Gündəm
13:48, 21 Ocak 2022

Beş illik fasilədən sonra bərpa olunan yarış Bakıya salındı

Beş illik fasilədən sonra bərpa olunan yarış Bakıya salındı
Bu il yunan-Roma güləşi üzrə Dünya Kuboku Bakıda keçiriləcək.

Oxu.Az xəbər verir ki, bu barədə Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin onlayn iclasında qərar qəbul olunub.

UWW-nin Büro Üzvü, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyevin də qatıldığı vebinarda yarışın 5-6 noyabrda təşkil ediləcəyi açıqlanıb.

Əvvəlki illərdən fərqli olaraq, bu dəfə Dünya Kubokunda 8 yox, 6 komandanın iştirakı nəzərdə tutulub. Ötən il Norveçin paytaxtı Osloda keçirilmiş dünya çempionatında komanda hesabında ilk “5-lik”də yer alan Rusiya, İran, Azərbaycan, Gürcüstan və Türkiyə ilə yanaşı, dünya yığması da (“All Star”) kubok uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə Dünya Kuboku 5 illik fasilədən sonra keçiriləcək. Klassik güləş üzrə Azərbaycan millisi 1 dəfə – 2015-ci ildə İranın paytaxtı Tehranda keçirilən yarışda kubokun sahibi olub. Sonuncu dəfə İranın Abadan şəhərində 2017-ci ildə keçirilmiş analoji yarışda Azərbaycan millisi meydan sahiblərinə uduzaraq ikinci olub.

Bakı şəhəri isə iki dəfə (2004, 2012) sərbəst güləş üzrə Dünya Kubokuna ev sahibliyi edib.
Digər xəbərlər: