Gündəm
Hərəkat ziyalıların iştirakı ilə Anım gününə həsr olunmuş tədbir keçirdi
Azərbaycan Vətəndaş Hərəkatı (AVH) 27 sentyabr 2021-ci ildə Anım gününə həsr olunmuş “Qarabağ zfərinə aparan yol” adlı tədbir keçirib.
Tədbirdə ilk çıxış edən Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, polkovnik Əzizağa Qənizadə 27 sentyabr 2020-ci ildə başlamış və 44 gün çəkən Vətən müharibəsinin hərbi aspektləri haqqında danışıb. O, Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlığı yüksək qiymətləndirərək, hərb tarixində silinməz izlər qoyduğunu söyləyib.
AVH-nin İdarə Heyətinin üzvü, siyasi şərhçi Mübariz Göyüşlü təmsil etdiyi Hərəkatın 2 ilə yaxın müddət ərzində gördüyü işlərdən bəhs edib. O, AVH-nin Azərbaycan ordusuna, xüsusən 44 günlük Vətən müharibəsinə həsr olunan fəaliyyətlərini, tədbirlərini iştirkaçıların diqqətinə çatdırıb.
AMEA Tarix İnstitutunun icraçı direktoru, professor Cəbi Bəhramov 44 günlük müharibə ilə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının dünyaya özünü bir daha sübut etdiyini deyib. C.Bəhramov azərbaycanlı alimlərin bu müharibəyə qədər, müharibə dövründə və ondan sonra çox böyük işlər gördüklərini diqqətə çatdırıb. Tarixçi alim Ermənistanın hərbi, mənəvi, psixoloji, ideoloji, iqtisadi baxımdan darmadağın edildiyini, növbəti bu cür konfransların İrəvanda və digər tarixi torpaqlarımızda keçiriləcəyini bildirib. Sonda C.Bəhramov bu ilin dekabrında 60 yaşı tamam olan Prezident İlham Əliyevə “Ümummilli Qəhrəman” adı verilməsi təklifilə çıxış edib.
AMEA Tarix İnstututunun Qarabağ tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent, Dövlət mükafatı laureatı Güntəkin Nəcəfli çıxışında tarixdən müasir dövrədək Qarabağla bağlı erməni saxtakarlıqlarına, iddialarına toxunub. Çıxışçı tərcümə zamanı ermənilərin sənədləri saxtalaşdırdığını xüsusi qeyd edib. G.Nəcəfli ermənilərin Qarabağa köçürülməsi haqqında tarixi faktlardan da ətraflı bəhs edib.
AVH Məclisinin üzvü, AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, ADPU-nun dosenti Mübariz Ağalarlı “Dəmir yumruq” əməliyyatını “sülhə məcbur etmə əməliyyatı” adlandırıb. M.Ağalarlı ermənilərin Azərbaycanın mülki obyektlərinə hücumundan bəhs edərək bunu Ermənistanın terrorçu mahiyyəti ilə izah edib. Çıxışçı qeyd edib ki, Azərbaycan ordusunun əldə etdiyi Qarabağ zəfəri erməniçilik psixologiyasına ağır zərbə oldu.
AVH İdarə Heyətinin üzvü, AMEA Tarix İnstitutunun şöbə müdiri, Dövlət mükafatı laureatı Hacı Həsənov alnımızdakı 30 illik ləkənin silinməsinə görə özünü xoşbəxt hesab etdiyini qeyd edib. H.Həsənov Azərbaycan xalqının torpaq üçün canından və qanından keçməyə hazır olduğunu bütün dünyaya sübut etdiyini vurğulayıb. Tarixçi alim Prezident İlham Əliyevlə bağlı Cəbi Bəhramovun təklifini də dəstəkləyib.
AVH-nin İdarə Heyətinin üzvü, təhsil eksperti Aydın Allahverdiyev I Qarabağ müharibəsindən sonra Azərbaycanın daim hazırlıqlar gördüyünü və bu işin məntiqi nəticəsinin 44 günlük müharibədə özünü göstərdiyini açıqlayıb. A.Allahverdiyev bunu “uzaqgörən və müdrik siyasət” adlandırıb.
Sumqayıt Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Yusifəli Həsənov vətənpərvər nəslin yetişməsində müəllimlərin oynadığı roldan danışaraq onu yüksək qiymətləndirib.
Tədbirdə AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Qafarova, AMEA Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Məhəmməd Soltanoğlu, AMEA Tarix İnstitutunun elmi işçiləri Ruqiyyə Talıbova, Dinarə Babayeva, o cümlədən ADPU-nun tarixçi tələbəsi Anar Salehoğlu və digər gənclər iştirak ediblər.
Anar Salehoğlu
Daha çox xəbər:
Könüllülərin təqdimatında Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı keçirilib – FOTO
İstanbulda Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib – FOTO
Bakıda “Dəmir yumruq” heykəlinin açılışı oldu – FOTO
Çexiyada ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş beynəlxalq şahmat turniri keçirilib - FOTO
Vətən müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin təməli qoyulacaq