmizi böyük qürur hissi ilə qeyd edir...”.
Anar Hüseynov
Tarixçi-araşdırmaçı,
Politoloq