Gündəm / Cəmiyyət
Azərbaycan Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir
Sülh dövlətlərin bir-biri ilə münasibətlərinin qeyri-zorakılıq şəraitində qurulması, bir-birinin milli maraqlarını uzlaşdırması deməkdir. Azərbaycan dövləti hər zaman sülhün, əməkdaşlığın, mehriban qonşuluğun tərəfdarı olub. Beynəlxalq hüququn normalarına və prinsiplərinə böyük hörmət və məsuliyyətlə yanaşan dövlətimiz sülhün təminatı, regionun inkişafına və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi istiqamətində bütün səyləri ilə öz dəstəyini göstərir. Regionda sülhün bərqərar olunması istəyi Azərbaycanın rəsmi mövqeyini əks etdirir.
Bu gün Azərbaycanın beynəlxalq aləmdə əlaqələri getdikcə genişlənir və regiondakı mövqeyi daha da möhkəmlənir. Ermənistan üzərində tarixi Qələbədən sonra respublikamız dünyada qalib ölkə kimi tanınır. Bu şanlı Zəfərdən sonra ölkəmizlə əməkdaşlıq etməkdə maraqlı olan dövlətlərin sayı gündən-günə artmaqdadır. Həm Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri, həm də ölkəmizə rəsmi səfərə gələn dövlət başçılarının görüşləri zamanı da bu məqamların şahidi oluruq. Qarabağın işğaldan azad edilməsindən sonra Şuşada keçirilən tədbirlərdə müxtəlif ölkələrin nümayəndələrinin də iştirakı ölkəmizlə əməkdaşlığa olan marağın bariz nümunəsidir. Həmçinin, Azərbaycanın qazandığı parlaq qələbə Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasında və dövlətlər arasında qarşılıqlı fəaliyyətin inkişafında başlıca rol oynadı. Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində taleyyüklü addımlar atılmaqdadır.
Azərbaycanın qarşıya qoyduğu prioritet vəzifələrdən biri Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyidir. Vətən müharibəsindən sonra bu istiqamətdə ikitərəfli və üçtərəfli əməkdaşlıq formatını yaratmaq və region dövlətlərinin inkişafında yeni mərhələnin başlanması üçün imkan yaranıb.
Prezident İlham Əliyevin əməkdaşlıq, inkişaf, sülh və sabitlik kontekstində təşəbbüsləri qonşu dövlətlərlə inkişaf və əməkdaşlığın daha da genişləndirilməsinə əsaslanır. Əlbəttə ki, Azərbaycanın qonşu dövlətləri, eləcə də Ermənistan yaranmış əlverişli şəraitdən lazımınca istifadə etməlidir. Dövlət başçısı bütün bu məqsədlərə nail olmaq üçün Ermənistanın imzaladığı sənədə sadiq qalmalı və beynəlxalq ictimaiyyət bir çox problemlərlə üzləşən regionda əməkdaşlığın və sabitliyin gücləndirilməsi istiqamətində Azərbaycanın səylərini dəstəkləməli olduğunu bildirib. Sözsüz ki, təhlükəsizlik olmadan əməkdaşlıq və iqtisadi faydadan söhbət gedə bilməz. Regionda təhlükəsizlik və əməkdaşlığa reallıqları nəzərə alaraq yanaşmaq əsas məsələlərdəndir. Azərbaycanın iqtisadi fəaliyyəti də sabitlikdən qaynaqlanır və davamlı sabitlik də təhlükəsizliyin tərkib hissəsidir.
Azərbaycan işğal olunmuş torpaqlarını azad etməklə bölgədə yeni mərhələnin, yeni geostrateji vəziyyətin yaranmasının da təməlini qoymuş oldu. Yaranan yeni reallıqlar hədəfləri müəyyənləşdirib. Cənab Prezident haqlı olaraq bildirib ki, Azərbaycan və Gürcüstan arasında ikitərəfli və artıq beynəlxalq səviyyədə çox sıx əməkdaşlıq var. Lakin, Ermənistan bu bölgədə təcrid olunmuş ada kimi yaşamaqda davam edə bilməz. Onlar münasibətləri normallaşdırmalıdırlar. Azərbaycana və Türkiyəyə ərazi iddialarına son qoymalıdırlar və Cənubi Qafqazda üçtərəfli səviyyədə hər hansı qarşılıqlı təmasdan çəkinməli deyillər.
Son zamanlar Azərbaycan ardıcıl olaraq sülhün və inkişafın təmini üçün konkret layihə və proqramlarla çıxış edir. Avropa İttifaqının regionda sülhün təmin olunması üçün atdığı addımlar Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasətə beynəlxalq dəstəkdir.
Müzadil İbrahimov,
Salyan rayon Çuxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə
Daha çox xəbər:
Azərbaycanda 5 baza prinsipi əsasında sülh sazişinə hazırlıq prosesi gedir
Ceyhun Bayramov iki səfiri qəbul etdi – FOTO
İlham Əliyev: “Türkiyə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi böyük uğurla həyata keçirəcək”
Azərbaycan ordusu şanlı zəfər çaldı
Hikmət Hacıyev: “Azərbaycan bölgədə yeni Cənubi Qafqaz regionunun qurulmasına çalışır”