Gündəm
18:16, 22 Temmuz 2021

Prezident: “Naftalan şəhəri turizm mərkəzlərindən birinə çevrilməlidir”

Prezident: “Naftalan şəhəri turizm mərkəzlərindən birinə çevrilməlidir”


Naftalan şəhəri turizm mərkəzlərindən birinə çevrilməlidir. Mən bunu ilk dəfə Naftalanda olarkən bəyan etmişdim. O vaxt Naftalanın sovet dövründən qalan bütün sanatoriyalarında məcburi köçkünlər yerləşmişdi. Biz onlar üçün elə bu ərazidə, yaxın ərazidə müasir evlər tikdik, qəsəbələr saldıq, onları köçürdük. Ondan sonra böyük investisiyalar cəlb olundu və artıq 13 mehmanxana və sanatoriya fəaliyyətdədir. Üçünün - beşulduzlu “Çinar”, “Qarabağ” və “Qaşaltı” mehmanxanalarının açılışında mən şəxsən iştirak etmişəm. Göstəriş vermişəm ki, bütün kateqoriyadan olan müxtəlif səviyyəli istirahət zonaları olmalıdır - beşulduzlu, dördulduzlu, üçulduzlu. Yəni Azərbaycan vətəndaşları və xarici qonaqlar bundan istifadə edə bilsinlər.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

Sovet vaxtında Naftalana Sovet İttifaqının müxtəlif yerlərindən ildə 50-60 min turistin gəldiyini deyən dövlətimizin başçısı qeyd edib ki, təqribən son 15 il ərzində görülmüş işlər nəticəsində burada qalacaq turistlər üçün 2300-dən çox yer artıq istifadəyə verilibdir və bu proses davam edir.

“İkinci Qarabağ müharibəsində Suqovuşan qəsəbəsi də işğaldan azad edildi və Naftalandan Suqovuşan qəsəbəsinə məsafə o qədər də böyük deyil. Mənim tapşırığımla yeni yolun çəkilişi də təmin edilir və beləliklə, bu zona vahid bir turizm məkanı olacaq. Çünki Naftalana gələn qonaqların, – istər Azərbaycan vətəndaşları, istərsə də xarici qonaqlar olsun, - ölkəmizlə tanış olmaları üçün gərək daha geniş imkanlar olsun, həm Gəncəyə, həm digər şəhərlərə gedə bilsinlər, eyni zamanda, Suqovuşan qəsəbəsinə. Şiddətli döyüşlər gedən əraziyə gedib baxmaq həm onlar üçün maraqlı olar, həm də ki, Suqovuşan çox mənzərəli bir yerdir, - dağlar, böyük su anbarı və həyat o bölgələrə qayıdır”, - deyə Azərbaycan Prezidenti əlavə edib.
Digər xəbərlər: