Gündəm
20:27, 01 Ağustos 2023

Ana dilimiz dünyada yaşayan bütün azərbaycanlıları birləşdirən, yaxınlaşdıran, əlaqələrini möhkəmləndirən ən güclü mənəvi bağdır

Ana dilimiz dünyada yaşayan bütün azərbaycanlıları birləşdirən, yaxınlaşdıran, əlaqələrini möhkəmləndirən ən güclü mənəvi bağdır

Milli varlığın inkişafında mühüm rol oynayan dil mənəvi və mədəni zənginləşmə, elmi-texniki inkişaf üçün zəruri olan ünsiyyət vasitəsidir. Ana dili hər bir xalqın, hər bir millətin mənəvi sərvəti, mənəviyyatının güzgüsüdür. Hər millətin inkişafında ən mühüm varlıq və yaşanma amili olan dilin müstəsna rolu vardır. Bu amillər nəzərə alınaraq hər bir xalq öz milli dilini qorumalı, inkişaf etdirməlidir.
Xalqımızın ana dili olan Azərbaycan dilinin inkişafında, onun dünya dilləri içərisində öz layiqli yerini tutmasında dilimizin zənginliklərinə bələd olan Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Azərbaycan Respublikasına rəhbərlik etdiyi bütün dövrlərdə Heydər Əliyev Azərbaycan dilini dövlətçiliyin əsas atributu, milli mənliyin əsas məsələsi kimi diqqət mərkəzində saxlamış və totalitar ideologiyanın təzyiqi altında böyük qətiyyətlə Azərbaycan dilini dövlət dili kimi inkişaf konturlarını müəyyənləşdirmişdir.
Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir. Heydər Əliyevin 2001-ci il iyulun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir. 2003-cü il yanvarın 2-də isə ulu öndər Heydər Əliyevin Fərmanı ilə "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Qanunda dövlətin ana dilinə qayğısı istiqamətində əsas vəzifələr dəqiq göstərilib.
Bütün maneələrə və çətinliklərə baxmayaraq ana dilimizi qorumaq üçün böyük addımlar atan ümummilli liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlət başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Bundan başqa, həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Prezidentin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir.
Dövlətimizin başçısının “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanı təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və ana dilimizin inkişafına yönəlmiş məqsədyönlü dil siyasətinin uğurlu davamıdır.
"Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir". Prezident İlham Əliyevin bu fikirləri hər bir azərbaycanlının üzərinə qoyulan başlıca vəzifədir. Ana dilimiz dünyada yaşayan bütün azərbaycanlıları birləşdirən, yaxınlaşdıran, əlaqələrini möhkəmləndirən ən güclü mənəvi bağdır. Dilimiz bizim gündəlik ünsiyyətimizdə, aldığımız təhsildə, poeziya və nəsrimizdə daim qorunub və bundan sonra da layiqli şəkildə qorunacaq!


Günay Əbilova
Salyan şəhər 7 məktəb-liseyin müəllimi, YAP fəalı


Digər xəbərlər: