Gündəm / Cəmiyyət
11:06, 21 Temmuz 2022

AZƏRBAYCAN ENERJI SAHƏSINDƏ AVROPA KOMISSIYASI ILƏ ON BEŞ ILDƏN ARTIQ ƏMƏKDAŞLIQ EDIR

AZƏRBAYCAN ENERJI SAHƏSINDƏ AVROPA KOMISSIYASI  ILƏ ON BEŞ ILDƏN ARTIQ ƏMƏKDAŞLIQ EDIR

Azərbaycan bu gün özünün beynəlxalq əlaqələrini sürətlə və uğurla inkişaf etdirir. Əlbəttə ki, Avropa İttifaqı da ölkəmiz üçün olduqca önəmli tərəfdaşlardan biridir. İyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” münasibətlərin daha da dərinləşməsi və inkişaf etdirilməsi yönümündə xüsusi əhəmiyyət kəsb edən sənəddir.
Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın ən böyük hissəsi məhz enerji sahəsində həyata keçirilir. Artıq Azərbaycan enerji sahəsində Avropa Komissiyası ilə on beş ildən artıq bir müddətdir ki, əməkdaşlıq edir. 18 iyul Memorandumu isə Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan ilk sənəd deyildir. Bu tərəfdaşlar arasında hələ 2006-cı ildə Anlaşma Memorandumu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalanmışdır. Prezident İlham Əliyev çıxışında da qeyd etdi ki, bu gün Azərbaycanın başlatdığı və Avropa İttifaqının dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişdirir. Əlbəttə ki, bu baxımdan Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərinin çəkilməsi kimi möhtəşəm bir layihənin iki ildən də az müddətə reallaşdırılması xüsusi qeyd olunmalıdır. Qeyd etmək lazımdır ki, bu gün 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya edərək Azərbaycanın təbii qazını Avropa qitəsinə çatdırır. Əminliklə deyə bilərik ki, bu layihə ölkəmizin Avropanın enerji təhlükəsizliyi məsələsinə verdiyi ən böyük töhfələrdən biridir.
18 iyulda İmzalanmış Memorandumdakı ən mühüm məqamlardan biri də bərpaolunan enerji hasilatı ilə bağlıdır. Azərbaycan bərpaolunan enerji sahəsində də çox böyük potensiala malikdir. Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən artıq yüksək dəyərləndirilir. Bu potensial ölkəmizin təkcə qonşu dövlətlərə deyil, həmçinin Avropaya da enerji satışı imkanlarını artıracaqdır. Bu baxımdan Xəzər dənizinin külək enerjisini və “yaşıl” hidrogen potensialı Avropa ölkələri üçün daha maraqlıdır. Bütün bu məsələlər Ölkə Prezidenti cənab İlham Əliyevin Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə keçirdiyi geniş tərkibdə görüşdə də ətraflı müzakirə olunmuşdur. Demək olar ki, Azərbaycan tədricən Avropa İttifaqı üçün həm də bərpaolunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdaşa çevriləcəkdir.
Azərbaycan bu gün artıq Xəzərdə ən iri ticarət donanmasına, müasir infrastruktura, gəmiqayırma imkanlarına, yeni və müasir dəniz limanına, bütün qonşu ölkələrlə bizi birləşdirən dəmir yollarına sahib olmaqla, enerji sektoru kimi nəqliyyat-logistika sahəsində də etibarlı tərəfdaşdır. Azərbaycan ilə Avropa İttifaqı arasında artıq yeni saziş hazırlanır. Bütün bunlar Azərbaycan ilə Avropa İttifaqı arasında ikitərəfli əməkdaşlığa mühüm töhfələr verəcəkdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Avropa İttifaqı Azərbaycan üçün əsas ticari tərəfdaşlardan biridir və nəzərdə tutulan planların icrası ticari dövriyyəni həm Azərbaycan xalqının, həm də Avropa ölkələri xalqlarının rifahı naminə artıracaqdır. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi vardır və bu münasibətlər getdikcə daha da dərinləşəcək və möhkəmlənəcəkdir.

Aqil Qurbanov,
Salyan rayon Qarabağlı 2 saylı kənd tam orta məktəbin müəllimi
Digər xəbərlər: