Gündəm
İran rejimi Güney Azərbaycanlılardan qisas alır.
Mübariz Ağalarlı
AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi,
ADPU-nun dosenti
Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbə qazanması İran rejiminin Güney Azərbaycanlı soydaşlarımıza qarşı aqressiyasının daha da güclənməsi ilə müşayiət olunur. 12 nəfər Güney Azərbaycanlı fəal İranın Ermənistana yardımlarına etiraz olaraq Ərdəbil şəhərinin Ciral parkında aksiya keçirdiyi zaman İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən döyülərək həbs edilib. Güneyli fəallara 2021-ci il 9 oktyabr tarixində Ərdəbil şəhər məhkəməsi tərəfindən ümumilikdə 180 ay həbs cəzası və 888 qamçı cəzası hökmü çıxarılıbdır.
Məlumdur ki, Güney Azərbaycanlılarına qarşı bu münasibət İran dövlətinin təkcə bu gün deyil, yarandığı dövrdən (1925) etibarən azərbaycanlılara qarşı həyata keçirdiyi olduqca aqressiv və repressiv hərəkətlərdən biridir.
Qeyd etmək lazımdır ki, 1925-ci ilə qədər İran coğrafiyasında hakimiyyətdə olan türk Qacarlar dövləti devrildikdən sonra hakimiyyəti ələ keçirən pəhləvi hakimiyyəti davamlı olaraq azərbaycanlılara qarşı siyasi və sosial sahədə, xüsusilə də mədəniyyətdə, dildə, təhsildə soyqırım siyasəti həyata keçirməyə başladı.
Yüzillər boyu İran coğrafiyasında hökmranlıq edən Azərbaycan-türk sülalələri həmişə bütün xalqlara, həmçinin də o coğrafiyada farslara münasibətdə loyal, liberal və tolerant münasibət göstərmişdir. Hətta orta əsrlərdə fars dilinin müsəlman dünyasında aparıcı mövqe qazanmasında, öncül mövqe tutmasında Azərbaycan dövlətlərinin, eyni zamanda azərbaycan alimlərinin. ədiblərinin böyük rolu olmuşdur. Əgər o dövrdə Azərbaycan dövlətləri fars dilinə o qədər dəyər verməsə idi, bu gün dünya miqyasında o qədər də əhəmiyyətə malik olmayan fars dili orta əsrlər dövründə də ölü dillərdən birinə çevrilə bilərdi. Bu baxımdan, bizim yüzillər boyu orada yaşayan farslara və başqa xalqlara tolerant yanaşmağımıza baxmayaraq, təəssüflər olsun ki, 1925-ci ildən bu yana İran coğrafiyasında hakimiyyəti zəbt edən fars rejimi istər şah dönəmində, istərsə də molla rejimi dövründə azərbaycanlılara qarşı olduqca aqressiv münasibət göstərərək bütün müstəvilərdə ayrı-seçkiliklər sərgiləyibdir. Hətta XX əsr boyu Güney Azərbaycanda baş verən milli-azadlıq hərəkatları, İranda insan hüquqlarının pozulmasına qarşı etirazlar qəddarcasına yatırılıb, bu proseslərdə yüz minlərlə azərbaycanlı məhv edilərək qətlə yetirilibdir. Bu faciəli hadisələrdə mədəniyyətimizə, tariximizə ciddi zərbə vurulmaqla yanaşı, minilliklərə söykənən tarixi və mədəniyyəti olan xalqımızın milli-mənəvi və tarixi dəyərləri də saxtalaşdırılıbdır. Təəssüflər olsun ki, İran hakimiyyətinin bu davranışları bu gün də davam edir.
Azərbaycan dövlətinin erməni faşistlərinin işğal altında olan Qarabağ bölgəsini azad etməsi İranın güneyli soydaşlarımıza qarşı repressiya siyasətini daha da gücləndiribdir. Bunun gerçək səbəbi 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun 30 illik erməni işğalına son qoyması, Ermənistan dövlətini diz çökdürməsidir. Azərbaycan dövlətinin erməni terrorizm şəbəkəsini, erməni ideologiyasını, mifini damadağın edib iflasa uğratması bölgədə İran ideoloji təbliğat maşınına, İranın geosiyasi və geoiqtisadi durumuna böyük zərbə vurdu. İran tərəfindən nümayiş etdirilən davranışlardan bu qənaətə gəlmək olar ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı zəfərdən ciddi narahat olan məhz İran rejimidir. Bu narahatçılıq özünü bütün müstəvilərdə göstərməkdədir.
Son dövrlər İran tərəfindən Azərbaycana qarşı qarayaxma kampaniyalarının aparılması, Azərbaycanı bu və ya digər formada haqsız ittiham etmələr, hətta guya ki, Azərbaycanın Qarabağda, İranla sərhəddə terrorçular yerləşdirməsi kimi əsassız suçlamalar onu deməyə əsas verir ki, bu ölkənin Azərbaycana münasibəti çox aqressiv və qeyri-obyektivdir. Bunun da kökündə siyasi və iqtisadi amillər, xüsusilə də etnik amil dayanır. Bu gün İran dövlətinun Azərbaycana qarşı aqressiv münasibəti geosiyasi mahiyyət daşımaqla yanaşı, eyni zamanda orada olan 35-40 milyon Azərbaycan türkünə qarşı qaynaqlanan bir etnik amildir. Çünki 44 günlük müharibədən sonra Güneyli soydaşlarımızda böyük ruh yüksəkliyinin yaranması, siyasi fəallıq, milli şüurun inkişafı molla rejimini olduqca narahat etməkdədir. Artıq güneyli qardaşlarımız, Azərbaycan dövlətinə qarşı İranın molla rejiminin aqressiv siyasətinin qarşısında konkret mövqe nümayiş etdirməkdədir.
Qarabağ zəfərindən sonra güclü Azərbaycan dövlətinin qarşısında siyasi iradəsizlik durumunda olan molla rejimi, təbii ki, bunun heyfini güneydə olan soydaşlarımızdan çıxır. Çünki İkinci Qarabağ savaşında birmənalı olaraq Azərbaycan dövlətinin yanında olan Güney Azərbaycan türkləri, müharibə dövründə İrandan gələn təxribatların qarşısını aldılar. Bunu öz əməlləri, canlarını ortaya qoyaraq etdilər. Məhz bunun nəticəsi olaraq, İkinci Qarabağ savaşı zamanı Araz boyu düzülərək Azərbaycan əsgərinə, Azərbaycan dövlətinə mənəvi dəstək verdiklərinə görə molla rejimi güney azərbaycanlılardan qisas alır.
Molla rejiminin12 nəfər Güney Azərbaycanlı fəalı İranın Ermənistana yardımlarına etiraz olaraq Ərdəbil şəhərinin Ciral parkında aksiya keçirdiyinə görə qeyri-insani formada cəzalandırması İran dövlətinə başucalığı gətirmir və utancvericidir. Çünki islam dəyərlərində, beynəlxalq hüquq normaları və insan haqları konvensiyalarında da bu davranışlar qəbuledilməzdir. Bu davranışlar İranın beynəlxalq hüququ pozduğu anlamına gəlir və beynəlxalq təşkilatlar tərəfindən bu davranışlara adekvat olaraq siyasi və hüquqi reaksiya verilməlidir.
Azərbaycan bir tolerant ölkə olaraq həmişə azsaylı xalqların, milli azlıqların və dini konfessiyaların hüquqlarını yüksəsk səviyyədə qoruyaraq onların milli-mədəni dəyərlərinə hörmətlə yanaşıbdır. İran rejimi Azərbaycanın bu tolerant davranışlarından nümunə götürərək Güneyli qardaşlarımıza qarşı siyasətində ciddi redaktələr etməli və öz qeyri-insani hərəkətlərinə son qoymalıdırlar.
Daha çox xəbər:
İran XİN Səudiyyə Ərəbistanın neft yataqlarına hücuma münasibət bildirib
İran koronavirusla mübarizəyə silahlı qüvvələri cəlb edəcək
İran geri çəkilmədi, İsrail müharibə elan etdi - Dəhşətli döyüşlər BAŞLAYIR
Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib
Ukrayna təyyarəsi İran raketi ilə vurulub - ŞOK İDDİA