Gündəm
Müzəffər Ordu onun qarşısında duran vəzifənin öhdəsindən məharətlə gəlib
Riyad Rüstəmli
YAP Səbail rayon Gənclər Birliyinin sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorun köməkçisi
Müzəffər Ordu onun qarşısında duran vəzifənin öhdəsindən məharətlə gəlib
Müasir müstəqil Azərbaycan inkişaf yolunda inamla və uğurla irəliləyir, qazanılan nailiyyətlər dövlətimizin qüdrətini daha da artırır. Faktlar və reallıqların əks etdirdiyi kimi, yüksək inkişaf göstəriciləri bütün sahələri əhatə edir. Bu baxımdan, ölkədə ordu quruculuğu sahəsində görülən məqsədyönlü işlərin və aparılan islahatların nəticəsində əldə olunmuş uğurları da xüsusi vurğulamaq lazımdır.
İşğalçı Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan, 44 gün davam edən və Azərbaycanın tam Qələbəsi ilə nəticələnən Vətən müharibəsinin əhəmiyyəti, mahiyyəti və nəticələri uzun illər təhlil ediləcək. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Vətən müharibəsində əldə edilmiş Qələbə və Azərbaycanın həmin tarixi Qələbəsini hüquqi cəhətdən təmin edən üçtərəfli bəyanat haqqında dünyanın bütün aparıcı mətbuat orqanları, politoloq və dövlət xadimləri geniş bəhs edərək açıqlamalar verirlər. Bundan sonra, illər ötəcək, tarix isə bu şanlı Qələbəni xalqımızın ən parlaq səhifəsi və zəfəri kimi heç vaxt unutmayacaqdır. Öz tarixini bu möhtəşəm Qələbə ilə şərəfləndirən Azərbaycan xalqı bütün dünyaya yenilməz gücünü, haqqı uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi. Azərbaycan xalqının birliyi, Müzəffər Ali Baş Komandanın dəmir iradəsi, sarsılmaz qətiyyəti, düşünülmüş strategiyası, Şanlı Ordumuzun qüdrəti və qəlbi Vətən eşqi ilə dolub-daşan hərbçilərin, eləcə də hər bir azərbaycanlının monolit birliyi sayəsində Azərbaycan xalqı zəfər qazandı.
Şübhəsiz ki, Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi. Prezident İlham Əliyevin bildirdiyi kimi: “Torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib, ancaq döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə mən hakimiyyətə gələndə uşaq olan insanlardır. Onlar yetişib, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər”. Azərbaycan Ordusu onun qarşısında duran vəzifənin öhdəsindən məharətlə gəldi. Şanlı Ordumuz döyüşərək, qan tökərək, şəhidlər verərək ədaləti bərpa etdi və düşməndən intiqamımızı döyüş meydanında alaraq şəhidlərimizin qanını yerdə qoymadılar. Əlbəttə ki, Azərbaycan Ordusu döyüşlər zamanı öz dözüm və peşəkarlığını nümayiş etdirməsi Azərbaycan əsgərinin qəhrəmanlıq nümunəsi göstərir.
Möhtəşəm qələbəmizin digər əsas mühüm amili isə Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusunun gücü, müasir silahlarla təchiz olunmuş əsgərlərimizin qəhrəmanlığıdır. 44 günlük müharibənin nəticələri bütün dünyada Azərbaycana olan hörmət və nüfuzu əhəmiyyətli dərəcədə artırdı, çünki ölkənin öz ərazi bütövlüyünü bərpa etməsi müasir tarixdə misli görünməmiş bir haldır. Azərbaycanın həyata keçirdiyi “Dəmir yumruq” əks-hücum əməliyyatı nəticəsində düşmən ordusu məğlub edilərək dağıldı. 44 gün ərzində ərazilərin azad olunmasında xüsusi təyinatlıların böyük xidməti olub. Döyüş əməliyyatlarında sərhəd xidmətinin xüsusi təyinatlı qüvvələri, daxili qoşunlar, təhlükəsizlik xidməti, kəşfiyyat xidməti, Naxçıvan ordusunun xüsusi qüvvələri də iştirak edirdilər. Onlardan hər birinin vahid komandanlıq altında öz vəzifəsi var idi. Ordu korpusları da ərazilərin azad edilməsində və mövqelərin əldə saxlanmasında böyük rol oynayıblar. Cəbhə aviasiyası, pilotsuz uçuş aparatları itkilərin minimuma endirilməsində çox böyük rol oynayıb. Azərbaycan bu yumruqla erməni təcavüzkarına sarsıdıcı zərbə endirdi və Ermənistan çox sayda ölü və yaralı verərək təslim olmaq məcburiyyətində qalıb kapitulyasiya aktına imza atdı. Cənab Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün mətbuat konfransında qeyd etdiyi kimi “Sizə deməliyəm ki, planlaşdırma düzgün olmasaydı bizim üçün çox çətin olardı. Ona görə ki, orada uzunmüddətli istehkamlardan əlavə təbii relyef də çətinlik törədir. Axı, dağa dırmaşmaq, aşağıdan yuxarıya qalxmaq lazımdır. Şuşanın alınması isə, ümumiyyətlə, ayrıca dastandır, bəli, bu, epos kimidir. Ona görə ki, döyüşçülər nə götürə bilərdilərsə götürməliydilər, amma özünlə nə götürə bilərsən? Maksimum qumbaraatan. Bu, inanılmaz fiziki qüvvə, hazırlıq tələb edir. Bu, sal qayalara aşağıdan dırmaşmaq lazımdır. Müdafiə xətləri çox möhkəmlənib, özü də orada ermənilərin tankları və topları vardı. Bizdə isə süngü-bıçaqlar və yüngül silah. Bəzən mən də ekspertlərin fikrini müşahidə edirəm, amma əlbəttə, hərənin öz fikri var. Bu da aydındır, çünki ekspert döyüş əməliyyatlarının bütün mənzərəsinə bələd ola bilməz. Buna görə də təbii ki, müharibə aparılmasının bir növünün xeyrinə müəyyən meyil olur. Amma deməliyəm ki, bu elementlərin heç biri vahid komandanlıq, planlaşdırma olmadan bizim qələbəmizi təmin etməzdi. Məhz bunların hamısının düzgün kombinasiyası: kəşfiyyat, artilleriya, zərbə pilotsuz uçuş aparatları, pilotsuz kamikadzelər, xüsusi təyinatlılar, ordu korpusları – bütün bunlar birlikdə qələbəyə gətirib çıxarıb”.
Beləliklə göründüyü kimi, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alması təsadüfi xarakter daşımır. Bunu təmin edən amil xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu nizamlı və güclü ordu quruculuğu siyasətinin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla, ardıcıllıqla davam etdirilməsidir.