Gündəm
Qələbə soraqlı zəfər yürüşü
Üçrəngli bayrağımızın 44 gün ərzində Cəbrayılda, Horadizdə, Füzulidə, Zəngilanda, Şuşada, 300-ə yaxın yaşayış məntəqələrimizdə və ən mühüm strateji yüksəkliklərimizdə dalğalanması Ali Baş Komandanımız İlham Əliyevin yüksək və məğlubedilməz sərkərdəlik qabiliyyətinin, ordumuzun, xalqımızın qırılmaz gücünün, möhkəm iradəsinin, monolit birliyinin və vəhdətinin çox parlaq bir nümunəsidir. Heç şübhəsiz, bu şanlı, tarixi qələbənin böyük əhəmiyyəti və əvəzolunmaz yeri qədirbilən xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək və heç vaxt unudulmayacaqdır. Doğma torpaqlarımızın düşmən tapdağından azad edilməsi Azərbaycan xalqının öz ərazi bütovlüyünü bərpa etməklə siyasi-iqtisadi qüdrətini təsəvvüredilməz dərəcədə artırmağa və yüksəltməyə imkan verəcəkdir. Dağlıq Qarabağ və onun ətrafındakı rayonlar nəinki ölkəmizdə, həm də Cənubi Qafqazda mədəniyyət mərkəzi olmasını tez bir zamanda sübut edəcək. Eyni zamanda, bu rayonlar zəngin və tükənməz təbii ehtiyatları ilə beynəlxalq ticarət və turizm mərkəzinə çevriləcəkdir. Bu böyük tarixi zəfər münasibəti ilə Prezident cənab İlham Əliyevi müzəffər və şanlı ordumuzu, bütün Azərbaycan xalqını təbrik edirəm. Tarixi qələbəmiz ordumuzun gücünün, xalqımızın birliyinin, Ali Baş Komandanımızın sərkərdəlik qabiliyyətinin təzahürüdür. Məhz xalqımızın ordumuza, Prezidentimizə, dövlətimizə göstərilən dəstəyinin nəticəsidir ki, Azərbaycan əsgərinin şücaəti sayəsində əzəli torpaqlarımız işğaldan azad edildi. İnanıram ki, Azərbaycan xalqının birliyi nəticəsində işğaldan azad olunan bütün rayonlarımız Prezident İlham Əliyevin rəhbərliyi altında tez bir müddətdə dünya standartları səviyyəsində yenidən qurulacaq, bütün insanlar öz doğma yurdlarına qayıdacaq, ölkəmizin daha da inkişaf edib çiçəklənməsinə öz layiqli töhfələrini verəcək. Möhtərəm Prezidentimiz İlham Əliyev bir neçə gün əvvəl Mərkəzi Tibbi Klinikada müalicə olunan hərbi qulluqçularımızla görüşündə qeyd etdiyi kimi bu qələbənin qazanılmasında şanlı və qəhrəman Azərbaycan əsgər və zabitlərinin əvəzsiz rolu danılmazdır. Ona görə də bütün Azərbaycan xalqı Vətənin xilaskarı olan bu insanları həmişə minnətdarlıq hissi ilə xatırlayacaq, dövlətimiz onların müalicə edilib tez bir zamanda sağalması və dinc həyata qayıtması üçün hər şeyi edəcəkdir. Yaşasın qalib Azərbaycan Prezidenti və müzəffər Azərbaycan Ordusu! Şuşa xalqımızın qeyrət rəmzidir, dağ vüqarımızdır. Dəniz səviyyəsindən 1300 metr hündürlükdə qərar tutmuş Şuşa Tanrıya yaxın olduğumuz yerdir. Dualarımızı müqəddəs dərgaha daha tez yetirən məkandır, düşüncələrimizin şərəfli bir keçmişin aurasında, muğam dünyasında, saf havanın, ulu dağların, Tanrının qüdrət qələmi ilə çəkdiyi yaşıl təbiətin əhatəsində arınıb-durulduğu kamillik məskənidir. Ona görə Şuşa bizim üçün bu qədər əziz, doğmadır. Bir də, bəlkə heç özümüz də fərqinə varmadan Şuşanı Vətən sevgimizin rəmzinə, yurd həsrətimizin nişanəsinə, nisgilli yurdlarımıza bir gün dönəcəyimiz günün ümid işığına çevirmişik. Azərbaycanı özünə vətən bilən bütün soydaşlarımızın qəlbində o rəmzdən, o nişanədən, ümiddən nəsə vardı. Şükür qovuşdurana, ümidlərimizin çin olduğu günləri görə bildik. Üçrəngli bayrağımızın yenidən Şuşada dalğalandığı günü yaşamaq nəsibimiz oldu. Şuşa - mədəniyyətimizin, ruhumuzun paytaxtı 28 ildən sonra öz sahibinə qovuşdu, ayrılığa son qoyuldu. Azərbaycan igidləri dünyanın müharibələr tarixində yeni bir tarixə çevrilən qəhrəmanlıqları ilə ümidlərimizi, arzularımızı, Şuşa xəyallarımızı gerçəkləşdirdi. Şuşa şəhərini döyüşçülərimiz əməliyyat şəraitindən irəli gələrək, demək olar ki, qollarının gücü ilə alıblar. O sıldırım qayalara dırmanaraq, əllərində silah düşmənin üzərinə aslan kimi şığıyaraq bu şəhəri fəth ediblər. Vaxtilə burada baş qoyub getmiş Ağa Məhəmməd Şah Qacara qarşı döyüşən Şuşa igidlərinin qəhrəmanlıq hekayətini əsrlər sonra yenidən təkrarlayıblar. Şuşanın tarixini yenidən yazıblar. Şuşa bundan sonra bizim üçün həm də bu igidlərimizin ad-sanı ilə müqəddəsdir. Şuşa Azərbaycanın hər qarışı uğrunda canından keçməyə hazır olan və bunu şəhadəti ilə sübuta yetirən övladlarımıza ucalan şəhər-abidədir.
Bu mənada Azərbaycan Prezidentinin Şuşanın azad olunması müjdəsini xalqımıza Şəhidlər xiyabanından, Əbədi Məşəl abidəsi önündən çatdırması da Vətən uğrunda canını fəda etmiş şəhidlərimizə əbədi sevginin ifadəsi kimi böyük rəmzi mənası ilə tarixə yazıldı. Bu müjdəni Ali Baş Komandan İlham Əliyev Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevə onun məzarı önündəki sayğı duruşu ilə çatdırdı. Ulu Öndərin ən böyük vəsiyyətini - ata vəsiyyətini yerinə yetirdiyinə görə xoşbəxt olduğunu bildirdi. Bununla Ümummilli Liderin timsalında dünyadan Qarabağ həsrəti, qayğısı ilə köçmüş bütün böyük şəxsiyyətlərimizin ruhunu şad etdi. Bu şəxsiyyətlərin yaşayıb-yaratdıqları tarixin özü belə Azərbaycan Prezidentinin bu zəfərinə əhsən dedi.
Bu, bir övlad, bir Lider üçün ən böyük xoşbəxtlikdir.
Bu, bir xalq üçün ən böyük nailiyyətdir.
Bu, bir dövlət üçün ən şərəfli salnamədir.
Zəfərimiz, yeni tariximiz mübarək olsun!
Tahir Məmmədov
Yasamal bələdiyyəsinin sədri