Gündəm / Cəmiyyət
Azərbaycanda 5 baza prinsipi əsasında sülh sazişinə hazırlıq prosesi gedir
Azərbaycanın beynəlxalq aləmdə əlaqələri getdikcə genişlənir və mövqeyi daha da möhkəmlənir. İl yarım əvvəl Ermənistan üzərində tarixi Qələbədən sonra respublikamız dünyada qalib ölkə kimi tanınır. Artıq dünya birliyi də Ermənistan üzərində tarixi Qələbədən sonra Cənubi Qafqazda yaranmış yeni reallıları qəbul edir. Bu reallıqlardan biri də ölkəmizin Cənubi Qafqazda sülh və əmin-amanlığın, təhlükəsizliyin təmin olunmasıdır. Artıq ölkəmiz tərəfindən bu istiqamətdə təsirli addımlar atılmaqdadır.
Ümumiyyətlə, Azərbaycanın qarşıya qoyduğu prioritet vəzifələrdən biri Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyidir. Vətən müharibəsindən sonra bu istiqamətdə ikitərəfli və üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün imkan yaranıb. Təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının başlanmasına həvəs göstərmir.
Sülh sazişi ilə bağlı rəsmi Bakı Ermənistana 5 maddəlik təklif göndərib. Bu baza prinsipləri aşağıdakılardan ibarətdir:
- Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
- Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
- Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
- Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
- Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
Rəsmi Bakı qeyd edir ki, iki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Sülh müqaviləsi ilə bağlı danışıqların başlanılması üzrə Azərbaycan nümayəndə heyətinin tərkibi də müəyyənləşib. Yəni Azərbaycan danışıqlar prosesinə hazırdır. Lakin Ermənistandan hələ ki, səs çıxmır. Çox güman ki, Nikol Paşinyan buna səbəb kimi müxalifətin İrəvanda keçirdiyi mitinqləri bəhanə gətirib vaxt uzatmağa can atır. Eyni zamanda Paşinyana bəllidir ki, bu sazişi imzalamayacağı təqdirdə Ermənistanı nə gözləyir.
Qalib Komandan kimi İlham Əliyev son sözünü həm Dünya Azərbayanlılarının V Qurultayında, həm "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq forumda bir daha bəyan edib. Cənab Prezident Ermənistana sonuncu şans verərək vurğulayıb ki, Azərbaycan irəli sürdüyü beş prinsip əsasında danışıqları aparmaq fikrindən daşınmır. Prezident bu fikri söyləməklə verilən qərarın dəyişdirilməsinə imkan verilməyəcəyini elan etdi və bunu İrəvanla yanaşı, maraqlı olan bütün tərəflərə ünvanladı. Həmçinin qətiyyətli şəkildə vurğuladı ki, məğlub ölkə beş prinsip əsasında sülh sazişini imzalamayacağı təqdirdə, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımayacaq. Bununla da Azərbaycan Ermənistana qarşı atacağı addımları rəsmi şəkildə elan etmiş oldu.
Həqiqət budur ki, qalib tərəf kimi Azərbaycan sülh sazişinin imzalanması üçün əlindən gələni, öhdəliyinə düşəni reallaşdırmağa tam hazır vəziyyətdədir. Yəni İlham Əliyev Vətən müharibəsində əldə edilən zəfərdən sonra bölgədə sülh və əməkdaşlığa nail olmaq üçün postmüharibə dövründə də regionla bağlı çətin geosiyasi maraqlar şəraitində diplomatik liderliyini, məharətini sərgiləməyə davam edir. Savaşdan sonra hərbi potensialını gündən-günə gücləndirən, sərhəddəki mövqelərini daha da möhkəmləndirən Azərbaycan Cənubi Qafqazda dayanıqlı sabitliyin bərqərar olması üçün addımlar atır. Bununla yanaşı, prosesin alternativinin nə ilə nəticələnəcəyini də Ermənistana indidən göstərməklə deyir ki, sülh sazişinin imzalanmaması Ermənistan üçün böyük fəlakət olacaq.
Beynəlxalq təşkilatlara da bəllidir ki, Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması, bölgənin tərəqqisi, təhlükəsizliyi münasibətlərin normallaşdırılmasından keçir. Ermənistanın sülh sazişi bağlamayacağı təqdirdə baş verə biləcək olaylar hər kəsə bəllidir. İlham Əliyevin söylədiyi kimi, əgər sülh müqaviləsi imzalanarsa və təməl prinsipləri həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq. Azərbaycanın nümayiş etdirdiyi və elan etdiyi addımlar Qafqazda sülhə töhfə vermək üçün qətiyyətli iradənin bariz nümunəsidir: "Biz Qafqazda sülh gündəliyini təşviq edirik. Hesab edirəm ki, bütün istiqamətlərdə təşəbbüs bizim əlimizdədir. Həmin təşəbbüs sülhə xidmət edir və etməlidir".
Son proseslər onu deməyə əsas verir ki, Ermənistanın sülh sazişi imzalamaqdan başqa çıxış yolu yoxdur. Rəsmi İrəvan Azərbaycan Prezidentinin 5 prinsipi əsasında təklif edilən sülh sazişinə imza atacağı təqdirdə bütün istiqamətlərdə ən çox qazanan tərəf olacaq. Yəni sülh sazişinin imzalanıb-imzalanmayacağı ilə bağlı verilən hər hansısa qərar Ermənistanın taleyini həll edəcək.
Ərazi bütövlüyünü təmin edən qalib Azərbaycan sazişin imzalanmasına hazırdır və danışıqların aparılması üçün Ermənistan hökuməti tərəfindən tarixlərin verilməsini gözləyir. Cənab İlham Əliyev konkret mövqe nümayiş etdirərək həm Qarabağ və Şərqi Zəngəzuru yenidən qurur, həm də sülh danışıqlarına hazır olduğunu əməlləri ilə sübuta yetirir.
Mərdan Cəlilov,
“P-Aqro” MMC-nin Salyan filialının direktoru, sahibkar
Daha çox xəbər:
Azərbaycan Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir
Azərbaycan Prezidenti: “Zəngəzur dəhlizi regionumuz üçün yeni imkanlar yaradacaq”
İlham Əliyev: “İkinci Qarabağ müharibəsi vəziyyəti köklü şəkildə dəyişdi”
Ərdoğanla Putin Cənubi Qafqazı müzakirə etdilər
Hikmət Hacıyev: “Azərbaycan bölgədə yeni Cənubi Qafqaz regionunun qurulmasına çalışır”