Gündəm
13:35, 13 Kasım 2023

Ermənistan 10 noyabr razılaşmasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir


Məlum olduğu kimi, 2020-ci il 12 iyul döyüşləri xalqımızın 30 illik həsrətinə son qoyan möhtəşəm günün başlanğıcı və bu döyüşlər İkinci Qarabağ müharibəsinin başlanmasına bir qığılcım oldu. 27 sentyabrdan Qarabağ uğrunda döyüşlər başladı. Azərbaycan xalqı vahid bayraq altında yumruq kimi birləşdi. Ali Baş Komandan İlham Əliyev orduya döyüş əmri verdi və şanlı ordumuz torpaqlarımızı işğaldan azad etməyə başladı. Bu gündən etibarən Azərbaycan əsgəri gecə-gündüz demədən hər qarış torpağı uğrunda vuruşdu. 30 il həsrət çəkən xalq Azərbaycan əsgəri ilə bir oldu və arxa cəbhədə onlara dəstəyini, sevgisini əsirgəmədi. Artıq xalqın illərlə içində saxladığı ümid gerçəkləşməyə başladı. Artıq insanlar qarşıdan gələn bayramı Qarabağda qeyd edəcəklərinə inanırdılar. Çünki bu millətin güvəndiyi ordusu və əsgəri vardı.
İşğalda olan torpaqlarımız, kəndlərimiz, şəhərlərimiz strateji əhəmiyyətə malik olan yüksəkliklər ard-arda mənfur düşməndən təmizləndi. 44 gün içində illərlə masada həll oluna bilməyən məsələ Ali Baş Komandanın əmri ilə öz həllini tapdı. 28 il sonra Şuşa məscidində azan səsi eşidildi. İllər sonra üçrəngli bayrağımız Qarabağ səmasında dalğalandı, Azərbaycan xalqı birlik həmrəylik nümayiş etdirdi. Azərbaycanın haqq səsini bütün dünya duydu.
Mənfur düşmən Azərbaycan xalqını bezdirmək haqq yolundan döndürmək üçün dinc insanların yaşayış məntəqələrinə bombalar yağdırdı. Gəncə və Bərdə şəhərlərində insanlar qətlə yetirildi. Amma haqq işimizi davam etdirdik. Tarix sübut edir ki, bir ölkənin daxilində birlik varsa onun süqutu qeyri-mümkündür. İstər müharibə, istərsə də postmüharibə dövründə Azərbaycana təzyiqlər səngimədi. Hətta 10 noyabr 2020-ci il Bəyanatından sonra düşünüldü ki, Azərbaycan haqq işini yarıda buraxacaq. Məhz bu məqsədlə anti-Azərbaycan dairələrində vurnuxmalar BMT səviyyəsinə qədər daşındı. ATƏT-in "ölmüş" Minsk qrupunu ciddi cəhdlə diriltməyə də çalışdılar. Reallıq isə ondan ibarətdir ki, 30 ilə yaxın müddətdə ATƏT-in keçmiş Minsk qrupu Azərbaycanla Ermənistan arasında münaqişənin həllinə heç bir töhfə verə bilmədi. Əksinə, Azərbaycanın işğalla barışmasına ciddi cəhdlər edildi, münaqişənin müharibə yolu ilə həllinin qeyri-mümkün olduğu israrla bildirildi. Bəs 30 il boyunca heç bir işə yaramayan platformanın yenidən gündəmə gəlməsi kimlərə sərf edirdi? Məhz həmin məqamda bu xain cəhdin də qarşısı qətiyyətlə alındı. Azərbaycan özü BMT-nin 4 qətnaməsini icra etdi. Bu barədə Prezident İlham Əliyev dəfələrlə qətiyyətli və prinsipial mövqeyini bildirdi. Postmüharibə dövründə Xankəndi və ətrafında əbədi olaraq qalacaqlarını düşünənlər isə "Dəmir yumruq"dan öz nəsibini aldı. Separatçı xunta rejimi, Xocalı, Gəncə, Bərdə cəlladları vaxtilə bizimlə hədə-qorxu dili ilə danışırdılar. İddia edirdilər ki, onlar Bakıya qədər gələcəklər. Xarici havadarlarına güvənənlərin bu riyakarlığının son mərhələsi isə saxta "prezident seçkiləri" oldu. Əzəli torpaqlarımızı zəbt edənlər bu hərəkətlə bir daha ölkəmizin sülh çağırışlarını qulaqardına vurdular. Azərbaycanın humanist addımlarına möhtəkirliklə cavab verildi. Qüdrətli dövlətimiz isə sonacan reinteqrasiya çağırışı etdi, dinc erməni əhalisinin təhlükəsizliyini təminat altına aldı. Ərazi bütövlüyümüzün bərpa edilməsindən sonra bütün gözlər Xankəndi üzərinə cəmləndi. Lokal antiterror tədbirləri ilə Azərbaycan öz suverenliyini tam bərpa edərək paytaxtımıza qədər gəlmək istəyən "qonaqlar"ın arzusunu reallaşdırdı. İstintaq təcridxanasında qarşılanan xunta rejiminin "lider"ləri dövlətimizin ədalətindən öz nəsibini aldılar. Təkcə onlar yox, Xocalı, Meşəli cəlladları, xuntaçıların sponsorları da ələ keçirilənlər arasında idi. Bununla bir daha Azərbaycan sübut etdi ki, heç kim bizimlə hədə-qorxu dili ilə danışa bilməz.
Hadisələrin axarı onu sübut etdi ki, qüdrətli Azərbaycanın dövlət başçısı nəyi, nə zaman və necə etməli olduğunu yaxşı bilir. Ali Baş Komandanın bu devizi ilə "Dəmir yumruq" daha möhkəmləndi. Bu gün 100 ildən çox dövlətçilik tariximizdə ilk dəfə vahid, müstəqil, konstitusiya quruluşunu bütün ərazilərində bərpa edən Azərbaycana şahidlik edirik. Kənar təzyiqlərə rəğmən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mövqeyini, aydın və güclü siyasi qətiyyətliliyini bütün dünya gördü. Cənab Prezident vaxtında atılan diplomatik addımlarla Azərbaycana qarşı təzyiqləri neytrallaşdırır. Əgər, bundan sonra Ermənistan yenə də öz işğalçı siyasətini davam etdirəcəksə bunun cavabı artıq bəllidir. Hərbi və diplomatik Zəfərimiz bunu deməyə əsas verir ki, artıq bölgədə şərtləri Azərbaycan diktə edir.

Bəxtiyar Həsənov,
YAP Göygöl rayon təşkilatı üzrə 3 nömrəli “Magistral avtomobil yollarının istismarı” MMC ərazi partiya təşkilatının sədr müavini
Digər xəbərlər: