Gündəm
Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsinə cinayət işi açıldı
Şəxsi maraqları naminə gömrük prosedurlarının pozulmasına yol verən vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edilib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” Birliyinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə həmin dövlət orqanından daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.
İstintaqla 2020-ci ilin iyul ayında sözügedən Birliyin müvəqqəti saxlanc anbarlarının fəaliyyətinin təşkili üzrə Astara bölməsinin rəisi Etiqam Babayevin öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ayrı-ayrı vaxtlarda İran İslam Respublikasının vətəndaşları tərəfindən gətirilməklə Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara Gömrük postunda müvəqqəti saxlanca qəbul etdiyi dəyəri ümumilikdə 33 440 manat təşkil edən tibbi vasitələri qanunamüvafiq sənədləşmə aparılmadığı üçün geri qaytarmalı olduğu halda, həmin birliyin texniki xidmət göstərilməsi üzrə Astara şöbəsinin inspektoru İsmətulla Tağıyev ilə aralarındakı sövdələşməyə uyğun olaraq bir hissəsini saxta akt tərtib etməklə, qalan hissəsini isə aktsız formada sonuncuya təhvil verməsinə, İsmətulla Tağıyevin isə öz vəzifə səlahiyyətlərini aşaraq qeyd edilən malları şəxsi məqsədləri üçün istifadə olunması üçün tanışına təhvil verməsinə, bununla da dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Etiqam Babayev Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri, İsmətulla Tağıyev isə həmin məcəllənin 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 32.4, 313-cü (vəzifə saxtakarlığına təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Daha çox xəbər:
Saxta COVID-19 pasportu satan vəzifəli şəxslərə cinayət işi açıldı
Rüşvət alan nazirliyin keçmiş işçisinin cinayət işi məhkəməyə göndərildi
Azərbaycanda işdən çıxarılmış vəzifəli şəxslərə cinayət işi açıldı
Xaricdən gətirilən avtomobillər üçün gömrük ödənişləri artırılıb? - RƏSMİ
Mənimsəməyə görə saxlanılan vəzifəli şəxsin məhkəməsi başlayıb