Gündəm
16:03, 19 Haziran 2023

Azərbaycan və Pakistan arasında çoxşaxəli münasibətlər mövcuddur


Məlum olduğu kimi, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycana Türkiyədən sonra ən çox siyasi və mənəvi dəstəyi Pakistan İslam Respublikası verdi. Eyni zamanda müxtəlif ölkələrdəki Pakistan diasporu da həmin günlərdə Azərbaycan diasporu ilə həmrəylik nümayiş etdirdi. Pakistan bununla bir daha dost və qardaş ölkə olduğunu nümayiş etdirdi.
Yeri gəlmişkən, qeyd edək ki, Prezident İlham Əliyevin 15 iyun tarixində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında Pakistan dövləti və xaqlının bu dəstəyini xüsusi qeyd edib. Dövlət başçısı bildirib ki, Pakistan işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib. Öz növbəsində Azərbaycan da Kəşmir və digər məsələlərdə hər zaman Pakistan İslam Respublikasına dəstək verir. Prezident İlham Əliyev bəyanatında bu haqda da danışaraq Azərbaycanın Pakistanı Kəşmir məsələsində hər zaman dəstəklədiyini vurğulayıb: “Bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır”. Bütün bunlar Azərbaycanla Pakistanın ikitərəfli münasibətlərinin dərin tarixi köklərinin olmasından irəli gəlir. Çünki hər iki xalq bir-birinə qarşılıqlı hörməti bəsləyir və eyni dəyərlərə malikdir. Pakistan ölkəmizin müstəqilliyini tanıyan ilk müsəlman dövlətlərindən biridir. İki ölkə arasında diplomatik əlaqələr 9 iyun 1992-ci ildə yaradılıb. Azərbaycana ən yaxın və dost ölkələrdən biri olan Pakistan ölkəmizin mənafeyini bütün beynəlxalq təşkilatlarda ardıcıl olaraq müdafiə edib, Ermənistanın təcavüzünə birmənalı münasibət bildirib. 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 nömrəli qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib. Müstəqillik illərində Azərbaycan-Pakistan əlaqələrinin inkişafı, müxtəlif sahələrdə münasibətlərimizin genişləndirilməsi istiqamətində çoxşaxəli addımlar atılıb. Dövlətimizin başıçısının dediyi kimi, Azərbaycan və Pakistan münasibətləri iki qardaş ölkə arasında olan münasibətlərdir. “Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub”, - deyə cənab Prezident əlavə edib. Ümumiyyətlə, Azərbaycanla Pakistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir, dostluq münasibətləri daha da güclənir. Vətən müharibəsi zamanı biz bu dostluğun gücünə bir daha şahid olduq.
Prezident İlham Əliyev bəyanatında Pakistan və Azərbaycanın hər zaman çiyin-çiyinə dayanan ölkələr olduğunu vurğulayıb: “Bakının müxtəlif yerlərində Pakistan bayraqlarını görə bilərsiniz. Bu, İkinci Qarabağ müharibəsi dövründə asılmış bayraqlardır. İki il yarım bundan öncə müharibə başa çatsa da, burada Pakistan bayraqları hələ də dalğalanır. Bu, xalqımızın münasibətidir və biz eyni münasibəti Pakistan xalqından da görürük”. Həmrəyliyimizin nəticəsidir ki, Azərbaycanın Zəfəri eyni sevinclə Pakistanda da qeyd olundu. Müharibənin istənilən anında Azərbaycan Silahlı Qüvvələrinin əməliyyatları Pakistan kütləvi informasiya vasitələrində əsas başlıqla işıqlandırılırdı. Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif bəyanatında Azərbaycanın Ordusunun çox cəsarətlə döyüşərək Qarabağı azad etdiyini bildirib. Azərbaycan dövləti və xalqı Vətən müharibəsi zamanı və ondan sonrakı dönəmdə də qardaş Pakistanın daima Azərbaycanın yanında olmasını, öz siyasi və mənəvi dəstəyini əsirgəməməsini böyük məmnunluqla qarşılayıb. Xüsusən Qələbə günü Azərbaycan xalqı Pakistanla bağlı öz hisslərini nümayiş etdirdi. İnsanlar birlik və qardaşlığımızın simovolu olaraq müharibə zamanı Pakistan bayraqlarını da dalğalandırırdılar. Pakistan xalqının heç zaman unudulayacaq bu dəstəyi Prezident İlham Əliyev səviyyəsində yüksək qiymətləndirilib.

Vəfa Verdiyeva,
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl DAİM ərazi partiya təşkilatının fəal üzvü



Digər xəbərlər: