Gündəm
17:46, 24 Kasım 2021

DİN piyadalara və sürücülərə müraciət edib

DİN piyadalara və sürücülərə müraciət edib



Daxili İşlər Nazirliyi (DİN) piyada və sürücülərə müraciət edib.

DİN-dən daxil olan müraciətdə bildirilir ki, yol-nəqliyyat hadisələri üzrə aparılan təhlillər göstərir ki, cari ilin 10 ayı ərzində respublika ərazisində baş vermiş qəzaların 42, Bakı şəhəri üzrə isə 57 faizini piyadaların vurulması faktları təşkil edir:

“Araşdırmalar deməyə əsas verir ki, belə hallarda bu qəzalarda sürücülərlə yanaşı piyadaların da təqsiri olur. Belə ki, bəzi piyadalar onların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulmuş piyada zolaqlarından, yeraltı və yerüstü piyada keçidlərindən istifadə etmirlər. Elə bunun nəticəsidir ki, piyada vurma hadisələrinin çoxu da məhz piyada keçidlərindən kənarda qeydə alınır.

Odur ki göstərilənləri nəzərə alaraq bir daha piyadalara səslənirik:

- küçə və yolları sizin üçün nəzərdə tutulan yerlərdən keçin;
- nizamlanan və ya nizamlanmayan piyada keçidlərindən istifadə edərkən yoldakı sürət həddini, hərəkətin intensivliyini, hava və görmə şəraitini, sürücülərin nəqliyyat vasitəsini dayandıra bilib-bilməyəcəyini nəzərə alın;
- məhdudiyyətli görünmə, duman, yağış, qarlı hava şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə diqqətli olun;
- yaxınlaşmaqda olan avtomobillərin sürətini düzgün qiymətləndirin, onların tam dayandığına, sürücülərin sizə yol verdiklərinə əmin olduqdan sonra hərəkətə başlayın;
- ictimai nəqliyyatı gözləyərkən və ya ona minib-düşərkən ehtiyatlı olun, həmçinin qəflətən avtomobil yoluna çıxmayın;
- yolu keçərkən mobil telefondan, eləcə də ətrafdakı avtomobillərin səsini vaxtında eşitmək üçün qulaqlıqdan istifadə etməyin.

Eyni zamanda, sükan arxasında olan sürücülər də yol hərəkətinin ən müdafiəsiz iştirakçıları sayılan piyadaların təhlükəsizliyi məsələsinə ciddi yanaşmalı, artıq yola çıxmış piyadaya yol verməli, piyadaların yola çıxma ehtimalı olan ərazilərdə, xüsusilə qaranlıq vaxtı və işıqlandırılmayan yollarda daha diqqətli olmalı, təhlükəli situasiyanı düzgün qiymətləndirməyi bacarmalıdırlar. Hər bir sürücü bilməlidir ki, ani diqqətsizlik faciəvi qəzaya səbəb olur. Hər bir hərəkət iştirakçısına təhlükəsiz yol arzu edirik!”
Digər xəbərlər: