Gündəm / Cəmiyyət
15:09, 16 Ocak 2023

Uğurla və davamlı şəkildə aparılan işlər ölkəmizin inkişafına öz töhfəsini verəcəkdir.

Uğurla və davamlı şəkildə aparılan işlər ölkəmizin inkişafına öz töhfəsini verəcəkdir.

Məlum olduğu kimi, yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi zamanı keçmiş məcburi köçkünlərlə bağlı hisslərini dilə gətirən Prezident İlham Əliyev bir daha Azərbaycan dövlətinin qarşısında duran vacib milli prioritetlərdən birinin Böyük qayıdış, bir qərinədir ki, yurdundan didərgin salınmış insanlarımızın dədə-baba yurdlarına qovuşdurulması olduğunu bəyan etdi.
Qeyd edək ki, Vətən müharibəsindəki tarixi zəfərdən sonra Azərbaycan çağırışlarla dolu və bir-birindən parlaq uğurlar əldə etdiyi yeni dövrə qədəm qoyub. Heç şübhəsiz, bu uğurların başında 30 illik işğal dövründə Ermənistan tərəfindən viran qoyulan Qarabağ və Şərqi Zəngəzurda qısa zaman içərisində nəhəng bərpa və quruculuq işlərinin aparılması, o yerlərə həyatın qayıdışı üçün mühüm layihələrin həyata keçirilməsi gəlir. Vətən müharibəsi başa çatandan dərhal sonra Azərbaycan dövləti, Böyük qayıdışın tezliklə gerçəkləşdirilməsi üçün əzm və səylə çalışır. Buna görə də işğaldan azad edilmiş ərazilərdə ilk öncə irimiqyaslı infrastruktur layihələri icra olunur. "Qarabağın hava qapısı" Füzuli Beynəlxalq Hava Limanı cəmi səkkiz ay ərzində tikilib istifadəyə verilib. Ötən il oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib. 2025-ci ildə isə Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi nəzərdə tutulur. Təsdiq olunmuş investisiya planına əsasən, hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu iki min kilometrdən çox avtomobil yolu, 50 kilometrdən çox olan tunellər salınır. Həmçinin bu ərazilərdə 100-dən çox körpü salınacaq. Azad olunmuş ərazilərdə elektrik təchizatı tamamilə bərpa edilib, bütün Qarabağ və Şərqi Zəngəzur vahid bir enerji şəbəkəsinə qoşulub. Azad olunmuş torpaqlarda 11 su-elektrik stansiyası inşa edilib və onların generasiya gücü təqribən 55 meqavata yaxındır. Cari ildə Cəbrayılda Günəş-Elektrik Stansiyasının inşasına başlanılması planlaşdırılır.
Qarabağda və Şərqi Zəngəzurda dövlət başçısının birbaşa diqqəti və nəzarəti altında həyata keçirilən işlər sayəsində ötən il Zəngilanın Ağalı kəndinin timsalında Böyük qayıdışın başlanğıcına qürurlu şahidlik etdik. Artıq ağalılılar hər yeni günü sevinclə doğma kəndlərindən salamlayırlar. Bu il isə yurd həsrəti bitən, doğma ocaqlarına qayıdan ilk bəxtəvərlər laçınlılar olacaq. Çünki dövlətimiz Laçın şəhəri işğaldan azad olan kimi burada da geniş quruculuq-bərpa işlərinə başlayıb. Bu ilin sonuna qədər laçınlıların birinci qrupu artıq şəhərdə yerləşdiriləcək. Eyni zamanda cari il Zabux və Sus kəndlərində 200-dən çox ailə məskunlaşdırılacaq.
"...2023-cü il artıq Böyük qayıdışın ilk addımlarından biri olacaq. Əlbəttə, Ağalı kəndi birinci addım idi. Amma biz bu il bunu, inşallah, daha kütləvi surətdə görəcəyik", - deyə müsahibəsində məlumat verən dövlət başçısı bildirdi ki, Laçında hazırda yüzlərlə ev yenidən qurulur, təmir edilir, o cümlədən ictimai binalar tikilir. Bununla paralel olaraq, bir çox kəndlərdə inşaat işlərinə başlanılıb. Təqribən birinci mərhələdə 100-ə qədər yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. Hazırda Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda çoxmərtəbəli evlərin tikintisinə başlanılıb. Bir neçə kəndin təməli qoyulub. Həmçinin Şuşada, Ağdamda, Füzulidə məktəblər, xəstəxanalar hazır vəziyyətə gətiriləcək.
Bəli, bu il Böyük qayıdışın sürətli inkişaf mərhələsinə başlayırıq. Vətən müharibəsində yurdlarının azadlığı ilə qəlbləri xoşbəxtliklə aşıb-daşan keçmiş məcburi köçkünlərin, indi də ürəkləri torpaqlarına dönmək üçün atlanır. Onların hər biri, ağalılılar kimi tarixi ərazilərinə qayıdıb yeni həyata başlamağa tələsirlər və hər ötən an onları bu müqəddəs istəklərinə bir addım daha da yaxınlaşdırır.
Çünki Azərbaycan dövləti illərdir vətəndə illərdir qəribçilik çəkən yüzminlərlə vətəndaşımızın tezliklə Qarabağa və Şərqi Zəngəzura qayıdışı üçün o yerlərdə misilsiz işlər, meqalayihələr həyata keçirir.
Dövlət başçısı İlham Əliyev sözügedən müsahibəsində bir daha vurğuladı ki, keçmiş məcburi köçkünlər üçün elə bir məkan qurmalıyıq ki, bu, 30 il həsrət içində yaşayanlar üçün təsəlli olsun: "Onlar buna layiqdirlər. Digər tərəfdən, dünyaya da göstərək, bax torpağın sahibləri qayıdıb, bax viran qoyulmuş torpaqlar görün gülüstana çevrilib".

Semur Əsgərov,
YAP Göygöl rayon təşkilatının məsləhətçisi
Digər xəbərlər: