Gündəm
Dilarə Mövlayeva: Xalqın etimadını doğruldan Lider İlham Əliyev
Dünyanın ictimai-siyasi və sosial-iqtisadi mənzərəsi həm rəngarəng, həm də ziddiyyətlidir. Bir sıra ölkələrdə və regionlarda xaos-anarxiya, qarşıdurma-toqquşma, tənəzzül-böhran hökm sürür, mürəkkəb şərait və çətinliklər xalqların həyatına, dövlətlərin fəaliyyətinə ciddi təsir göstərir. Amma müsbət nümunə - inkişaf və tərəqqi örnəkləri də var. Cənubi Qafqazın lideri – regional güc mərkəzi olan Azərbaycan kimi.
Müstəqillik dövrünün, eləcə də son zamanların prosesləri və reallıqları göstərir ki, Azərbaycan dövləti müxtəlif qlobal kataklizmlərin yaratdığı hər cür mürəkkəb situasiyadan çıxmağa, öz inkişafını davam etdirməyə, istənilən şəraitdə xalqının təhlükəsizliyini təmin etməyə qadirdir. Çünki ölkəmizin Prezident İlham Əliyev kimi qətiyyətli, güclü siyasi iradəyə malik, xalqının və dövlətinin maraqlarını əzmlə, cəsarətlə müdafiə edən dövlət başçısı var. Azərbaycan ötən müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçib, bütün sahələrdə tarixi nailiyyətlər əldə edilib.
ATİAHİ Göygöl rayon komitəsinin sədri Dilarə Mövlayeva - Ümumiyyətlə inkaredilməz həqiqətdir ki, Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən parlaq səhifələri və həlledici məqamları məhz lider fenomeni və liderlik amili ilə əlaqədardır. XX əsrdə ikinci dəfə müstəqillik əldə edən Azərbaycan dövləti xalqımızın Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi sayəsində xaos və tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoyub. Ulu Öndərin xalqımız qarşısında müstəsna xidmətlərindən biri isə siyasi varisliyin təmin edilməsidir. Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyev Azərbaycanın möhtəşəm nailiyyətlər qazanaraq zirvələr fəth etməsinə müvəffəq olub.
Şübhəsiz ki, Azərbaycanın güclü – qüdrətli və nüfuzlu dövlət kimi ardıcıl müvəffəqiyyətlər qazanması, sabitlik adası, inkişaf diyarı kimi strateji hədəflərinə çatması, beynəlxalq münasibətlər sistemində söz sahibinə çevrilməsini təmin edən əsas amil xalqın öz liderinə dəstək verməsi, liderin isə milli mənafelərə adekvat siyasət həyata keçirməsidir. Qətiyyətli lider – müdrik siyasətçi olan Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Ona görə xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir”.
11 aprel 2018-ci il tarixində ölkəmizdə keçirilən Prezident seçkilərinin nəticələri də bu reallığı təsdiqləyib, xalq öz liderinə növbəti dəfə inam və etimad göstərib. Dövlət başçısı həmin seçkilərdən sonra andiçmə mərasimində qeyd edib ki, “Biz bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik”.
Beləliklə, cənab İlham Əliyev növbəti dəfə Prezident seçildikdən sonra verdiyi bütün vədlərə əməl edib, Azərbaycanı daha güclü və qüdrətli dövlətə çevirib. Bu isə xalqın Prezident İlham Əliyevə inamını və güvənini daha da artırıb. Azərbaycan xalqı həm də onunla qürur duyur ki, dünya miqyasında nüfuzlu siyasi xadim olan dövlətimizin başçısı İlham Əliyev öz fəaliyyəti ilə ölkənin təkcə sürətli inkişafını təmin etməyib. Onun ideyaları, əməli fəaliyyəti həm də bəşəriyyətin inkişafına vacib töhfələr verib. Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi qüdrətli Azərbaycan beynəlxalq əməkdaşlığın inkişafında, dünya miqyasında təhlükəsizliyin təmin olunmasında çox əhəmiyyətli rol oynayır. Xüsusi vurğulamaq gərəkdir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizin müasirləşməsini, respublikamızın simasının əsaslı dərəcədə dəyişməsini, dünya birliyinin layiqli üzvünə çevrilməsini təmin edib. Bu gün Azərbaycanın müxtəlif sahələrdə təcrübəsi hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərilir. Genişmiqyaslı islahatların aparılması, idarəetmənin səmərəliliyinin artırılması və digər mühüm addımlar Azərbaycanın uzunmüddətli inkişafını təmin edir.
Ən mühüm məqamlardan biri bölgələrin tarazlı inkişafının təmin olunmasıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və müvafiq tapşırıqları ilə qəbul edilən, icrası uğurla təmin olunan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının səmərəli nəticələri göz önündədir. Bu proqramların uğurlu icrası nəticəsində əhalinin məşğulluq səviyyəsi, iqtisadiyyatın rəqabətqabiliyyətliliyi artıb, insanların rifahı daha da yaxşılaşıb, müxtəlif sahələrdə inkişaf dinamikası sürətlənib. Əldə olunmuş nailiyyətlər gələcək inkişaf üçün də mühüm sosial-iqtisadi baza yaradıb. Bundan başqa, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması Azərbaycanın inkişafında yeni mərhələnin əsasını qoyub. Burada işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri aparmaq, yeni infrastrukturların yaradılmasına, sərmayələrin cəlb edilməsinə nail olmaq xüsusi yer tutur. Artıq bu prosesə başlanılıb, əsas infrastruktur layihələrinə start verilib. Heç şübhəsiz, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanı əsasında aparılan yeni bölgü və vahid proqram əsasında görüləcək işlər azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə edilməsinə imkan verəcək. Bu da bütövlükdə həm regionların sosial-iqtisadi tərəqqisinin yeni mərhələsinin başlanmasına, həm də Azərbaycan iqtisadiyyatının inkişafına əlavə təkan olacaq.
Dövlət başçısının bütün sahələri əhatə edən uğurlu strateji fəaliyyətinin nəticələri ilə əlaqədar digər bir sıra məqamlara xüsusi diqqət yetirmək lazımdır. Bunlardan biri Azərbaycanın sabitlik adasına və təhlükəsizlik məkanına çevrilməsidir. Nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycandakı təhlükəsizlik mühitini çox yüksək qiymətləndirirlər. Ölkəmizdə müxtəlif xalqların nümayəndələri sülh, əmin-amanlıq şəraitində mehriban birgəyaşayışa malikdir. Bununla yanaşı, siyasi dialoq prosesi, hakimiyyətlə müxalif partiyalar arasında təmasların yaradılması, fikir mübadilələrinin, müzakirələrin aparılması Azərbaycan Prezidentinin siyasi iradəsini əks etdirir. Dövlət başçısının iradəsi əsasında Prezident Administrasiyasında müvafiq struktur islahatlarının aparılmasından sonra siyasi partiyalarla iş sahəsində yeni mərhələ başlanıb, islahat xarakterli - siyasi sistemin inkişafına yönəlmiş mühüm addımlar atılır. Yeni siyasi partiyaların qeydiyyatdan keçməsi, partiyaların qərargahlarla təmin olunması, dialoq prosesinin sistemli şəkildə aparılması və digər faktlar bu reallığın tərkib hissəsidir. Bütün bunlar həm də siyasi birliyin və milli həmrəyliyin güclənməsinə əhəmiyyətli töhfələr verir. Biz bu gerçəkliyi Vətən müharibəsi zamanı gördük və hazırda da müşahidə edirik.
Digər məsələ milli maraqlara əsaslanan praqmatik və çoxvektorlu xarici siyasətin həyata keçirilməsi, Azərbaycanın qlobal siyasi arenada mövqeyinin möhkəmlənməsinə nail olmaqdır. Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş, nüfuzlu dövlət kimi tanınır. Azərbaycan 155 ölkənin dəstəyi ilə 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib, 2014-cü ildə Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edib, Qoşulmama Hərəkatına sədrliyi uğurla davam etdirir. Prezident İlham Əliyev dünya ölkələri və bütövlükdə bəşəriyyət üçün olduqca həssas bir dönəmdə çox mühüm təşəbbüslərlə çıxış edir, Azərbaycanın nümunəvi təcrübəsini bölüşür və liderlik keyfiyyətini nümayiş etdirir. Başqa sözlə, qətiyyətli liderin rəhbərlik etdiyi qüdrətli Azərbaycan qlobal taleyüklü məsələlərdə öz fəal rolu və liderlik missiyası ilə fərqlənir. Azərbaycanın həmrəyliyə və əməkdaşlığa xidmət edən təşəbbüslərinin beynəlxalq arenada yüksək qiymətləndirilməsi isə ölkəmizə, şəxsən Prezident İlham Əliyevin olan etimadın bariz nümunəsidir.
Heç şübhəsiz, tariximizin və müstəqillik dövrümüzün ən əlamətdar, zirvə hadisəsi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır. Ötən müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə öz hərbi qüdrətini və iqtisadi imkanlarını artıran, uğurlu diplomatik fəaliyyət həyata keçirən Azərbaycanın münaqişənin həllinə nail olması müstəsna tarixi hadisədir. Azərbaycan öz ərazi bütövlüyü ilə yanaşı, tarixi ədalətin və beynəlxalq hüququn bərpasına da müvəffəq olub. Ölkəmiz öz hərbi-siyasi gücü ilə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasını təmin edib, işğalçı Ermənistanın təcavüzkar siyasətini müdafiə edən, ikili standartlara əsaslanan ədalətsiz mövqe sərgiləyən dairələrə ədalət dərsi verib. Bu, həm də BMT tarixində bir ilkdir. Azərbaycan mürəkkəb beynəlxalq şəraitə və bir sıra təzyiq cəhdlərinə baxmayaraq, bir ölkənin öz gücü ilə işğal faktını aradan qaldıra və separatizmi məhv edə biləcəyi ilə bağlı nümunə yaradıb. Xüsusi vurğulamaq istəyirəm ki, bu Qələbənin əldə olunmasında xalq-iqtidar birliyi, dünya azərbaycanlılarının Ali Baş Komandanımızın ətrafında sıx birləşməsi və milli həmrəyliyimiz vacib rol oynadı. Azərbaycan xalqı, sözün əsl mənasında, vahid amal uğrunda dəmir yumruq kimi birləşdi, öz hədəfinə çatdı. Xalq-iqtidar birliyi, dünya azərbaycanlılarının həmrəyliyi öz sözünü dedi, bütün dünya, o cümlədən işğalçı Ermənistan və onun havadarları gücümüzü, qüdrətimizi gördü. Və bu gün işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, yeni infrastrukturun yaradılması həm tarixi Qələbəmizin möhkəmləndirilməsi, həm də ölkəmizin sosial-iqtisadi inkişafı baxımından çox mühüm əhəmiyyətə malikdir. Zəfər yolunun, Füzuli, Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının inşası, “Ağıllı kənd” konsepsiyası əsasında müasir yaşayış məntəqələrinin yaradılması və digər mühüm addımlar sosial, iqtisadi, siyasi və strateji önəm daşımaqla yanaşı, Böyük Qayıdışın ən yüksək səviyyədə təmin olunmasına vacib töhfədir. Nəhayət, şərtləri diktə edən qalib Azərbaycanın siyasi iradəsi və yaratdığı reallıqlar əsasında regionda yeni sülh, təhlükəsizlik və əməkdaşlıq mühiti formalaşıb. Xüsusilə də, kommunikasiya xətlərinin bərpası, yeni formatda əməkdaşlıq platformasının yaradılması həm Azərbaycan, həm də regionda bütün xalqlar və dövlətlər üçün mühüm siyasi-iqtisadi üstünlüklər vəd edir. Bu kontekstdə Zəngəzur dəhlizinin yaradılması da çox önəmli amillərdən biridir. Zəngəzur dəhlizi həm ölkəmizin yerləşdiyi regionda, həm də Asiyadan Avropaya doğru geniş məkanda yeni siyasi-iqtisadi mənzərənin formalaşmasına zəmin yaradacaq. Bu ərazidən keçən nəqliyyat xətti bir çox dövlətin əməkdaşlıq imkanlarını genişləndirəcək. Ən vacib məqamlardan biri yeni kommunikasiya vasitəsilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşməsi, Azərbaycanın əsas hissəsi ilə muxtar respublika arasında birbaşa quru əlaqəsinin yaranmasıdır.
Bütövlükdə isə, Azərbaycanın müəllifi olduğu yeni geostrateji reallıqlar bölgəyə rifah və inkişaf gətirəcək. Nəticə etibarilə, 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə dastanı həm də böyük Zəfər salnaməsidir. Əminliklə söyləyə bilərik ki, Azərbaycan bundan sonra da Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlər qazanaraq tarix yazacaq!
Nəticə etibarilə, çoxəsrlik tarixində heç vaxt indiki qədər qüdrətli olmayan Azərbaycan öz strateji hədəflərini ardıcıl olaraq reallaşdırır, dövlətimizin qüdrəti mütəmadi olaraq artır. Ona görə də Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Dünya azərbaycanlıları Azərbaycanın gələcək inkişafının məhz Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu əminliklə vurğulayırlar. Xalqımız hər bir azərbaycanlının Prezidenti olan, milli maraqlara əsaslanan çoxşaxəli fəaliyyəti nəticəsində söz ilə əməlin vəhdətini yaratmış Liderə - dövlət başçısı İlham Əliyevə tam güvənir, onun müstəqil Azərbaycanın gələcək tərəqqisi naminə zamanında qəbul etdiyi qərarların uğurlu icrası sayəsində ölkəmizin inkişafının davam edəcəyinə, xalqımızın firavanlığının və yüksək rifahının daimi olacağına inanır! Xalq-iqtidar birliyi, güclü milli həmrəylik isə ölkəmizin bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edəcəyini əminliklə söyləməyə imkan verir. Dövlət baışçısının qeyd etdiyi kimi, bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır: “Çünki Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Bu gün bu, həm siyasi gücdür, iqtisadi gücdür, xalq-iqtidar birliyidir, hərbi gücdür və bizim regionda oynadığımız müsbət roldur”.
Daha çox xəbər:
Azərbaycan xalqının Qurtuluş Günü
İlham Əliyev: “Türkiyə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi böyük uğurla həyata keçirəcək”
İlham Əliyev: “Sədrliyimiz dövründə Türk dünyasını, Türk Şurasını gücləndirmək üçün əlimizdən gələni etdik”
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsi Meksikada anılıb (FOTO)
Güclü Azərbaycan naminə