Gündəm / Cəmiyyət
10:31, 20 Temmuz 2022

Qarşıya qoyulan əsas vəzifə Qarabağ və Şərqi Zəngəzuru dünyanın ən abad, ən gözəl bölgələrindən birinə çevirməkdir

Qarşıya qoyulan əsas vəzifə Qarabağ və Şərqi Zəngəzuru dünyanın ən abad, ən gözəl bölgələrindən birinə çevirməkdir

Azərbaycanın dinamik inkişafı bu il də uğurla davam etməkdədir. Cari ilin birinci yarısında müşahidə etdiyimiz müsbət inkişaf tendensiyaları, əldə olunan nəticələr bunu deməyə əsas verir. İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirədə dövlət başçımızın öz çıxışında qeyd etdiyi kimi, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyulan vəzifələr icra edilir. Bu gün Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda apardığı möhtəşəm yenidənqurma işləri də ölkənin iqtisadi qüdrətinin daha bir nümayişi kimi qiymətləndirilməlidir.
“Biz Qarabağı, Zəngəzuru yenidən qururuq, yenidən qurmalıyıq. Buna nə qədər vəsait lazımdır. Hamısını öz hesabımıza edirik, 1 il 8 ay ərzində hələ bir dənə də kömək görməmişik. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik və hələ nə qədər edəcəyik”. Prezident İlham Əliyevin bu ilin altı ayı¬nın yekunlarına həsr olunan müşavirədəki çıxışında səsləndirdiyi bu sözlər bir tərəfdən ölkəmizin sülh siyasətinə sadiqliyindən, xalqımızın qurub-yaratmaq xarakterindən xəbər verirsə, digər tərəfdən, respublikamızın iqtisadi güc-qüdrətini göstərir.
Qırx dörd günlük Vətən müharibəsindəki böyük Zəfərdən sonra geniş tikinti-quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bütün infrastrukturlar yenidən qurulur. Yeni avtomobil və dəmir yolları, körpülər, tunellər, hava limanları, elektrik və su xətləri, müasir yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, su-elektrik stansiyaları tikilir. Bölgədə böyük infrastruktur işləri görülür, yaşayış binaları inşa olunur. Zəngilan rayonunda Ağalı kəndi “ağıllı kənd” layihəsi əsasında istifadəyə verilib, həmçinin beş şəhərin Baş planı təsdiqlənib, yeni yaradılacaq kəndlərin əraziləri müəyyənləşdirilib. Bu gün Qarabağ və Şərqi Zəngəzurda elektrik yarımstansiyalarının inşası davam etdirilir. Yeri gəlmişkən, ötən il azad edilmiş torpaqlarda 9 elektrik yarımstansiyası inşa edilib. Həmçinin çətin relyefə malik olan Daşkəsəndən, Kəlbəcər dağlarından da elektrik xətləri çəkilib.
Dövlətimizin başçısı müşavirədəki çıxışında Qarabağ və Şərqi Zəngəzurla bağlı görülən işlər arasında ərzaq təhlükəsizliyi məsələlərinə də xüsusi önəm verildiyini bildirib. Ölkə rəhbəri artıq bütün dünyanın üzləşdiyi bu problemin həlli istiqamətində Azərbaycanın da ciddi tədbirlər həyata keçirdiyini, bunun respubli¬kamızın taxılın idxalından böyük dərəcədə asılılığı ilə bağlı olduğunu söyləyib. Eyni zamanda, bu asılılığı aradan qaldırmaq üçün indi proqram hazırlandığını, həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində vaxt itirmədən, tezliklə taxıl istehsalını artırmaq barədə müəyyən layihələrin reallaşdırıldığını diqqətə çatdırıb.
Düşməndən təmizlənən torpaqlarda sənayenin inkişafı da diqqətdə saxla¬nılır. Cəbrayıl və Ağdam rayonlarında artıq bu istiqamətdə işlər gedir. Bölgədə sənayeləşmə prosesinin mərhələli şəkildə aparılacağı nəzərdə tutulur. Abadlıq və quruculuq işlərinin həyata keçirilməsi üçün ilkin mərhələdə tikinti şirkətləri prosesə qo¬şulur. Nəzərə alsaq ki, əhali tezliklə işğal¬dan azad edilmiş ərazilərə qayıdacaq, belə olan halda, onların ərzağa olan tələbatının təmin edilməsi xüsusi diqqətdə saxlanılır. Eyni zamanda növbəti mərhələdə kənd təsərrüfatı məhsullarının emalı, yüngül və qida sənayesinin formalaşdırılması prose¬sinin həyata keçirilməsi nəzərdə tutulur. Bu baxımdan Ağdamda sənaye parkının yaradılması böyük əhəmiyyət daşıyır. Buradakı qida sektoru, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, inşaat materiallarının istehsalı nəzərdə tutulur. Bu isə makroiqtisadi göstəricidə qeyri-neft sektorunun çəkisinə xüsusi təsir edəcək. “Ağdam Sənaye Parkı” investorların cəlb edilməsi, yeni iş yerlərinin açılması, bölgədə iqtisadi gücün yenidən bərqərar olması, müasir çağırışlar nəzərə alınmaqla sənayenin modernləşdirilməsi baxımın¬dan mühüm əhəmiyyət kəsb edir.
Bir sözlə, qarşıya qoyulan əsas vəzifə Qarabağ və Şərqi Zəngəzuru dünyanın ən abad, ən gözəl bölgələrindən birinə çevirməkdir. Görülən işlər, həyata keçirilən tədbirlər bir daha deməyə əsas verir ki, bu məqsədlə qəbul olunmuş proqramın uğurla icra olunması sayəsində quruculuq-bərpa işləri tezliklə başa çatacaq, insanlarımız yurd həsrətinə son qoyaraq öz doğma torpaqlarında firavan yaşayacaqlar.

Rafiq Əzizov,
Salyan rayon Dayıkənd kənd tam orta məktəbin direktoru







Digər xəbərlər: