Gündəm
İlham Əliyev: “Şəhidlərimizin intiqamını döyüş meydanında aldıq”
Şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, onlar öz canlarını vətən uğrunda qurban veriblər. Təsəlli odur ki, torpaqlarımız azad olunub, ərazi bütövlüyümüz bərpa edilib. Eyni zamanda təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı. Həm İkinci, həm də Birinci Qarabağ müharibəsi şəhidlərinin qanını döyüş meydanında aldıq. O cümlədən günahsız insanların, Xocalı qurbanlarının, digər mülki şəxslərin intiqamını düşməndən döyüş meydanında aldıq. Biz döyüşərək, vuruşaraq, qan tökərək ədaləti bərpa etdik, ərazi bütövlüyümüzü bərpa etdik. Düşməni torpaqlarımızdan qovduq.
Bu sözləri bu gün Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edən zaman deyib:
“Bugünkü təntənəli mərasimin yeri təsadüfən seçilmədi. Biz bu mərasimi Yeni Bulvarda keçiririk. Yeni Bulvar mənim təşəbbüsümlə bir neçə il bundan əvvəl salınmışdır. Yeni Bulvarın uzunluğu 12 kilometrdir. Müqayisə üçün deyə bilərəm ki, köhnə bulvarın uzunluğu cəmi 3 kilometrdir. Bu bulvarın salınması dövlətimizin qüdrətini göstərirdi, xalqa olan qayğını göstərirdi. Bu, yenilik idi, inkişaf idi, bu, bizim gücümüzün təzahürü idi. İkinci Qarabağ müharibəsi də bizim gücümüzü göstərdi, müasirliyi göstərdi. Çünki biz XXI əsrin müharibəsini aparmışıq və bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, bizim uğurlarımız, Qələbəmiz öyrənilir. Dünya mətbuatında artıq dəfələrlə məlumat verilmişdir ki, dünyanın aparıcı ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və inkişaf etmiş digər ölkələr İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənirlər. Öz ordularını müasir standartlara, müasir tələblərə uyğunlaşdırmaq istəyirlər. Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və istədiyimizə nail olduq, düşməni torpaqlarımızdan qovduq”.
Daha çox xəbər:
Prezident: “Bu lövhə erməni fərariliyinin təzahürüdür”
İlham Əliyev Türkiyənin xarici işlər, milli müdafiə nazirləri və Milli Kəşfiyyat İdarəsinin rəisini qəbul edib
Prezident: “Ermənistan bizim qarşımızda diz çökmüş ölkədir, başını, boynunu bükmüş ölkədir”
Müzəffər Ordu onun qarşısında duran vəzifənin öhdəsindən məharətlə gəlib
QARABAĞDA ZƏFƏR SAVAŞI