Gündəm / Cəmiyyət
11:08, 21 Temmuz 2022

Ölkəmizin enerji siyasəti bölgədə regional əməkdaşlığın genişlənməsi üçün etibarlı təminatdır

Ölkəmizin enerji siyasəti bölgədə regional əməkdaşlığın genişlənməsi üçün etibarlı təminatdır

Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq əlaqələrinin mövcudluğu böyük əhəmiyyətə malikdir. Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan Anlaşma Memorandumu isə bu tərəfdaşlığı daha da gücləndirir. Ümumiyyətlə, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və hazırda İttifaqın 9 üzv ölkəsi ilə respublikamız arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb. Avropa İttifaqının Azərbaycan ilə sıx münasibətləri bu qurumun ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstək fonunda formalaşıb.
Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış sənədə əsasən Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmi ikiqat artacaq. Azərbaycandan Avropa bazarlarına TAP boru kəməri ilə nəql edilən təbii qazın həcmi 2027-ci ildə ikiqat artacaq. Perspektivdə Yunanıstan və Bolqarıstana tədarüklər nəzərə alınmaqla, eləcə də TAP-ın ötürücülük gücünün iki mərhələdə artırılması sayəsində kəmərlə 20 milyard kubmetrdən çox təbii qaz nəql etmək mümkün olacaq. TAP Cənub Qaz Dəhlizinin Avropa qolu, Azərbaycandan Avropa bazarlarına 10 milyard kubmetr yeni qaz tədarükünü həyata keçirən qovşaq layihəsidir. TAP-ın çatdırdığı qaz həcmləri Avropa İttifaqı üçün yeni etibarlı, təhlükəsiz və sərfəli enerjini mənbəyini təmin etməklə yanaşı, enerji yol xəritəsini asanlaşdırmaqda əsas rol oynayır.
Cənub Qaz Dəhlizinin əsas hissəsi kimi TAP Avropa üçün strateji və iqtisadi əhəmiyyət daşıyır, yeni təbii qaz mənbəyinə etibarlı çıxışı təmin edir. Bu ilin iyun ayında Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində də Prezident İlham Əliyev Azərbaycanın enerji sektorunda qazandığı nailiyyətlərdən, Cənub Qaz Dəhlizinin uğurlu sonluqla başa çatmasından geniş bəhs edərək bildirmişdir ki, Azərbaycan və Avropa Komissiyası arasında məhsuldar əməkdaşlıq mövcuddur. Bu da Cənub Qaz Dəhlizi layihəsinin icrasında mühüm rol oynayıb və gələcək planlarımızın reallaşdırılmasına öz müsbət təsirini göstərəcək.
Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoquna başlanılıb. Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən yüksək dəyərləndirilir. Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavatdır. Xəzər dənizində külək enerjisinin potensialı isə 157 qeqavata bərabərdir. Azərbaycan malik olduğu iqtisadi potensialdan səmərəli istifadə etməklə həm dayanıqlı inkişafını təmin edir, eyni zamanda, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Məhz uğurlarımız bu reallığı da təsdiqləyir ki, iqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır.
Göründüyü kimi, hər zaman olduğu kimi, bu gün də Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti öz sözünü deyir. Bu günümüzün əsas məsələsi olan tarixi Zəfərimizin reallıqları dünya gücləri tərəfindən dəstəklənir, qəbul olunur və fəaliyyətlərini bu istiqamətdə qururlar. Azərbaycana hazırda beynəlxalq dəstək yüksək səviyyədədir. Digər tərəfdən ölkəmizin iqtisadi müstəqilliyi daha da möhkəmlənir. Avropa İttifaqı ilə münasibətlərin sağlam təməl əsasında qurulmasının nəticəsidir ki, ölkəmiz hazırda bu beynəlxalq təşkilatın bir çox proqramlarında fəal iştirak edir. Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı kimi qəbul olunur. Ölkəmizin enerji siyasəti bölgədə regional əməkdaşlığın genişlənməsi üçün etibarlı təminatdır.

Mahiyyə Həsənova,
Salyan şəhər 9 saylı tam orta məktəbin direktoru
Digər xəbərlər: