Gündəm
Prezident İlham Əliyev ölkəmizə Zəfər bəxş etmiş möhtəşəm Liderdir
Azərbaycanın son iyirmi ildə qazandığı misilsiz nailiyyətlər, birmənalı olaraq, möhtərəm Prezident İlham Əliyevin müdrik siyasətinin, qətiyyətli, qüdrətli liderliyinin nəticəsi, bariz nümunəsidir. Cənab İlham Əliyev tarixin ən qüdrətli Azərbaycanının yaradıcısı olmaqla bərabər, həm də onun ən böyük Zəfərinin Müzəffər Komandanıdır. Bu günlərdə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və konstitusiya quruluşunun tam təmin edilməsi isə dövlət başçısı kimi fəaliyyətinin 20-ci ildönümü tamam olan cənab İlham Əliyevin tarixi missiyasının ən parlaq məqamlarından oldu. Xalqımıza böyük qürur bəxş edən son hadisələr Vətən Savaşında əldə olunan Zəfərdən sonra aparılan hərbi-siyasi proseslərin, yenə də məhz möhtərəm Prezidentimizin "Dəmir yumruğ"unun qəti qələbəsidir.
Xüsusilə qeyd edək ki, cəmi 23 saat ərzində həyata keçirilən lokal miqyaslı antiterror tədbirləri nəticəsində qazanılan nailiyyət tarixi Zəfərin ildönümü ərəfəsində xüsusi əhəmiyyət kəsb edir. 20 il öncə andiçmə mərasimində: "Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyondan artıq qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını, nəyin bahasına olursa-olsun, azad edəcəkdir", - deyərək səlahiyyətlərinin icrasını üzərinə götürən cənab İlham Əliyev, əslində, ali dövləti fəaliyyətinin elə ilk günündən Vətən müharibəsinə başlamışdı. Sadəcə, bu savaş 2020-ci il sentyabrın 27-də həlledici hərbi fazaya qədəm qoydu və 17 illik hazırlıq Ermənistanın rəsmən təslim olması ilə uğurla yekunlaşdı.
Qeyd edək ki, ötən dövrdə Azərbaycan Silahlı Qüvvələrinin "Qisas", "Qətiyyətli cavab" və digər hərbi əməliyyatları, həmçinin bu il aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qurulması "Dəmir yumruğ"un gücünün, mövcudluğunun davamlılığını əyani göstərdi. Lokal miqyaslı antiterror tədbirləri isə separatçı rejimin tam iflasını və ərazimizdə mövcud olan "boz zona"nın birdəfəlik ləğvini təmin etdi. Nəyi necə və nə vaxt etməyi hamıdan yaxşı və dəqiq bilən cənab Prezident İlham Əliyevin yüksək peşəkarlıqla və qətiyyətlə həyata keçirdiyi strateji plana uyğun olaraq, Qarabağdakı proseslər saat hesabı ilə xeyrimizə dəyişir. Yeri gəlmişkən, bütün Qarabağda artıq Azərbaycan bayrağı dalğalanır. Məhv edilən separatçı rejimin tör-töküntüləri tərk-silah olunur, "boz zona"nın minasızlaşdırılması və silahsızlaşdırılması prosesi uğurla həyata keçirilir, onların cinayət məsuliyyətinə cəlb edilən avantürist başçıları Bakı həbsxanalarında istintaqa ifadə verirlər. Bu ərazilərin də hər qarışı çox qısa zamanda Azərbaycanın yeni quruculuq ünvanlarına çevriləcək. Cənab Prezident İlham Əliyev uzun onilliklərin əsas problemini - 86,6 min kv. km-lik torpaqlarımızda ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin və konstitusiya quruluşunun təminini bir həmlə ilə həll etdi.
Beləliklə, həm də Ulu Öndərin müqəddəs arzuları, vəsiyyətləri Müzəffər Komandanımızın rəhbərliyi ilə məhz "Heydər Əliyev İli"ndə gerçəyə çevrildi. Son beş əsrlik tariximizin ən böyük qəhrəmanlıq səhifəsinin məhz bu yubiley ilində tarixə yazılması həm də Lider, Xalq, Ordu birliyinin sarsılmazlığının, onun Dahi Öndərin işıqlı ideallarına, arzularına sonsuz məhəbbətinin və sədaqətinin parlaq təzahürüdür.
Xüsusi vurğulamaq lazımdır ki, möhtərəm cənab Prezident İlham Əliyev fəaliyyətinin hələ ilk dövrlərindən etibarən, Qarabağın işğalını milli təhlükəsizliyin əsas təhdidi kimi xarakterizə edərək, tarixi ərazilərimizin Ermənistanın işğalından azad edilməsini öncül hədəf kimi müəyyənləşdirmişdi. O, bu taleyüklü vəzifəni qüdrətli liderlik məharətilə cəmi 44 günə gerçəkləşdirdi, 23 saat ərzində yekunlaşdırdı.
Vətən müharibəsi yalnız dünya hərb tarixinə düşən və 5-ci nəsil yeni savaş modeli olmadı, həm də beynəlxalq təhlükəsizliyə təhdid yaradan total səbəblərə, təhdidlərə qarşı ən effektiv və sarsıdıcı zərbə vurmağın mükəmməl örnəyini formalaşdırdı.
Tarixə qovuşmuş "Dağlıq Qarabağ münaqişəsi"nin ən böyük ziyanını elə erməni xalqı, Ermənistan Respublikası çəkdi və hələ də çəkir. Avantürist rəhbərlər onu böyük məhrumiyyətlərə, dərin böhrana məhkum etdi. Siyasi xaos, iqtisadi və sosial tənəzzül, darmadağın edilən ordu və utancverici məğlubiyyət, nəhayət, vətəndaş qarşıdurması, xaricə kütləvi miqrasiya və erməni xalqının faciələrini əks etdirən digər belə amillər Ermənistanın artıq geriyədönməz son iflas astanasında olduğunu göstərir. Erməni ictimaiyyətində öz həyatlarında yeni səhifə açmaqla bağlı çağırışların kütləviləşməsi ümid yaradır ki, bu ölkə sülh müqaviləsinin təcili imzalanmasına səmimi çalışacaq. Sülh müqaviləsinin imzalanmasına qədər itirilən hər gün bu ölkəni daha böyük itkilərə yaxınlaşdırır. Sərhədlərin delimitasiyası və demarkasiyası prosesini yekunlaşdırmaq, sülh müqaviləsini imzalamaq indi daha çox Ermənistana lazımdır. Azərbaycan öz ərazi bütövlüyünü tam təmin edib, sərhədlərimiz bütünlüklə nəzarətə götürülüb, qarşı tərəfdən ölkəmizə təhlükə yaradan strateji mövqelər hərtərəfli müşahidəmiz altındadır. Onu da qeyd edək ki, hazırda bir çox ölkələrin hərbi məktəblərində, analitik mərkəzlərində ən mükəmməl 5-ci nəsil savaşı kimi öyrənilən Vətən müharibəsi "dərsləri" də cənab İlham Əliyevin və rəşadətli Silahlı Qüvvələrimizin fəaliyyət nəticəsi kimi tarixə düşmüşdür. Bir sözlə, cənab İlham Əliyevin adı, imzası, iştirakı harada varsa, orada təhlükə, risk yoxdur - dünyanın qəbul etdiyi və hesablaşdığı həqiqət budur!
Bu gün tariximizin yeni şanlı səhifələri yazılır. Zəfər indi genişmiqyaslı quruculuq, nəhəng dirçəliş və yeniləşmə proseslərilə uğurla davam edir. Bu tarixi mərhələdə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərdiyi dəstək, həyata keçirdiyi təşəbbüslər xüsusi önəm daşıyır. Mehriban xanım Əliyevanın müəllifi olduğu layihələr, yeni tikilən, bərpa edilən mədəni-mənəvi incilərimiz, məktəblər, xəstəxanalar, sosial-humanitar infrastrukturlar bölgənin həyatında canlanma yaradır. Qarabağın və Şərqi Zəngəzurun baş memarları olan Prezident cənab İlham Əliyev və hörmətli Mehriban xanım Əliyevanın böyük fədakarlıqları ilə bölgə yenidən cənnətə çevrilir. Bu isə ötən çox çətin, mürəkkəb, həm də şərəfli 20 ilin məntiqi davamı, qanunauyğun nəticəsidir.
Qürurverici reallıqlardan biri də odur ki, cənab İlham Əliyevin həm Azərbaycanda, həm də beynəlxalq platformada real statusu Prezidentlik vəzifəsindən dəfələrlə üstün qəbul edilir. Onun daşıdığı missiyanın qlobal miqyası, ümumiyyətlə, hansısa vəzifəylə əlaqələndirilmir. Prezidentin dövlətimizə və xalqımıza, eləcə də dünyada sülhün təmin olunmasına verdiyi töhfələr, bəxş etdiyi tarixi nailiyyətlər, zəfərlər əsrlər boyu yaşayacaq və Azərbaycanın əbədi intibahının mükəmməl təməli olacaqdır.
Ən əsası, bütün tarixi şəxsiyyətlər kimi, cənab İlham Əliyev də məhz tarix yaradan, tarixdə əbədi yaşayacaq, Azərbaycana Zəfər bəxş etmiş möhtəşəm Liderdir!
Mahir HACIYEV,
YAP Göygöl rayon təşkilatı üzrə Heyvandarlıq Elmi Tədqiqat İnstitutu ərazi partiya təşkilatının sədri
Daha çox xəbər:
General Yücel Karauz: “İlham Əliyev hərbi bacarığı ilə Vətən müharibəsində qələbəni daha da sürətləndirdi”
Cənab Prezidentin verdiyi bütün vədlər gerçəkliyə çevrilir
Türk Dünyasından birlik arzusunu reallığa çevirən Liderə təşəkkür – TƏHLİL
Vətənpərvər Azərbaycan gəncləri
Deputat: “Prezidentin gördüyü işlər olduqca strateji əhəmiyyət kəsb edir”