Gündəm / Cəmiyyət
Azərbaycan Avropa İttifaqının enerji ehtiyaclarının ödənilməsində ən mühüm strateji mövqeyə malik ölkələrdən biridir
Müstəqil Azərbaycanın ötən əsrin doxsanıncı illərinin əvvəllərindən etibarən ardıcıllıqla həyata keçirdiyi uğurlu enerji siyasəti, transmilli şirkətlərlə birlikdə reallaşdırdığı irimiqyaslı layihələr ölkəmizə regional və qlobal miqyasda böyük nüfuz qazandırıb. Azərbaycanda neftçıxarmanın qədim tarixi var. Ancaq 1994-cü il sentyabrın 20-də ölkəmizlə transmilli şirkətlər arasında “Azəri-Çıraq-Günəşli” dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə “Əsrin müqaviləsi”nin imzalanması ilə neftçıxarma tariximizdə yeni səhifə açıldı. “Əsrin müqaviləsi”nin texniki parametrləri kifayət qədər genişdir. Dəyəri 7,4 milyard dollar olan “Əsrin müqaviləsi”ndə dünyanın 7 ölkəsini təmsil edən 11 beynəlxalq neft şirkəti iştirak edib. İlkin hesablamalara görə, “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olsa da, sonralar yeni qiymətləndirmələrə əsasən neft ehtiyatı 1.072 milyard ton həcmində müəyyən edilib. “Əsrin müqaviləsi”ndən sonra 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalanıb. Bəhs olunan layihələr sayəsində Azərbaycanın regionda və Avropada önəmi əhəmiyyətli dərəcədə artıb.
Enerji faktoru həm siyasi, həm də beynəlxalq layihələr baxımından Azərbaycanın siyasi və iqtisadi inkişaf problemlərinin həllində mühüm rol oynayır. Bu çərçivədə müstəqillik qazandıqdan sonrakı dövrdə neft sektorunun inkişafı və xarici şirkətlərlə əməkdaşlıq Azərbaycana böyük iqtisadi töhfə verdi. Hazırda dünyada yaşanan məlum gərginliklər fonunda ölkələrin milli təhlükəsizliyinə yaranan təhdidlər enerji təhlükəsizliyinin aktuallığını daha da artırıb. Bu baxımdan Azərbaycanın şaxələndirilmiş neft-qaz boru kəmərləri şəbəkəsinin qurulmasına nail olması strateji əhəmiyyət daşıyır. Məhz şaxələndirilmiş infrastruktur qurması sayəsində Azərbaycan istehsalçı ölkə kimi müstəqil enerji siyasəti həyata keçirməyə və milli maraqlarını maksimum dərəcədə qorumağa nail olur. Şaxələndirilmiş enerji marşrutları, eyni zamanda, istehlakçılar üçün böyük əhəmiyyət daşıyır. Şaxələndirilmiş boru kəməri şəbəkəsi respublikamıza özünün enerji resurslarını müxtəlif istiqamətlərə nəql etməyə imkan verir, paralel surətdə istehlakçılar da tələbatlarını müxtəlif mənbələrdən ödəyirlər.
Bu gün dünya siyasətinin aktual məsələlərindən biri enerji təhlükəsizliyidir. Enerji qaynaqlarının əhəmiyyəti artır və sürətlə böyüyən dünya iqtisadiyyatı bu qaynaqlara əvvəlkindən daha çox ehtiyac duyur. Artıq strateji enerji mənbələri qlobal geosiyasi vəziyyətə təsir edən amillərdən birinə çevrilib. Bunun təbii bir nəticəsi olaraq zəngin enerji qaynaqlarına sahib olan ölkələr iqtisadiyyat və geosiyasi baxımdan əsas mövqedədirlər. Dünyada enerji təhlükəsizliyi milli təhlükəsizliyin mühüm tərkib hissələrindən biri kimi qiymətləndirilir. Enerji təhlükəsizliyi enerji istehlakı üçün təbii resursların mövcudluğu və ölkənin milli təhlükəsizliyi arasında əlaqə növüdür. Enerji resursları məhdud olan ölkələr enerji təhlükəsizliyi problemi ilə qarşılaşır və buna görə də müasir dünyada yanacaq-enerji resursları ilə təchizatı, həmçinin enerji effektivliyi dövlətin inkişaf səviyyəsinin mühüm indikator göstəricilərindən biri hesab olunur və beynəlxalq geosiyasətdə enerji resursları faktoru müstəsna əhəmiyyət daşıyır.
Bu gün Avropa İttifaqı dünyanın ən böyük enerji idxalçısıdır. Avropa İttifaqı enerji ehtiyaclarını ödəmək üçün Xəzər hövzəsinə də yönəlib. Azərbaycan Avropa İttifaqının enerji ehtiyaclarının ödənilməsində və Xəzər hövzəsində enerji təhlükəsizliyinin təmin edilməsində ən mühüm strateji mövqeyə malik ölkələrdən biridir. Avropa İttifaqı üçün Azərbaycan Xəzərdə neft və təbii qaz ehtiyatlarının istehsalı və Avropaya nəqli üçün böyük geosiyasi əhəmiyyətə malikdir. İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenlə görüşdə çıxışında qeyd etmişdir: “Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir. Biz neft hasilatı ilə başladıq. Sonra qaz hasilatına keçdik. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərini çəkdik. Əlbəttə ki, 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya etdi və bununla təbii qazımız Avropa qitəsinə çatdırılır. İki ildən az müddətdə Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Bütün seqmentlər istismar olunur. Biz bu əməkdaşlığın müsbət faydasını artıq görürük. Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq təbii ki, böyük nailiyyətdir.”
Uzun illərdir ki, Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır və bunun təməli “Əsrin müqaviləsi” ilə qoyulub. Enerji strategiyasının məqsədi, çox güclü, genişmiqyaslı qaz dəhlizi formalaşdırmaqdır. Xəzərin Azərbaycan sektorunun qaz-kondensat ehtiyatları ilə zəngin olduğu nəzərə alınaraq, “Cənub Qaz Dəhlizi” sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilməsi üçün onun seqmentlərinin hər birinin, o cümlədən, TAP-ın ötürücülük gücü artırıla bilsin. Gələcəkdə Türkmənistan və Qazaxıstan Avropa bazarına öz böyük qaz resurslarını ixrac etmək üçün həyata keçirilən infrastrukturdan istifadə edə bilər. Eləcə də İran və İraqın da qaz və enerji ehtiyatlarının əlavə edilməsi mümkündür. Bu, Xəzər dənizindən Avropanın ürəyinə uzanan yolda bütün ölkələrə fayda gətirməsi üçün nəzərdə tutulan unikal bir layihədir.
Beləliklə, Azərbaycanın Avropa İttifaqı və bölgə ölkələrinin enerji təhlükəsizliyi sistemindəki strateji rolu gündən-günə artır. Cənub Qaz Dəhlizinin reallaşması və gələcəkdə Türkmənistan və İran təbii qazının Avropaya nəqli dövründə Azərbaycanın tranzit ölkə rolunu oynayacağı bu ölkənin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində geostrateji əsas ölkə mövqeyini sübut edir.
Fikrət Məlikov,
Salyan rayonu Parça Xələc kənd sakini, həkim
Daha çox xəbər:
“Əsrin müqaviləsi”nin imzalanmasından 27 il ötür
Güclü Azərbaycan naminə
Azərbaycanın başlatdığı və Avropa İttifaqının dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişdirir
Ölkəmizin enerji siyasəti bölgədə regional əməkdaşlığın genişlənməsi üçün etibarlı təminatdır
Ötən əsrin 90-cı illərində məşhur olan trend yenidən dəbə mindi - FOTO