Gündəm
19:52, 11 Kasım 2021

“44 Günün Qəhrəmanları” layihəsi çərçivəsində tələbələrlə növbəti görüş keçirilib - FOTO

“44 Günün Qəhrəmanları” layihəsi çərçivəsində tələbələrlə növbəti görüş keçirilib - FOTO



Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri ilə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığıyla noyabrın 10-da “44 Günün Qəhrəmanları” layihəsi çərçivəsində tələbələrlə növbəti görüş keçirilib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təşkil olunmuş görüşdə ilk olaraq şəhidlik zirvəsinə ucalan tələbə-məzunların xatirəsinə yaradılmış abidə ziyarət edilib.

Daha sonra tədbir dövlət himninin səslənməsi ilə öz işinə başlayıb, Vətənimizin bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir universitetin Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli və “Böyük Qayıdış” Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürovun açılış nitqləri ilə davam edib. Çıxış edənlər öz nitqlərində Vətən müharibəsi haqqında maarifləndirici görüşlərin keçirilməsinin əhəmiyyətini qeyd edib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müstəqillik tariximizin ən böyük zəfərini xalqımıza yaşatmış qəhrəmanlarımızın tanıdılması və gənc nəslə örnək olmasının vacibliyini vurğulayıblar.

Çıxışların ardınca 44 günlük şanlı zəfər yolunu özündə əks etdirən videoçarx nümayiş olunub. Daha sonra Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Üzv təşkilatlar və tələbə klublarla iş sektorunun rəhbəri Orduxan Qəhrəmanzadə Gənclər Fondunun dəstəyi ilə ərsəyə gəlmiş “Azərbaycan Gəncliyi Vətən Müharibəsində” adlı jurnalı, “Böyük Qayıdış” Gənclər Təşkilatının nümayəndəsi Elşən Qəhrəmanov isə https://shehidimiz.az/ saytını təqdim ediblər.

“Böyük Qayıdış” təşkilatının idarə heyətinin üzvü, bir çox xüsusi döyüş əməliyyatlarının və Aprel döyüşlərinin iştirakçısı, Qarabağ qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Əhliyət Mehdiyev öz çıxışında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun 30 illik Vətən həsrətinə necə son qoyduğunu, xalqımızı illərdir düşmən tapdağı altında olan torpaqlarımıza necə qovuşdurması və ərazi bütövlüyümüzü bərpa etməsi haqqında danışıb.

Tədbirin qonaqları olan Vətən müharibəsi qaziləri – Cavid Həsənov, Hüseynalı Hüseynalıyev və Kamal Abasov çıxışları zamanı 44 günlük Vətən müharibəsi ilə bağlı xatirələrini tələbələrlə bölüşüblər. Onlar Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası ilə mərd oğullarımızın yüksək peşəkarlıqla nümayiş etdirdiyi Vətənimizin ərazi bütövlüyünü və suverenliyini təminetmə əməliyyatının dünya hərb tarixinə düşməsi ilə qürur duyduqlarını bildiriblər. Bununla birlikdə Vətən müharibəsi zamanı Azərbaycan Dövlət və Neft Sənayesi Universiteti məzunlarının da böyük fədakarlıq göstərdiyini vurğulayaraq bu xüsusda universitetin kollektivinə minnətdarlıqlarını ifadə ediblər.

Çıxışların ardınca baş tutmuş sual-cavab sessiyasında qonaq qazilər tələbələrin suallarını cavablandırıb, uğurlarının ən başlıca səbəbi kimi Ali Baş Komandanın qüsursuz strategiyası, əsgər və zabitlərimizdə birlik və ruh yüksəkliyi olduğunu vurğulayıblar.

Son olaraq görüşə ev sahibliyi edən universitetin tələbələri adından Azərbaycan Dövlət və Neft Sənayesi Universitetinin tələbəsi Rüfət Rüstəmov çıxış edərək qəhrəmanlarımıza təşəkkür edib.
Digər xəbərlər: