Gündəm
Heydər Əliyev və dil mədəniyyətimiz
6 noyabr 1996-cı il tarixində keçirilmiş Türk dünyası yazıçılarının III qurultayında nitqində Ulu Öndər Heydər Əliyev demişdir: "Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilərik".
Hər bir xalqın, hər bir millətin var olmasının ən başlıca səbəbi özünəməxsus dilinin olmasıdır. Biz də fəxrlə deyə bilərik ki, bir xalq kimi zamanın bütün sınaqlarından ləyaqətlə keçərək dilimizi, mənəvi dəyərlərimizi qoruyub bu günümüzə qədər gətirib çıxara bilmişik. Bizim dərin tarixi kökləri olan dilimiz, mədəniyyətimiz və öz tariximiz var və qürurluyuq ki, bu dildə danışan 50 milyondan çox həmvətənimiz dünya mədəniyyətinə böyük şairlər, yazıçılar, alimlər, siyasətçilər və dahilər bəxş etmişdir.
Dil mədəniyyətinə münasibət barədə Ulu Öndər deyir: "İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu onun müqəddəs vətəndaşlıq borcudur". Heydər Əliyev bu dahiyanə fikri ilə dili əyilməzliyin, ölməzliyin simvolu sayır, onu milli sərvət adlandırır, bu müqəddəs mirasın babalarımızın əmanəti olduğunu, qorunmasını isə vətəndaşlıq borcu hesab edir.
Ulu Öndər dil məsələsində mövqeyini hələ Azərbaycan Konstitusiyası hazırlanmazdan əvvəl, SSRİ Konstitusiyası barədə cəsarətlə söylədiyi fikirlərində bildirmişdi. Azərbaycanın rəhbəri SSRİ Konstitusiyası haqqında danışarkən xüsusi vurğulayırdı ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Belə mövqe, əslində, dil məsələsi ilə bağlı gözlənilən təhlükənin qarşısını almaq, çətin şəraitdə ana dilinin dövlət dili statusunu qorumaq məqsədı güdürdü.
Hələ respublikanın SSRİ-nin tərkibində olduğu vaxtda, 1978-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edilərkən Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdir. Rus dilinin hakim dil olduğu Sovetlər Birliyi dönəmində buna nail olmaq qeyri-real görünürdü, lakin Heydər Əliyev dühası və cəsarəti bu məsələdə həlledici rol oynadı. Burada xüsusi vurğulamalıyıq ki, Sov.İKP MK-nın bu sahəyə məsul olan katibi Azərbaycan dilinin dövlət dili kimi Konstitusiya layihəsinə salınmasına etiraz edirdi. Hətta bəzi müttəfiq respublikaların rəhbərləri də bu məsələdə Heydər Əliyevə qarşı idilər. Lakin Heydər Əliyev L.İ.Brejnevə problemi əhatəli, dərin məntiqi ilə əsaslandırır və bu məsələni Azərbaycan xalqının xeyrinə həll edir. Azərbaycan dilinin Konstitusiya layihəsində əksini tapması ilə yanaşı, bu layihənin 73-cü maddəsində yazılan, hüquqi cəhətdən SSRİ-nin federativ dövlətdən unitar dövlətə keçməsinə zəmin yaradan "SSRİ qanunları Azərbaycan SSR ərazisində məcburidir" maddəsi də layihədən çıxarılır.
2 aprel 1978-ci ildə IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan SSR-in Konstitusiya layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddə yeni redaksiyada verilir: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir". Heydər Əliyevin bu təşəbbüsü 21 aprel 1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur.
Heydər Əliyevin ana dilinə münasibətində Azərbaycan ədəbi dilinin saflığının qorunması və inkişaf etdirilməsi xüsusi yer tuturdu. Ümummilli Lider ana dilinin saflığına çalışaraq bunu alim, şair, yazıçılardan, bütövlükdə, ziyalılardan qətiyyətlə tələb edirdi. Azərbaycanın rəhbəri, hətta rəsmi toplantılarda bu məsələ barədə öz prinsipial mövqeyini açıq-aydın, birbaşa bildirirdi.
Azərbaycan dilinin inkişafından, qorunmasından danışarkən Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi zamanı dil məsələsinə necə həssaslıqla yanaşmasının bir daha şahidi olduq. Məhz Konstitusiyanın dillə bağlı maddəsinin televiziya ekranlarından canlı yayımda ziyalıların iştirakı ilə müzakirə edilməsi də bunun bariz nümunəsi idi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman imzalamışdır.
Bütün sahələrdə olduğu kimi, Heydər Əliyevin uğurlu siyasi varisi Müzəffər Ali Baş Komandan İlham Əliyev bu strategiyanı davam etdirir. Ölkə başçısının "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 1 noyabr 2018-ci il tarixli fərmanı ana dilimizin inkişafına dair mühüm əhəmiyyət kəsb edən vacib sənədlərdən biridir.
Günel Orucova,
Salyan şəhər 2 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi
Daha çox xəbər:
Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir
Azərbaycançılıq ideologiyasına xidmət edən siyasət
Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ulu Öndər Heydər Əliyevin cəsarətli mövqeyi.
Ana dilimiz dünyada yaşayan bütün azərbaycanlıları birləşdirən, yaxınlaşdıran, əlaqələrini möhkəmləndirən ən güclü mənəvi bağdır
Dilimiz milli-mənəvi sərvətimizdir