Gündəm
Ana dilimiz - milli sərvətimiz
Bu gün qorunub-saxlanılan, varlığımızı sübut edən atributlarlardan biri olan ana dilimiz milli sərvətimiz kimi qorunur, daha da təkmilləşdirilir. Bu günə kimi, çox ziddiyyətli yollar keçən Azərbaycan dilinin tarixinə nəzər saldıqda, onun müxtəlif inkişaf mərhələlərində olduğunun şahidi oluruq. Bu mərhələlər sırasında 1969-cu ildən başlayaraq, Azərbaycan dili sahəsində aparılan islahatlar öz nəticəsini verməyə başladı. Dili qorumaq, xalqı qorumaqdır. Bir dövləti məhv etmək üçün onun dilinin əlindən alınması məlum bir amildir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövr ərzində ana dili ətrafında apardığı islahatlar öz nəticəsini vermişdir. Ümummilli Lider ana dilinin saflığının qorunması üçün mühüm addımlar atdı. "Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir" - deyən Ulu Öndər Heydər Əliyev dil uğrunda mübarizədə qətiyyət və prinsipial mövqedən çıxış edirdi. 1978-ci ildə SSRİ rəhbərliyi milli dəyərlərə, dilə birmənalı yanaşmadığı halda, Ümummilli Liderin qətiyyəti və məntiqi nəticəsində Azərbaycan Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsdiq edən maddə daxil edildi. Bu dilimizə qarşı olan tələbkarlıq idi.
Qeyd etmək lazımdır ki, dil siyasəti dövlətin diqqətində duran məsələlərdəndir. Ulu Öndərin müdrik siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dilimizə, mədəniyyətimizə daim böyük diqqət və qayğı göstərən Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü dil siyasəti Azərbaycan dilini inkişafına töhfələrini verir. Dövlətimizin başçısının imzaladığı Fərman və sərəncamlar ana dilimizin saflığının qorunması və inkişafı yönündə mühüm əsas olmaqla yanaşı, eyni zamanda, milli identikliyi də gücləndirən əhəmiyyətli amildir. Müstəqillik illərində Azərbaycan dövlətinin Prezidenti İlham Əliyevin ana dilinin dövlət dili kimi geniş, maneəsiz işləkliyi üçün göstərdiyi siyasi, milli iradə, gördüyü məqsədyönlü işlər Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə və türk dilləri arasında mötəbər mövqe qazanmasına xidmət edir.
Bu gün müstəqil bir dövlətimizin mövcudluğu dilimizin qorunması, dünya dilləri içərisində layiqli yer tutması baxımından vacib tarixi imkandır. Tarixin müxtəlif dövrlərində Azərbaycan dili müxtəlif təzyiqlərə məruz qalsa da öz varlığını qoruyub saxlamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək, "ana dilimiz öz imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik quruluşunun sabitliyi ilə səciyyələnir. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir".
Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin sürətli inkişafı onun saflaşmasına, dünya dilləri sırasında özünəməxsus xüsusiyyətləri ilə seçilməsinə və mühüm yer tutmasına səbəb olmuşdur. Azərbaycan dili hazırda qloballaşma dövründə - elmin, texnikanın sürətlə inkişaf etdiyi indiki dövründə bütün elm sahələri üzrə hər hansı bir anlayışı incəliyinə qədər ifadə etməyə qadir olan zəngin və analitik dünya dillərindən biridir.
Qürurverici haldır ki, dövlətimiz tərəfindən dilimizin qorunması istiqamətində atılan addımlar bu gün də davam etməkdədir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan dilinin gələcəyi əmin əllərdədir.
Aidə Hüseynova,
Salyan şəhər 1 saylı humanitar fənlər təmayüllü məktəb-liseyin müəllimi
Daha çox xəbər:
Uğurlu dil siyasəti dövlətçiliyin əsasıdır
Azərbaycançılıq ideologiyasına xidmət edən siyasət
Ana dilimiz dünyada yaşayan bütün azərbaycanlıları birləşdirən, yaxınlaşdıran, əlaqələrini möhkəmləndirən ən güclü mənəvi bağdır
Ana dilimizin dövlət dili olması uğrunda yorulmaz mübariz
Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir