Gündəm
Qlobal Bakı Forumu beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə töhfə verir ŞƏRH

XIII Qlobal Bakı Forumu bu il də ölkəmizin paytaxtını beynəlxalq dialoq və fikir mübadiləsi mərkəzinə çevirib. Dünyanın müxtəlif regionlarından dövlət və hökumət başçıları, sabiq prezident və baş nazirlər, beynəlxalq təşkilatların rəhbərləri, alimlər və ekspertlər forumda iştirak edərək qlobal təhlükəsizlik, enerji əməkdaşlığı və yeni dünya nizamı kimi aktual məsələləri müzakirə ediblər.
Bunuaçıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.
Onun sözlərinə görə, Qlobal Bakı Forumu artıq beynəlxalq səviyyədə fikir mübadiləsi və ortaq həll yollarının müəyyən edilməsi üçün mühüm platforma kimi tanınır. Hər il keçirilən forumlar göstərir ki, Azərbaycan yalnız tolerant və multikultural dəyərlərin təşviqi baxımından deyil, həm də qlobal çağırışları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq baxımından önəmli rol oynayır.
Deputat bildirib ki, Prezident İlham Əliyev açılış mərasimində Forumun əhəmiyyətini xüsusi qeyd edib. Dövlətimizin başçısı çıxışında bildirib ki, Qlobal Bakı Forumu artıq qlobal gündəlikdə duran mühüm məsələlərin müzakirə olunduğu aparıcı beynəlxalq platformalardan birinə çevrilib. Prezident İlham Əliyev, həmçinin enerji təhlükəsizliyinin dövlətlərin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olduğunu vurğulayıb.
“Forum çərçivəsində enerji, nəqliyyat və logistika sahəsində Azərbaycanın beynəlxalq əməkdaşlıq imkanları geniş şəkildə müzakirə olunub. Azərbaycan qazı artıq 16 ölkəyə çatdırılır və ölkəmiz enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş kimi tanınır. Eyni zamanda, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində Azərbaycanın rolu regional və qlobal əməkdaşlığı gücləndirir. Forum, həmçinin təhlükəsizlik, sabitlik və qarşılıqlı etimad məsələlərinin müzakirəsi üçün mühüm platformadır. Regionda və dünya üzrə baş verən geosiyasi proseslər göstərir ki, sabitlik və təhlükəsizlik təmin olunmadan digər sahələrdə davamlı inkişaf mümkün deyil. Qlobal Bakı Forumu dövlətlər arasında dialoqun genişləndirilməsi, ortaq yanaşmaların formalaşdırılması və beynəlxalq hüquqa hörmətin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır”, - deyə Vüqar İskəndərov diqqətə çatdırıb.
O əlavə edib ki, Forum çərçivəsində Azərbaycanın təcrübəsi və həyata keçirdiyi strateji layihələr, xüsusilə enerji və nəqliyyat sahələrində beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə və sülhün təşviqinə xidmət edir. Prezident İlham Əliyev çıxışında da bildirib ki, forum qlobal problemlərin təhlili və ortaq həll yollarının müəyyən edilməsi üçün mühüm platformadır.
“XIII Qlobal Bakı Forumu bir daha təsdiqləyir ki, Azərbaycan beynəlxalq səviyyədə mühüm dialoq mərkəzi kimi çıxış edir, müxtəlif tərəfləri bir araya gətirərək qlobal əməkdaşlığı gücləndirir və sabitlik üçün birgə addımların atılmasına imkan yaradır”, - deyə Milli Məclisin deputatı vurğulayıb.
Daha çox xəbər:
İlham Əliyev: “Azərbaycan humanitar əməkdaşlıq üçün mühüm məkana çevrilib”
Prezident İlham Əliyev Pekində 2-ci “Bir kəmər, bir yol” Forumunda iştirak edir
"Azərbaycanda daim dini tolerantlıq hökm sürüb" - Prezident
İlham Əliyev: “Qoşulmama Hərəkatı beynəlxalq arenada mühüm rol oynayır”
Litva və Azərbaycan strateji tərəfdaşdırlar
