Gündəm
20:05, 10 Ocak 2022

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində müxtəlif yaradıcılıq təlim kursları təşkil olunur - FOTO

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində müxtəlif yaradıcılıq təlim kursları təşkil olunur - FOTO
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təlim keçən, burada müxtəlif yaradıcılıq sahələri üzrə bilik və bacarıqlarını inkişaf etdirən şəxslərə öz bacarıqları üzrə kiçik biznes sahələri qurmaları üçün özünüməşğulluq proqramı çərçivəsində dəstək veriləcək. Həmin şəxslərdən peşəkar bacarıqlara malik 50-dək şəxsin bu il proqrama cəlb edilərək aktivlərlə təmin olunması nəzərdə tutulur.

Mərkəzin gələcək fəaliyyət istiqamətlərinə həsr olunmuş iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ötən ilin oktyabr ayında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə Bakıda açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əhəmiyyətini vurğulayıb. O, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan bu Mərkəzin əlilliyi olan şəxslər və digər həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsi və cəmiyyətə təqdim edilməsində mühüm önəmini vurğulayıb.

İclasda qeyd edilib ki, 121 nəfərlik auditoriumdan, 9 müxtəlif peşə-yaradıcılıq otağı və studiyasından, kitabxanadan, inzibati otaqlardan, yeməkxanadan ibarət olan mərkəzdə əlilliyi olan və digər həssas qruplara aid şəxslər üçün müxtəlif yaradıcılıq növlərində təlim kursları təşkil olunur.

Bu günlərdə burada uşaq psixoloqları, sosial işçilər, surdoloqlar, psixo-pedaqoqlar üçün peşəkar təlim kurslarına da başlanıb. Mərkəzdə böyüklər və uşaqlar üçün multidissiplinar qrupların yaradılması işləri də aparılır. Həmçinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində mövcud yaradıcılıq sahələrindən əlavə, yeni bacarıq sahələri (DJ, İT və s.) üzrə təlim qruplarının yaradılması da nəzərdə tutulur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “MTV Azərbaycan”ın birgə təşəbbüsü olan “Bərabərik” layihəsinin mərkəzdə yeni mövsümləri keçiriləcək.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində əlilliyi olan şəxslərin əl işlərindən ibarət satış-sərgilər də təşkil edəcək, inklüziv teatrlarla birgə tamaşalar hazırlanacaq, rəqs qrupu yaradılacaq. Mərkəzin əsas hədəflərindən biri də əlilliyi olan şəxslərin əl işlərinin onlayn müstəvidə sərgi satış platformasının qurulmasıdır və yaxın vaxtlarda bu istiqamətdə işlər aparılacaq.

Digər xəbərlər: